Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Rusiya qazın qiymətinin yüksək olmasında maraqlı deyil.

Novak bunu “Anadolu” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırkı mövqe bərpa olunan enerji (BOE) mənbələrinin tətbiqinin sürətləndirilməsi ilə bağlıdır.

“Biz yüksək qiymət istəmirik, çünki qiymətlər yüksək olarsa, alternativ bərpa olunan enerji mənbələrindən daha tez istifadə olunmağa başlaya bilər”, - deyə Baş nazirin müavini vurğulayıb.

O, hazırda Rusiyada qazın min kubmetr üçün qiymətinin, təxminən 70 dollara olduğunu bildirib. Həmçinin əlavə edib ki, "İndi Avropada BOE-dən alınan enerjinin dəyəri qazdan alınan enerjidən 4 dəfə ucuzdur".

Novak onu da qeyd edib ki, Rusiya qazın qiymətinin aşağı salınması üçün heç bir perspektiv görmür.

Xatırladaq ki, Rusiya 2021-ci ildə Avropa və Türkiyəyə 185,1 mlrd. m3 qaz ixrac edib. Qazın ortalama qiyməti hər 1000 m3 üçün cəmi 274 dollar təşkil edib.

Bu il Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən və Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan sonra Avropada qazın qiyməti dəfələrlə bahalaşıb.

Hətta Rusiyanın “Qazprom” şirkəti qazın nəqlini 3 gün müddətinə dayandırdıqdan sonra  - avqustun 26-da Avropada qaz fyuçerslərinin qiymətləri mart ayından bəri ilk dəfə olaraq min kubmetr üçün 3500 dolları ötmüşdü.

Sentyabrın 2-də  isə “Qazprom”  “Şimal axını” boru kəməri ilə qaz nəqlini qeyri-müəyyən müddətə tamamilə dayandırdığını elan etdi və bunu boru kəməri kompressorunun hissələrində yağ sızmasının aradan qaldırılması üçün avadanlıqların dayandırılmalı olması ilə izah etdi.

Daha sonra Kremlin sözçüsü Dmitri Peskov etiraf etdi ki, “Şimal axını” ilə təchizatın dayandırılması ilə bağlı vəziyyət yalnız anti-Rusiya sanksiyaları ilə bağlıdır.

Həmçinin qeyd edək ki, oktyabrın əvvəlində Aİ Rusiyaya qarşı 8-ci sanksiyalar paketini təsdiq edib.

Yeni sanksiyaya əsasən, Rusiyadan 7 milyard avro dəyərində mal ixracına qadağa qoyulub. Həmçinin bundan sonra Rusiya neftini üçüncü ölkələrə  istədiyi qiymətə də sata bilməyəcək. Çünki neftin satış qiyməti üçün müəyyən edilmiş hədd qoyulur...

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN