Nigar Haqverdiyeva: “Ağ Səs varsa, demək ki, hələ dünyadan əlimizin üzülməyəcəyinə ümid var, işıq var, ağ səs var, tapdanmamış, qaralmamış ağ yol, təzə cığır var...”

Adı yurdu ilə eyni rəngdə olan Şair, bəli, bu, doğrudan da belədir. Adının rəngi də yurdunun rəngindədir, özü də bilmədən, ya da bilərəkdən bilmirəm, amma rəssamlıq sevdasından da ola bilər, şairlik dünyasından da… Nə fərqi ki, hər ikisini birləşdirən bir ruh, duyum, anlamdan gəlir bəlkə də…İlahi, necə oxşayırlar, necə tamamlayırlar bir-birilərini- Ağdam və Ağsəs… Nədənsə, ilk dəfədir ki, yurduna çevrilmiş İnsan gördüm, onu oxuyarkən, müsahibələrini dinlərkən…

 Yuxarı başına keçən kafirə
yuxarıdan aşağı baxan,
Allahdan da çəkinməyən,
bircə əsarətdən qorxan!
Ağ alınlı qızılı atların vətəni,
seyid cəddinə içilən andların vətəni!
Sən dar gündə
Şuşaya arxa,
Xocalıya ümid oldun.
Son nəfəsəcən döyüşdün,
son nəfərəcən şəhid oldun...
Ağam şəhərim!

Əgər bir müəllifi oxuyarkən istər-istəməz onun haqqında oz-özünlə danışmağa başlayırsansa, özün də hiss etmədən əlin qələmə doğru gedirsə, demək ki, əsl ƏDƏBİ adama rast gəlmisən…İndi yazan çoxdu, kitab nəşr edən də çoxdu. Amma Qulu Ağsəs yaradıcılığında lazım olan, əsl söz, fikir, ruh aləmi, mənəvi dünya, bəşəri hisslər, pak duyum, təmiz ağrı, vicdan siziltisi, gizli, qapalı daxili mənin zahiri mənlə aşkar, heyrətamiz vəhdəti, sözün ucuz məqama çevirildiyi bir bəsit aləmdən, sözün ədiblər dəyərinə, əksinə, Tanrının ilkinə, imzasına belə hörmətsiz yanaşıldığı bir dönəmdə öz kamil məqamına qaldırıldığı bir ağ səsə, ağ sözə rast gəlirsən…

Uzun zaman rastıma çıxan “yazı”lardan çox bayağı qeydlər olan söz yığınağından sonra təsadüfən onun haqqında yazıya, paylaşıma rast gəldim və bu rastlaşma gözəl bir təsadüfə bağlandı. Bu gözəl təsadüf məni aydın bir yola çıxartdı. Bu aydın yol məni, özü demiş, “ən böyük yüksəklik olan Ruh yüksəkliyinə” qaldırdı və bu Ruh yüksəkliyi sözün əsl mənasında Ağ Səsə apardı, apardı və apardı... Ağ Səs varsa, demək ki, hələ dünyadan əlimizin üzülməyəcəyinə ümid var, işıq var, ağ səs var, tapdanmamış, qaralmamış ağ yol, təzə cığır var....

Qulu Ağsəsin hansı şerlərini deyim ki, bir deyil, iki deyil, hamısında o ağ səs duyulur: “Müharibə əlili”, “İşdi-qəzadı səndən əvvəl ölsəm...”, “Hərdən anamdan xəlvət...”, “Dağa bax, sən allah...”, “Sağ-salamat ölsəydim...”, “Nə olar, bir səhər durub görəsən...”, “Rum rəqəmiylə onuncu...”, “Ağaclar hamısı kürəkən, qayın”, “Bəlkə də bu qanundu...”, “Görsən ki, qaranlıq çökür aləmə...”, “Nöqtələr”, “Ömrümdən neçə gün qalıb, neçə saat, İlahi?”, “Görsən üşüyürsən...”, “Tövbə, görünməyib fəlakət belə...” və s.,və i.a...

Bu sözləri hər yerdə, daim məşhur Albinoni haqda deyərdim, “Adagio” əsərinə görə... İlk dəfə Ağsəs haqda da deyə bilərəm ki, bir insanda nə qədər böyük ürək, nə qədər böyük işıq olar, bir şair nə qədər dərin duyumlu olar, bir insan nə qədər özü olar- İNSAN olar ...

Onun yazılarından, fikirlərindən keçmiş kişilərin avazı gəlir, Azərbaycan kişisinin məni görünür, ancaq günümüzlə səsləşən avazdır bu... Qulu Ağsəsin Ağdam şeri, Şuşa şeri və ya digər şerləri ilə tanış olarkən bu, aydın sezilir. Şairin dərdi, ağrı-acısı, yaşadıqları, gördükləri, sarsıntıları onu nə qədər incitsə də, rahatlığına qənim kəsilsə də, o, bunu mərdanə qarşılayir, qürurunda gizlədir, necə deyərlər ağayana yanaşır, onun şerlərinə ağ səs salan fikirləri artıq fərdiliyi aşaraq bəşəri xarakter alır:

“Hər gözünü sıxanda şəhid anası
əri dişini sıxar:
"Olmadı,
bu ki, olmadı!".
...Dörd şəhid atasının
dişlərini saydım
otuz iki olmadı...”

Qulu Ağsəs şerlərində məkan və zaman vəhdəti, keçmiş və indi anlamı, ruh və yaddaş birliyi ilə qəribə, qeyri-adi sintez təşkil edir. Bunu, onun Qarabağın işğalı vaxtı və işğaldan azad olunandan sonra Şuşaya həsr etdiyi ikili yanaşmada yazdığı hər iki şerində aydın görmək olar. Özü fərqində olsa da, olmasa da, o, dünənin adamıdır, amma bu gündə yaşayan və ya əksini də demək olar, keçmişi özüylə daşıyan bu günün adamıdır,... Əslində bilirik ki, insan bütövlükdə keçmişlə indinin vəhdətindən ibarətdir... Bax elə, bu vəhdət Ağsəs dünyasından qırmızı xətlə keçir:

“Xoş gördük,
əyil qulağına söz deyim, Şuşam:
nə vaxtdı,
yad səslərdən yağır qulağına...
mən pambıq götürüm,
sənsə çöp götür,
enək İsa bulağına –
təmizləyək nisgilin,
28 bəlaya gəlmiş ilin!
...Bir də xoş gördük,
əyil qulağına söz deyim, Şuşam:
da-rıx-mı-şam!..”

O bir söz sahibi olsa da, həm də inanclı bir şairdir, ancaq, sözə inanclı biri... Şair bir çıxışında bu barədə belə deyib: “Mən sözə inanıram. Əgər bu dünya və o biri dünya deyilirsə, o biri dünya da var.”

Qulu Ağsəs şerlərindəki ağ səsi ilə dünyadan böyük olan az ədiblərdəndir. Şeirlərində insanı oxuyur, yurdunu arayır və əslində o yurdda özünü arayır, tapmağa çalışır...  Sanki yol gedən, özünü axtaran Qoca Müdrikdir...Həm şerilərində, həm də müsahibələrində dediyi hər fikri bir kəlamdır, hər kəlməsi bir yanğıdir, bir səsdir:

“Görsən üşüyürsən yandır özünü!”

Yazın, Qulu Ağsəs, yazın ki, üşüyəndə yana bilək! Yananda şeirlərin ürəyimizdəki yanğını söndürə bilsin.... Şeirə möhtac ruhumuzu oxşasın....Yazın, Qulu Ağsəs, yazın, yazmağa və şair kimi yaşamağa haqqın var....

 Nigar Haqverdiyeva,

Azərbaycan Dillər Universitetinin (ADU) baş müəllimi

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA