Bir gün eşşəklə pələng mübahisə edirlər. Eşşək pələngə otlar, çiçəklər, güllər, ağaclar, hətta meşə belə mavi rəngdədir demişdir. Lakin pələng etiraz edərək onların yaşıl rəngdə olduğunu bildirir. Mübahisələri böyüyüncə onlar meşənin hakimi, kralı sayılan aslandan məsləhət almağa gedirlər.

Aslanın hüzuruna çıxdıqda, eşşək və pələng aralarında baş verən mübahisəni danışırlar. Sonra eşşək aslandan soruşur:

- Kralım, otlar, çiçəklər, güllər, ağaclar və meşə mavi rəngdədir, elə deyilmi?

Aslan isə cavabında belə demişdir.

- Bəli, mavi rəngdədir.

Bu cavabdan sonra aslan pələngə eşşəkdən üzür istəməyi tələb edərək 5 il səssizlik cəzasını verir.

Qalib gəldiyini düşünən eşşək sevinərək meşəyə geri dönür.

Pələng aslana haqlı olduğunu bildirərək niyə cəzalandırıldığını soruşduqda aslan bu suala cavab olaraq belə deyir:

- Məsələ rəngdə deyil, sənin eşşəklə lazımsız mübahisə etməyin və məni bu mövzuda narahat etməyindir.

Gerçəyin və doğrunun nə olduğunu önəmsəməyən cahillərlə mübahisə etmək zaman itkisinin ən pisidir.

Bu yerdə yadıma Şafinin bir sözü düşdü:

- Bir dəlillə qırx alimə qalib gəldim, amma qırx dəlillə bir cahilə qalib gələ bilmədim.

Heyvanlardan söhbət düşmüşkən yadıma daha bir rəvayət düşdü.

Bir gün dəvədən soruşurlar:

- Belin yaman bükülübdür, deyəsən bu həyatda çox əzab-əziyyət çəkmisən.Sahibin sənə pis baxıb, dərdinin çoxluğu qamətini bükübdür?

Dəvə cavab verir:

- Xeyr, dediklərinizin heç biri deyil. Səbəbi sürünün başında eşşəyin getməsidir.

Bəli, gözəl və dərin mənalı sözdür. Bu gün təəssüflər olsun, elə zəmanəyə gəlib çıxmışıq ki, artıq insanlardan hər cür naxələfliyi görə bilmək qorxusu ilə yaşayırıq. Bəzən zərbənin haradan gələbiləcəyini belə tam olaraq anlaya bilmirsən. Elm adamları vaxtilə deyirdilər ki, dostunla ehtiyatlı ol, çünki bir gün düşmən olarsınız. Düşməninlə də ehtiyatlı ol ki, bir gün dost olarsan. Ağacı bəzən qurd içindən yeyir. Gözləmədiklərindən xeyir, gözlədklərindən zərbə ala bilərsən. Qəribəsi odur ki, insanlar bir-birlərinə ləqəb qoyurlar, onları öz adları ilə deyil, qoyduqları ləqəblərlə çağırırlar. Ətrafdakı insanlar da buna heç bir etiraz etmirlər. Hətta çox yatana “ayı”, tez yatana “toyuq”, çox işləyənə və cahilə  “eşşək”, başa düşməyənə “qoyun”, qısqanmayana “öküz”, çox bilənə “tülkü”, səhv edənə “çaqqal”, çox yeyənə “donuz”... deyirlər. Bir sözlə bu dünyada “adam” olmaq çox çətin məsələdir.

İnsan pulunu itirərsə yenidən qazanar, gücünü itirərsə toparlanar, amma bir insanın etibarını itirmək hər şeyi bitirər. İnsanlar çox zaman tək qalmaqdan belə qorxarlar, buna görə səhv hərəkətlər edər. Amma unudurlar ki, güclü olmaq istəyirsənsə “qurd” kimi tək qalmaqdan həzz almağı öyrənməlisən. Necə deyirlər, həyatda həmişə tək qalmağa hazır ol, insanlar anidən dəyişirlər. Bu gün sən onlar üçün “önəmli” sən, sabah isə “heç”sən.

Bu həyatda əmin olduğum bir şey var. Vicdan bir aynadır, üzün qaradırsa ağ göstərməz. Yaşadığımız mühitdə hər gün o qədər hadisələrlə, haqsızlıqlarla, yalanlarla, riyakarlıqlarla rastlaşırıq ki, artıq bu kimi neqativ hadisələrə təəccülənmirik. Əgər susuruqsa, bu o demək deyilki onlar haqlıdır. Bu o deməkdir ki, onlara nəyisə izah etmək faydasızdır. Yaşadığımız iyirmi birinci əsr elmin, texnikanın, təhsilin yüksək səviyyədə inkişaf etdiyi bir dövrü əhatə edir.  Bütün bunlara baxmayaraq cahil elə həmişə cahildir.

Bəzən düşünürəm. Dağda tülkü, meşədə çaqqal, cəhənnəmdə şeytan qalmadı, hamısı aramızdadır.

Yuxarıda dediyim eşşəklə pələngin rəvayəti kimi...

Rövşanə XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN