Aşağıdakı məktubu olduğu kimi təqdim edirik. Hesab edirik, jurnalist və onun çalışdığı qəzet (sayt) üçün ən böyük mükafat elə budur-oxucu razılığı, minnətdarlığı və təşəkkürü!

«“Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri cənab Eyyub Hüseynova

Yasamal rayonunda, Süleyman Rəhimov 81 ünvanında yaşayan Əliyeva Ülviyyə Loğman qızı tərəfindən

Ə R İ Z Ə

Mən, Əliyeva Ülviyyə, 25.05.2024-cü il tarixində «Kontakt Home» Mağazalar şəbəkəsinin 28 may (Nəsimi rayonu, Fizuli küç. 47-55) ünvanına 13.05.2024-cü il tarixində kredit götürdüyüm «Samsung Galaxy S 24» ultra telefonunu «Iphone 15 Pro Max» telefonuna dəyişmək üçün müraciət etdim. Telefonu dəyişməkdə səbəb, çəkiliş keyfiyyətinin, satıcının təriflədiyi kimi, olmaması idi, yəni mali tərifləyərək məni aladatmışdılar. Malın keyfiyyətsiz olduğunu, tərifləyib mənə satıldığını satıcıya bildirdim, şikayət edəcəyimi dedim, telefonu dəyişdilər, əvəzinə qiyməti əvvəlkindən 300 azn baha olan «Iphone 15 Pro Max» telefonunu təqdim etdilər, telefonun nümayiş edilən analoquna baxdım, yenidən kredit müqaviləsini dəyişdilər, telefonun ümumi dəyəri 3600 azn təşkil etdi. Satıcılar mənə dəfələrlə bildirdilər ki, sizə indi verəcəyimiz telefonun qutusunu açsanız telefonda problem olsa belə telefonu dəyişməyəcəyik! Rəsmi zəmanət talonu verilmədi! Əlavə olaraq mağazada çalışan proqramistə 80 azn nəğd ödəyərək telefona icloud proqramı yüklətdirdim və satıcının “bizdəki üzlüklər nazik olur, üzlüyü çöldə istənilən yerdə çəkdirə bilərsiz” deməyi üzərinə təşəkkür edib mağazadan ayrıldıq. Üzlük çəkdirmək üçün mağazanın iki addımlığında olan «Komptel Baku» telefon mağazasına gəldik və orda mütəxəssis üzlüyü çəkməmiş məlum oldu ki, kreditə götürdüyüm məhsul qüsurludur və üzərində cüzi seçiləcək bir cızıq var, həmin mağazadakı digər 3-4 nəfər də malın qüsurlu olduğunu təsdiqlədilər və mənə göstərdilər. Heç 5 dəqiqə çəkməmiş, iradımı bildirmək üçün telefonu aldığım mağazaya girdim və məhsulun qüsurlu olduğunu bildirib dəyişdirilməsini tələb etdim, mən göstərdikdən sonra proqramist, satıcı və menecer hamısı məhsuldakı nöqsanı aşkarladılar, amma çox laqeyd bir tərzdə bunun onların problemi olmadığını, məhsulun, ancaq daxili funksiyası ilə bağlı yaranacaq problemə görə dəyişdirilib, qayatarıla biləcəklərini bildirdilər.

 Xatırladım ki, bu mağazalar şəbəkəsində əvvəlcədən telefonun üstünə cızıq çəkib müştəriyə satılması barədə mediada məlumatlara rast gəlmişdim. Bu mənə böhtandır, necə ola bilər ki, alıcı malı bəyənsin və alan kimi də özü onu cızsın, zəmanətdən çıxartsın, burda məntiq varmı?! Hələ üstəlik, mağazada digər müştərilərin yanında mənə problemimi anlatmağa çalışdığım halda, əhəmiyyətsiz bir insanmış kimi, məhsulu özüm cızıb onlara şər atırmışammış kimi bir münasibət göstərdilər. Halbuki, mən məhsulun sonradan dəyişdirilib, qaytarılmayacağı barədə məlumatı bilirdim və gözümdə görmədə zəiflik olduğu üçün mən o nöqsanı təhvil alanda görməmişdim, bundan əlavə, proqramist məndən telefonu alıb proqram yükləyəndə mən onun iş masası arxasında nə və necə iş gördüyünü də görməmişəm, mənə, sadəcə, “əyləşin, hazır olanda mən sizi çağıracam” dedi və nömrəmə kod gələndə məndən kodu istəmək üçün çağırdı. Amma çox laqeyd və ələ salırmış bir tərzdə “biz nə bilək ki, telefonu özünüz cızmamısınız” cavabı verildi. Mən mağazadan ayrılmamış müştəri məmnuniyyətinə zəng vurdum, problemi bildirmək üçün, verdikləri telefon nömrəsinə isə məhsulun qüsurunu çəkərək göndərdim və aldığım məhsulu, müqaviləni menecerə “bilərəkdən qüsurlu məhsul satırsız və sizin xidmətiniz, ancaq satış edənə qədərdi” deyərək mağazada qoyub çıxdım. Səhəri gün müştəri məmnuniyyəti mənimlə əlaqə saxlayıb yenə də bu problemlə bağlı heç bir şey edə bilməyəcəklərini və cızığın hardan düşdüyünü araşdırıb müəyyən edə bilmədiklərini bildirdilər. Nəticədən narazı qaldıqda isə mənə, hətta istehlakçı hüquqları ilə bağlı lazımi orqanlara müraciət edə biləcəyim barədə məsləhət də verdilər. Bir sonraki cəhdimizdə isə bu dəfə qanuni yola baş vurduğumuzu bildirəndə “artıq müqavilə bağlanılıb və telefonun harda olmasından asılı olmayaraq, ödənişi gecikdirəcəyiniz təqdirdə biz sizi məhkəməyə verəcəyik” dedilər.

Hörmətli Eyyub müəllim, Sizdən xahiş edirəm ki, mənim «Kontakt Home» mağazasıyla bağlı müqaviləmin ləğvi və məhsulun qaytarılması məsələsində mənə köməklik edəsiniz. Ümumiyyətlə, məhsulun dəyişdirilməsini istəmirəm, çünki araşdırıb əldə etdiyim məlumatlardan mağazanın keyfiyyətli məhsul satmadığı qənaətinə gəldim. Mən təkcə məhsul keyfiyyətindən yox, həmçinin müştəriyə göstərilən xidmət keyfiyyətindən də şikayətçiyəm. Mağaza mənə qüsurlu məhsul satmağıyla mənə həm maddi, həm də mənəvi zərər vurmuşdur. Belə ki, bu problem ucbatından mən stress keçirtdim, vaxtımın böyük bir hissəsini itirdim və işlərimdə ləngimələr oldu. Xahiş edirəm mənim istehlakçı hüquqlarımın təmənnasız qorunmasına köməklik edəsiniz, müqaviləyə xitam verilsin, ödədiyim 550 azn mənə qaytarılsın və bu barədə müvafiq dövlət orqanlarına və KİV-ə məlumat verilsin ki, əhali aldadılmasın. Tarix: “05.06.2024”

 Bu da “Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri cənab Eyyub Hüseynovun şərhi:

«Dostlar, bu şikayəti həll etmək üçün çox yollar axtardiq. Əvvəl "Kontakt Home" şirkətinin rəhbərliyinə müraciət etdik -nəticə olmadı! Dövlətin Antiinhisar qurumuna müraciət etdik-hələ də nəticə yoxdur! Şikayətçini yönəltdik Antiinhisar qurumunun rəhbərliyi ilə görüşsün, qəbul etmədilər, ərizə yazıb qoydu -nəticə yoxdu! Şikayətçi Dövlət qurumunun fəaliyyətsizliyindən Ombudsmana getdi, şıkayət ərizəsi yazdı -nəticə yoxdur!

Nəhayət, ərizəni təşkilatımız tərəfindən bir neçə media qurumuna göndərdik ki, bəlkə media çap edər, yayar, vəziyyətə təsir edər –bu da olmadı!

AİİB "Təzadlar "qəzetinin rəhbəri, hörmətli Asif Mərziliyə müraciət etdi, bu dəfə gözlədiyimizdən də artıq nəticə -OLDU! Belə ki, qəzetin əməkdaşı, hörmətli Elçin Məmmədli şıkayətçı ilə birlikdə taksiyə pul verir, gedir "Kontakt Home"nin baş ofisinə, çox çətinliklə rəhbərlikdən olanlarla görüşür, istehlakçının haqlı olduğunu sübut etməyə çalışır (hərçənd, qarşı tərəf- "mindiyimiz kor yabıdan düşmərik»-deyir. M.Ə. Sabir- Allah rəhmət etsin!)"), məsələ həll OLUNUR!

 Pulunu tam miqdarda geri alan istehlakçıya tam təmənnasız göstərilmiş bu kömək üçün, şikayətçinin ərizəsinin bağlanması üçün bir kəlmə "sağ olun" yazmaması da başqa bir məsələdir. "Təzadlar" qəzetinin bu fədakar işləri birinci dəfə deyil. Asif müəllimə və kollektivinə bu işlərində uğurlar diləyir və COX SAĞOLUN deyirəm».

REDAKSİYADAN: “Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri cənab Eyyub Hüseynova kollektivimiz və oxucularımız adından təşəkkürümüzü çatdırırıq. Həqiqətən də Eyyub müəllim bu sahədə əlindən gələni edir…

Sonda: insafən, «Kontakt Home» şirkətinin rəhbərliyinə də təşəkkür edirik ki, medianın təmənnasız olaraq şikayətçi-istehlakçının hüquqlarını müdafiə cəhd və əziyyətini qiymətləndirərək problemə son verilmişdir.

Məncə, elə Milli Mətbuat Günündə jurnalistin ən böyük mükafatı elə oxucu təşəkkürüdür!

Yasəmən MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA