Bütün qorxulara, hədələrə baxmayaraq, Avropada təbii qazın qiyməti ucuzlaşıb, həm də 1400 dollardan da ucuza satılır.

Halbuki payızın gəlişi ilə qiymətlərin kəllə-çarxa qalxacağı gözlənilirdi.

***

Bu gün – oktyabrın 17-si səhərdən Avropada qazın birja qiymətləri 1000 kubmetr üçün 1340 dollara düşüb. Bu,  iyunun 24-dən bəri ilk dəfədir ki, baş verir.

 London ICE birjasının məlumatına görə, bazar ertəsi səhər Avropada maye qaz qiymətini 6%-dən çox itirib: TTF ((Title Transfer Facility) indeksi üzrə fyuçers müqavilələri demək olar ki, 6,4% ucuzlaşaraq 1000 kubmetr üçün 1333 dollara düşüb.

Avropada qazın qiymətinin aşağı düşməsi regionda hələ də kifayət qədər isti hava şəraiti və yeraltı qaz anbarlarının  (YQA) yüksək səviyyədə dolu olması səbəbindən bazarın sakitləşməsi ilə bağlıdır. Gas Infrastructure Europe-a assosiasiyasına görə, hazırda YQA-lər orta hesabla 91,85% doludur.

Avropa mayeləşdirilmiş təbii qaz terminalları (MQT) oktyabr ayında təxminən 63% tutumla işləyir (sentyabr və avqustda 59%). Oktyabr ayında Avropaya MQT idxalı 11,5 milyard kubmetrə çata bilər ki, bu da tarixin ən yüksək dəyərlərindən birini göstərir.

***

 Budur, sanki təbiət də insanların vəziyyətini düşünərək, soyuq hava kütlələrini Avropadan yan keçirir. Və təbii qazı daha sərt qış ayları üçün qənaət etməyə imkan yaradır… Həmçinin Avropa ölkələri də vaxtında tədbirlərini görərək, qaz anbarlarını doldurublar. Bir müddət əvvəl, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen  bildirib ki, Avropa İttifaqı səviyyəsində biz mənbələri şaxələndiririk, enerjiyə qənaət edirik - qaz anbarımız artıq 80% doludur. 

Xatırladaq ki, sentyabrın 2-də Rusiyanın “Qazprom” qaz şirkəti “Şimal axını” boru kəməri ilə qaz nəqlini qeyri-müəyyən müddətə tamamilə dayandırdığını elan etdi. Şirkət bildirdi ki, boru kəməri kompressorunun hissələrində yağ sızması aşkar edilib və sızma aradan qaldırılana qədər avadanlıqlar dayandırılmalıdır.

 Daha sonra “Şimal axını 1” boru kəməri ilə Rusiyadan Avropaya qaz nəqli tamamilə dayandırıldı.

Baş verənlərdən sonra Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məsələnin əsl məğzini izah edərək bildirib ki, “Şimal axını” ilə təchizatın dayandırılması ilə bağlı vəziyyət yalnız anti-Rusiya sanksiyaları ilə bağlıdır.

Peskov açıqlayıb ki, qaz nəqli ilə bağlı poblemlər Almaniya və Böyük Britaniya da daxil olmaqla, Qərb dövlətlərinin Rusiyaya və bir sıra şirkətlərə qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən yaranıb.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN