...SSRİ dağıldıqdan sonra ərazisinin 20 faizi işğal edilmiş və bütün iqtisadi, inzibati, dövlət strukturları dağılmış, dörd tərəfdən düşmən dövlətlər tərəfindən blokadaya alınmış Azərbaycan çox qısa müddət ərzində toparlanaraq,

ölüm yatağından ayağa durub öz ərazilərini işğaldan azad etdi. Əlbəttə ki, bütövlükdə Azərbaycan xalqının dözülməz əzablara və mərhumiyyətlərə mərdliklə sinə gərərək bütün bunlara dözməsini unutmamaq şərtilə. Bunun üçün ilk növbədə Bakı-Ceyhan kəməri, Bakı-Tiflis-Qars dəmir yolu vasitəsilə Azərbaycanın strateji iqtisadi blokadanı yara bilməsi əsas amilə çevrildi.

 Ötən 30 il ərzində tədricən, çətinliklə də olsa, ölkədə müəyyən iqtisadi, inzibati, ictimai strukturlar formalaşmış oldu. Azərbaycanın bu tarixi kəsimində düşdüyü fəlakətli vəziyyətində formalaşan bu iqtisadi, inzibati, hüquqi, digər ictimai sistemlər və dövlət piramidasının varlığı, yaranmış bu durumdan çıxmaq üçün yeganə yol, vasitə olmasa da, son nəticədə ölkənin əsas problemi olan zəbt edilmiş ərazilərin azad edilməsi ilə nəticələndiyindən öz mövcudluğuna haqq qazandırmağına iddialı ola bilər. Praktiki olaraq bu gün işğal olunmuş ərazilərimizi azad etsək də, istər ermənilər, istərsə də Cənubi Qafqazda ağalıq etmək niyyətində olan yaxınlı-uzaqlı türk düşmənləri həm beynəlxalq, həm də ölkə daxilində olan vəziyyətdən yararlanıb, Azərbaycanı diz çökdürmək niyyətindən əl çəkmir və çəkməyəcəklər də. Bu həyatın obyektiv qanunu olub, əbədi davam edəcək bir prosesdir.

 Xarici düşmənlərimizə dəyişkən iqtisadi, hərbi, siyasi proseslərə az-çox operativ nəzarət edib, hər bir situasiyaya uyğun qərar qəbul etməklə, gözlənilən düşmən zərbələrindən qorunmağa müəyyən imkan verən iqtisadi, hərbi, siyasi potensialımız var. Bundan əlavə, arxamızda Türkiyə, Türk Dövlətləri Təşkilatına daxil olan türk dövlətləri və Pakistan, İsrail kimi dayağımız mövcuddur. Ən təhlükəli amillər isə ölkənin daxilindədir. Bir tərəfdən 30 il davam edən və əhalinin əksəriyyətini ehtiva edən işsizlik, Tehranın molla rejiminin bu fürsətdən sui-istifadə edərək ölkədə əhalinin çarəsiz durumda olan qismindən, şiəlik, narkotika alveri sırımaqla yaratdığı silahlı, silahsız, terror və narkotik vasitələr alveri ilə məşğul olub, hər anda dövlətə qarşı istifadə edilə biləcək mütəşəkkil şəbəkə mövcuddur.

 Bu isə o deməkdir ki, müstəqil Azərbaycan dövlətinin düşmənləri olan xarici dövlətlərin hər hansı birinin ölkə daxilində ciddi silahlı və ya silahsız qarşıdurma yarada bilməsi üçün zəruri olan müəyyən insan kütləsi artıq mövcuddur və bu kütlənin sayı heç də az deyil. Buna baxmayaraq dövlət və təsərrüfat orqanları məmurları öz mövqelərindən sui-istifadə edərək əhalini, xüsusilə onun imkansız təbəqəsini açıq-açığına, heç bir əsas, səbəb olmadan talan etməklə məşğuldur. Məsələn, Xırdalan şəhərində 2 m2-lıq, eyni zamanda, ancaq bir müştəriyə xidmət etmək üçün bir kreslosu olan 2-ci dərəcəli əlil dəlləyin ayağına Abşeron Enerji Satışı idarəsi heç bir əsas olmadan yalan bəhanə ilə elektrik məsrəfinə görə 371 AZN borc yazmışdır. Vətəndaşın Energetika Nazirliyinə daxil olmuş 3-15/1-N-1461-5/2023 nömrəli 03.04.2023-cü il tarixli müraciətinə Enerji məsələlərini Tənzimləmə Agentliyinin Sumqayıt filialında araşdırılaraq verilən cavabda deyilir: “Obyektdə 2003-cü ildən etibarən hesablaşma elektrik sayğacının olmasına baxmayaraq “Azərişıq” ASC-nin elektron məlumat bazasında 2015-ci ildə qeydiyyata alınmışdır. Belə ki, “Azərişıq” ASC-nin nümayəndələri tərəfindən 14.12.2015-ci il tarixdə qeyri-yaşayış sahəsində elektrik enerjisindən sayğacsız və qeydiyyatsız istifadə edilməsi barədə Rl003830 nömrəli akt tərtib edilmiş və yenidən hesablaşma sənədi hazırlanaraq abonentin hesabına 1386 kvts (dəyəri 83,16 manat) elektrik enerjisi sərfiyyatı yazılmışdır”.

elektrik-say

 Bundan sonra da mövcud sayğacın göstəriciləri nəzərə alınmamış, 14.12.2015-ci il tarixdən 15.05.2018-ci il tarixədək heç bir əsas olmadan transformator itkisi adı altında 1870 kvts (dəyəri 168,30 manat), 15.05.2018-ci il tarixdən 28.01.2019-cu il tarixinədək isə metodiki hesablama adı altında 1330 kvts (dəyəri 119,70 manat) əlavə elektrik enerjisi sərfiyyatı yazılmışdır. Bu səbəbdən abonentin hesabında ümumilikdə 371,16 manat borc məbləği yaranmışdır. İndi onun işığı kəsilmişdir.

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinə görə bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır.

 Bundan əlavə, Qaydaların 8.2-ci bəndinin tələbinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini, yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).

Yuxarıda qeyd olunanları nəzərə alaraq, transformator itkisi adı altında əsassız yazılmış elektrik enerjisi sərfiyyatının silinməsini, metodiki hesabat yolu ilə aparılmış hesablaşmaya mövcud Qaydaların tələblərini nəzərə alaraq yenidən baxılması üçün “Azərişıq” ASC-ə məktublarla müraciət olunmuşdur.

Buna baxmayaraq, “Azərişıq” ASC-nin əməkdaşları yeddi aydır ki, vətəndaşı hədələməklə, işığını vaxtaşırı kəsməklə bu qanunsuz “borcu” ödəməyə məcbur etməyə çalışırlar. Əslində ölkənin digər təsərrüfat, istərsə də dövlət orqanlarına vətəndaşlara qarşı açıq-aşkar soyğunçuluq edilməsi üçün münbit cəzasızlıq şəraiti yaradılması səbəbindən, məmurların vəzifə cinayətləri baş verir. Bu cəhət də çox maraqlıdır ki, məmur cinayətləri üzrə vətəndaşların şikayətlərinə baxılması prokurorluq orqanlarına qadağan edildiyindən, şikayətçi vətəndaşlar məhkəmələrə yönləndirilir. Məhkəmələrə müraciət edilməsi üçün vətəndaşın özünün məhkəməyə müraciət etməsi yasaq edilib. Vətəndaş rəsmi sənədlərlə sübut edilən adi məmur qanunsuzluğuna görə məhkəməyə müraciətini hökmən vəkillər kollegiyasının üzvü olan vəkil vasitəsilə təqdim etməlidir. Bu isə imkansız vətəndaşlar üçün ağır maddi yükdür.

cerime-1

 Bu sahədə Dövlət Yol Polisi də “Azərişıq” ASC-dən geri qalmır. Məçsələn, Bakı Şəhər Dövlət Yol Polisi 17.05.2023-cü il tarixdə vətəndaşın telefonuna 05.01.2023-cü il tarixdə, yəni 5 ay sonra yol hərəkəti qaydasını pozduğuna görə 60 manat cərimə, əlavə olaraq 36 manat dəbbə pulu ödəməli olduğu barədə bildiriş göndərib. Vətəndaş 19.05.2023-cü il tarixdə, yəni bildiriş göndərildikdən 2 (iki) gün sonra 60 manatı ödəyib, 36 manat dəbbə pulunun nədən yarandığını Respublika Dövlət Yol Polisindən soruşanda, cavab verirlər ki, “bu radar deyil, BŞDYP-nin əməkdaşının yolda saxlayıb yazdığı protokol üzrə cərimə olduğu üçün oraya müraciət etməlisən”.

 Bakı şəhər DYP-ndə isə vətəndaşa nə protokol, nə də protokolda imzasını göstərmədən ondan tələb edirlər ki, get bankdan ödədiyin 60 manatı al, 35 manat dəbbə pulu da əlavə edərək, yenidən ödə. Artıq beş aydan çoxdur ki, vətəndaşa qanunsuz ödətdirdikləri pulu qaytarmadıqları bir tərəfə, DYP-nə çağrılaraq sürücülük vəsiqənin ləğv ediləcəyi ilə hədələyirlər. Hətta Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bu barədə məhkəməyə müraciəti qanunsuz olduğu üçün məhkəmə bu işi icraata götürməkdən imtina etdikdən sonra belə Bakı şəhər DYP-si bu qanunsuz əməlini ört-basdır etməkdən ötrü, vətəndaşa müxtəlif üsullarla təzyiq edərək, qanunsuz yazdığı cəriməni bu günə qədər ləğv etmir.

dtx

Respublikanın təsərrüfat və dövlət orqanlarında bu qəbildən olan qanunsuzluqlar, daha dəqiq desək, məmurların vəzifə cinayətləri hər gün təkrar olunur. Yəqinki son 3 ildə 6 icra başçısının DTX əməkdaşları tərəfindən rüşvət ittihamı ilə həbsini də xatırlayırsınız. Təsəvvür edin, dövlətin mənafeyini qorumalı məmur özü cinayət törədir...

***

 Yeri gəlmişkən, yol polisi “SMCRadar.az” vasitəsilə vətəndaşa cərimə haqqında protokol nömrəsi, protokolun qüvvəyə minmə tarixi, cərimənin məbləği haqqında məlumat göndərdiyi halda, niyə qayda pozuntusunun yerini, vaxtını dəqiq əks etdirən video görüntünü göndərmir? Çünki bu halda vətəndaş başqa işlərini kənara qoyub Respublika Baş Dövlət Yol Polisi idarəsində bu görüntüyə baxmaq üçün ən azı bir gün vaxt itirməz, vətəndaş da nəyə görə cərimə ödədiyini bilər. Həm də qayda pozuntusunun olub-olmaması haqqında vətəndaşın əlində əşyayi-dəlil də olar.

İkincisi, vətəndaşdan DƏBBƏ pulu tələb etmək hüququnu polisə hansı qanun verib? Məgər polis vətəndaşa kredit faizi ilə borc pul verib ki?

Üçüncüsü, qayda pozuntusu varsa, yol polisi vətəndaşın qayda pozuntusuna yol verməsi haqqında məlumatı niyə 5-6 ay gizlədib, az qala cərimə məbləği qədər dəbbə pulu adı ilə vətəndaşı qarət edir? Əgər vətəndaş bu müddət ərzində polisdən aldığı məlumat əsasında bir neçə cərimə ödəyibsə, polis cərimə haqqında məlumatı vaxtında verirsə, vətəndaş ya bu cəriməni ödəyir, razılaşmadığı halda öz sübutu, arqumenti əsasında məhkəməyə şikayət edir. Yol polisinin qayda pozuntusu olub- olmadığından asılı olmayaraq 5-6 ay geri tarixlə vətəndaşa məlumat göndərib, vətəndaşdan əlavə pul tələb etməsi bütün hallarda vəzifə cinayətidir. Bundan başqa, dövlətin və xüsusi mülkiyyətdə olan təsərrüfat təşkilatlarında əmək haqqının, sosial müavinətlərin verilməsinin aylarla gecikdirildiyi bir vaxtda, yol polisinin nəinki reallıqda baş vermiş qayda pozuntularına, hətta mövcud olmayıb polisin arxa tarixlə tərtib etdiyi əsassız protokollara əsasən dəbbə pulu tələb etməsi hansı məntiqə sığır?

 İlk baxışda xırda və əhəmiyyətsiz görünən, lakin, gündə çoxsaylı təkrar olunan bu qanunsuzluqlar, ədalətsizliklər son nəticədə vətəndaşın vətənə, millətə, dövlətinə olan məhəbbətini  azaltmırmı??? Bu isə sonda ölkədə düşmənlərimizin ən ümdə arzusu olan ölkə daxilində sabitsizlik yaratmaq məqsədini həyata keçirmək üçün hazır kütlə yetişdirmək deyilmi?

Bütün bunların dövlət piramidasının yuxarı pillələrində oturan məmurların təşkil etdiyini, məmurlar üçün konstitusiya və qanunların ziddinə olaraq yüksək səviyyədə cəzasızlıq şəraitinin yaradılması yolverilməzdir.

Xüsusilə son 30 ildə düşmən xarici dövlətlərin əhatəsində və hədəfində olan Azərbaycanı daxildən zəiflətmək planı həmişə olub və olacaq. Vətənini və dövlətini, Prezidentini... sevən hər kəs, xüsusən də məmurlar yuxarıda qeyd etdiklərimdən nəticə çıxarmalıdır. Xüsusən də tarixin şərəfli anlarını yaşadığımız indiki məqamda... Axı qarşıdan 8 noyabr Zəfər Günümüz gəlir. O Zəfər Günü ki, onu həm də  Xankəndidə dalğalanan Azərbaycanın üçrəngli bayrağı ilə qarşılayırıq...

Şapur Qasimi,

politoloq

(Xüsusi olaraq “Təzadlar” üçün)

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN