Nizami Süleymanoğlu

...6 yaşında 1-ci sinfə gedəndə elə zənn edirdim ki, orta məktəb fənn, ali məktəb, institut isə telepatik təzahürlər (fikirötürmə-qəbuletmə və sairə) üçündür. Erkən anladım ki, yanılmışam. Orta təhsil əvvəldən sona qədər məni qane etmədi. Əlaçılıq da mənə görə adi hal idi. Telepatiya-paranormal olaylar və sairə fərqli hallar, halüstü hallar, şüurlar haqqında kitablarım yox idi. O zamankı sovet mühitində belə kitablar müstəsna gizlilikdə, nəzarətdə idi. Əlacım ona qaldı ki, özüm-özümdən öyrənib.

Min bir telepatik təzahüratlar, bəzən də, ara-sıra paranormal hadisələr yaşayırdım. Bəd-xoş hadisələri öncədən hiss edir, sezir, misra, şəkil, sözlə xəbərdar edilirdim. Əvvəl elə bilirdim ki, bütün uşaqlar mənim kimi olur. Sonra dərk etdim ki,  belə deyil. Mənə “dəli”, “cinbala” damğasını da elə uşaqlıqda vurdular. Hirslənirdim, sonra xəbərdar edildim ki, həqarət edənlər fərqliliyi təsdiq edir. Gülümsədim... “Dəliliyə” və “cinliliyə” marağım artdı. Birincilərdə fərqli şüur hallarını aşkarladım. İkincilərdə isə gözəgörünməzliyi, bilinməzliyi, sürətliliyi və sairələri... Lazımsız qorxu hisslərindən arındım, təmizləndim. Şəhərimizin “dəliləri” xətrimi elə uşaqlıqdan istədi. Düşüncədə, hərəkətlərdə sürətliliyi də sanki cinlərdən öyrəndim. Az vaxtda çox işlər görə bilirdim. Uşaqlığımın, yeniyetməliyimin bərəkətləndirildiyini hiss edirdim. “Drujba”- odundoğrayan motor ideyasını atama yuxu vasitəsi ilə verdim. Yeniyetməliyim, gəncliyim Hadrut meşələrində atamla birgə odun doğramaqla, kəsməklə müşayiət olundu. Min bir gözəlliklər yaşadım... Yoxsulluqdan qurtulduq. Pis o idi ki, məni qismən atam istisna, nə ailədə, nə məhlədə, nə də şəhər mühitində anlamadılar. Bu gerçəklikdən təkliyə çəkildim, ancaq erməni meşəbəyləri nəinki məni üstün tutdu, hətta atamla da dostlaşdılar. Sonra Martunidən (Xocavənd) şərab zavodunun direktoru Arsonu mənə kirvə etdilər. Gözəl insan idi. Milliyyətə deyil, insanlığa, böyüklüyə önəm verənlərdənəm. Erməni mühitinin çox sirrini bildim. Bütün meşələrdə marixuana, narkotik plantasiyalarına qədər. Heç vaxt heç yerdə dilə gətirmədim, hətta atama da demədim.

Ziddiyyətimiz Qarabağ mövzusunda olurdu. Məni hətta ermənilərin ağıllı adamları da müdafiə edirdi. 7 mağaza müdiri oldum Füzulidə. Kasıb həmyerlilərimə və bizə sayğı duyan ermənilərə həmişə hörmətlə yanaşdım. Ziyarətlərinə həmişə getdim meşəbəylərin.

İnformasiyalardan və gərginlikdən çox yorulurdum. İllah da ailəmizdə olan anlaşılmazlıqlardan... Nəhayət, içkiyə başladım və informasiya qəbulundan imtina etdim. Bu ən azı 40 il sürəcək çox böyük, dəhşətli səhvim idi. Görəvdən imtinanın ağır cəzalandırılacağı xəbərdarlığını almışdım əlamətləriylə. Ancaq Qarabağın, Füzulinin əlimizdən alınacağı məni həqiqətən dəliyə çevirirdi. Nəhayət, 1981-ci ildə şəhərin mərkəzi küçələrində ağ divarlara gecələr kömürlə yazdım ki, Qarabağ işğal olunacaq. Moskva Bakıya, Bakı Füzuliyə ciddi təsir göstərdi. Üç ay KQB yazı müəllifini axtardı. Uzun haqq-hesabdır. Gündüz mağazamı işlədir, gecələr isə içirdim. İçməyim İlahi Görəvdən imtina üçün idi. Nəhayət bilə-bilə həbs olundum. 4 ilə qədər həbs həyatı yaşadım. Füzuli, Şuşa, Bakı, Rusiya həbsxanaları güzargahlarım oldu. Kriminal dünyanın şəxsiyyətləri Vaçkos, Tofiq Əhmədov, Gəncəli “Vağzallı” Rasim, Bakılı dərin insan, avtoritet Mehranqulu oğlu Ənvərlə dostluq münasibətlərim oldu. Həbs həyatının dərinliklərinə daldım. Kitab oxudum, xəttatlığı öyrəndim, incəliklərini mənimsədim, Füzuliyə dönəndə şəhərin lap mərkəzində 150 min dollarlıq xəttat, hədiyyə, qravüra, tərtibat, geyimlər mağazasını açdım. Şəxsi idi. Müharibə başlayanda Xalq Cəbhəsinə üzv olmadım. Ancaq bu quruma kömək etdim. Rayonda xalq kəşfiyyatı özəyi yaratdım. Həftəlik hesabat verdim yazılı. Müharibəni 7 il öncədən deyən adam hakimiyyətə kimin gələcəyini də bilməmiş olmazdı. Elçibəyi telefonla dəvətlə Füzulidə qəbul etdim. Çox mətləblər anlatdım ona. Başım çox qarışdı. Yüzlərlə fikir əməliyyatları keçirdim. Siyasi, ideoloji, hadisələrin nəinki ortasında oldum. Hətta onları açıqlayıb, öncədən xalqa anlatdım. 150-ə qədər erməni dinc əhalisini, hətta bərk gedənlərini, ölüm-itimin, işgəncənin əzablarından qurtardım. Onlardan da çox xüsusən Füzulidən və Azərbaycanın çox yerindən olan insanları. Başım o qədər qarışdı ki, Füzuli İcra Hakimiyyətinin və şəhər sovetinin komisyon maqazinimə borclu olduğu 200 min manata qədər dolları, pulu 1991-93-cü illərdən almağa cəmi 2 gün vaxt sərf etmədim. Bu da bir səhv idi. Ancaq ortada dəhşətli səbəb vardı. Bunu nə vaxtsa deyəcəyəm...

İnsan niyyət edəndə kainat sistemi onu niyyəti istiqamətində çalışdırır. Mən də xalq kimiyəm. Xalqımız Vətən, dövlət bir yana, hətta xalqlılığından da özü üçün istifadə edə bilmir. Əksinə, sui-istifadələr yaradır. Sevgini, sayğını layiq olmayanlara sərf etmək doğru deyil. “Keçmiş olsun” ifadəsi bir az təsəllivericidir. Ömrü cahillərə, cahilliyyətə sərf etmək də hardasa bir cahillikdir. Yalan niyə yazım? Əlimdən gələni etdim, içimdən gələni də yazıram, keçmişi dəyişmək olmur. Keçmişdəki baxışlarımı dəyişməyə, ən azı onlara korrektələr etməyə məcburam. Qarabağ müharibəsi başlamazdan öncə uşaqlıqdan Qarabağ dərdi ilə yaşadım.

QARABAĞ VƏ DİGƏR PROBLEMLƏRDƏN ÖNCƏ AZƏRBAYCANIN, SÖZDƏKİ TÜRK DÜNYASININ ŞÜUR PROBLEMİ HƏLL OLUNMALIDIR. Xəyal edilən hər şey gerçəkləşə bilər. Qədər, qismət, nəsiblənmə, çalışmağa, zəhmətə, xüsusən şüura aşiqdi. Xalqla həmdəm olmayanlar xalqın ruhunu duya bilməz. ƏN DƏHŞƏTLİ QUDURĞANLIQ PUL-PARA QUDUZLUĞUDUR.

...Səmadan ərzə, yer kürəsinə informasiya, bilik axını olur. Zaman zamanları (olacağı olmuşların) xəlbir-ələyindən, analizindən keçirib ip ucları ilə, izlərlə getməyi təlqin edir. İçi boş adama sezgi, ilham, informasiya, əlamətlər, işarətlər gəlməz. Hətta gəlsə belə anlamaz. Hər sahənin adamına görə gələn informasiyaların hansı məqsədlə işlənəcəyi kosmik ötürmədə nəzərə alınır. Bu gerçək də insan beynində kosmik əlaqədə bir neçə xəbərləşmə, informasiya kanalının mövcudluğunu göstərir. Kainatın, sistemin informasiya əlaqəsidir bu. İdrakı açıq olanlar alar. İnsanlar həqiqətən fərqli substansiyalardan, kanallardan məlumatları qəbul edir. Sezgi, informasiya qəbulu, əlamət, işarətlər mənəvi aləmə açıq olmayanlar üçün deyil ki, onları təhlil də edə bilələr. Cəmiyyətdə əxlaqi aşınma artdıqca sözügedən əlaqələr, informasiyalar, ötürmələr də azalır. Çünki insanlıq keyfiyyəti, frekanslar aşağı düşür. Bu ümumiliyə aid məsələdir. Daşıyıcılar diqqət edər. Əsk halda özünü xərcləmiş xalq(lar) gəncliyini, yeni nəslini də xərcləməyə məhkum hala gələr. Aşınma şiddətlənər. Qorxunun hakim olduğu cəmiyyətdə kütləvi psixoloji qorxu, vahimə mənəvi terror effekti yaradar. Qorxular fərqlidir, qorxudan istifadələr də... Qorxunu özgüvənlə dəyişmək vacibdir. Çünki qorxu qaldıqca qorxulan hallar da nəinki qalacaq, hətta artacaq. QORXU ZÜLMÜ KÜTLƏVİ HALA ÇEVİRİBSƏ, MÜBARİZƏ DƏ KÜTLƏVİ OLMALIDIR. Yəni xalq xəstədirsə, həkimi də özü olmalıdır. Allahın şəfi ismindən şəfa gələr.

Bərəkət umana, hərəkət lazım,

Bu ata sözüdür, daha nə yazım?

Zamanlararası və hər zamanda ünsiyyət, əlaqə vasitəsidir söz. SÖZ KODDUR, andlaşma və anlaşma yaradır. Atalar hikmətli sözlər ilə məhrumiyyətləri düşünərək, xilas yollarını hikmətli sözlərdə daşlaşdırıb. Əməl lazım. Unutmayın, kainat sistemi xalqın haqlı istəklərinə uyğun cavab verməyə hazırdır. Yetər ki, israrlı istək və istəyə uyğun hərəkət ola.

Hərbi prokurorluq önündə Azərabycanın simvoluna çevrilən ağbirçək Validə ananın, həmçinin bütün qadınların cəsarətindən kişilər ibrət almalıdır. İZDİHAM - yaradanda izdiham maqnetizmi ilə xalq haqlı istəklərini gerçəkləşdirə bilər. Kainata toplu, səfərbəredilmiş enerji yayanda SİSTEM mütləq cavab verir. Bu qanunauyğunluqdur. Hər insan yerdən göyə antennadır. Biri var insanın yerdən göyə tək antenna olması gerçəyi, biri də var kütləvi, izdiham antennalığı... Kütləvi antenna təbii ki, daha güclü olar. “Oxu!” əmri yalnız kitablara aid deyil. Kainatdakı sistemin işləyiş şəklini oxumaq vacibdir.

Əziz Azərbaycan xalqı. Ölkə rəhbəri “SİQNAL VERİN” ifadəsində əslində çıxış yolunu göstərib. Sənə də kütləvi siqnal verməkdən, XALQ GÜCÜ İLƏ OYNAMAQDAN BAŞQA YOL QALMAYIB...

Kaş rəhmətik Elçibəy Kələkiyə gedən gecə bunu sənə televiziya ilə deməsə də, heç olmasa radio ilə deyəydi... Kütləvi inamı sehrləyib özündə toplayaraq sonda yanlış addım atanda xalq nəinki büdrəyir, hətta yıxılır da. Xalqın və insanların istənilən mürəkkəb məsələni başdan sona izləmə, və doğru analiz etmə qabiliyyəti olmalıdır ki, taleyi ilə oynaya bilməsinlər, hiylə ilə aldatmaq imkanları olmasın.

İnsanların nə yazıq ki, tələ yemini qamarlamaq xisləti var. Günahların nələrdən ibarət olmasının cavabında tarix gerçəyi dəli kimi sevər.

Xalq uşaq kimi məsum olur. Xalq problemlərinin həllini üzərinə götürdüyü insanın həsrətini çəkər. Rəhmətlik Heydər Əliyev həsrət kartını vəd anonsları ilə lehinə çevirmişdi... Bundan öncə də kadrlarını...

...Vətən millət üçün onilliklər uzunu məşəqqətli zəhmətlərin bəhrəsi sonda məhrumiyyətlərlə dolu ömür olsa da, Vətənə, xalqa sevgidən, xidmətdən peşimanlıq duyulmaz. Şəhidlərin şəhidliyi ibrətlərlə dolu...

SONDA

2015-ci ildə “Uzaqları yaxından görənlər” (Yəhudilər) kitabını yazmağımda səbəblər, məqsədlər xeyli idi. Vibrasiya yaratdım və davam etdirdim. Yəhudiliyə münasibətləri araşdırdım, hələ təqdim etməmişəm. Atamın vəsiyyətini gerçəkləşdirdim. 7 ildir ki, heç bir təmənnada olmadım. Sevginin təmənnası olmur. Bir gizli məqsədim də vardı ki, nə vaxtsa Yəhudi dünyasından bir xahiş etməyə cüzi də olsa haqq qazana bilim. Xalqımın dərdini deyim. İndi qismən deyirəm: Xalqımız ilə hakimiyyətimiz arasında anlaşma umuram. Mən şairəm, inqilabçı deyiləm...

Nə isə...

20 yaşıma qədərki yoluma yeni tərzdə dönmək niyyətindəyəm. Həzrət Xızır gerçəkliyindəki qavrayışlarımı Nikola Tesla varlığında telepatik sintezlərlə birləşdirərək “Uzaqları yaxından görənlər”i (Yəhudilər) dünya gedişaatına uyğun tamamlamağa istəkliyəm. Həyatımın sonuna qədər yaradıcı potensialımı bu istiqamətə həsr etməyi düşünürəm. İkilik hikmətli, fəlsəfi misralarım və alleqoriyalarım çoxdan da çox. Dahilər dahisi Teslanın enerji, frekans, titrəşim anlayışlarını cüt misralarda yerləşdirirəm. Çətindir, mümkünsüz deyil, məncə yalnız türk deyil, poetik dünyada bir ilk olacaq. MOTİVASYONUM YƏHUDİ DÜNYASINA İDENTİFİKASİYAMDIR. 

P.S. Növbəti yazıda “SİMVOL”dan, Həzrət Xızırla dahilər dahisi Tesla sintezindən, Mesaj janrından və digər özüməxas yeniliklərdən söz açmağı düşünürəm. Fərdi yeniliklər yolunu  ideoloji ixtilaflardan uzaqlaşmaqda altetnativ, məcburi seçim kimi gördüm. ƏLVİDA, İXTİLAFLAR CƏNGƏLLİYİ!     

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN