"Təzadlar" Aytəkin Mehmanqızının yeni şeirlərini təqdim edir...

 Həzrəti Yusif

Yusifə xəyanət edən qardaşlar,

Sonunda Yusifə möhtac oldular,

Quyuda sığındı Yusif Allaha,

Sonunda çevrildi Misirdə şaha.

Yusifi quyudan çıxaran Allah,

Bizi də çıxarar bir gün inşAllah.

Yetər ki, quyuda bizdə Yusif tək

O gözəl Tanrıya sıxınaq gərək.

Peyğəmbər əhlinə xəyanət edən,

Xəyanət etməsin bizlərə nədən?

Qurbanı olmuşdu o xəyanətin,

Keçirmiş zindanda gözəl illərin.

Padşah kürsüsünə çıxan peyğəmbər,

Zülmlər çəkmişdir şahlığa qədər.

Allahı sevmişdir yalnız Yusifi,

Yusif buraxmamış heç yerdə səhvi.

                                                                 

      Həyat məktəbi

Həyat özü elə böyük məktəbdir,

Ən gözəl dərsləri o keçəcəkdir.

Həyatdan  dərs  alan  kamil  bir  insan,

Çox  bilər  adi  bir  təhsil  alandan.

 

      Vicdan əzabı

Vicdan  əzabıdır  öldürən  məni,

Şəhid  sözünü  mən  eşidən zaman.

Haqqı  ödənməzdir  hər  bir  şəhidin,

Sinəmi  nisgillər  yandırır  yaman.

Qisas  haqqda  hərdən  düşünürəm  mən,

Əl  saxla, tələsmə  söyləyir  Vətən!

Hər  bir  şəhidinin  qisasını  mən,

Zamanla  alacam  deyir  ürəkdən…

 

Deməyin pula siz əl çirki heç vaxt

 Deməyin pula siz əl çirki heç vaxt,

Parasız qoymasın heç kəsi Allah.

Hər şey olmasa da, çox şeydir para,

İnsanın üzünü etməyər qara.

Paradır insanın üzün ağardan,

Para ilə qara da seçilmir ağdan.

Qatığa qara desə, parası olan,

Deyərlər qaradır, qatıq doğrudan.

 

    Qurbağa və əqrəb

(Rəvayətə əsasən yazılmış şeirim)

Bir dəfə kiçik əqrəb qurbağaya söyləyir:

-O biri sahilə məni özün ilə sən keçir.

Kömək edib qurbağa inanaraq əqrəbə,

Özü ilə keçirir əqrəbi də sahilə.

Əqrəb gəlib sahilə, çatır qurbağa ilə,

Sancır qurbağanı o, zəhərli dişləri ilə.

Dözməyərək ağrıya, soruşur tez qurbağa:

-Axı səbəb nə idi məni belə sancmağa?

Sənə heç bir pisliyi etməmişəm axı mən!?

Düşünməzdim sancarsan məni belə qəflətən.

Qurbağaya cavabı əqrəb belə söyləyir:

-Təbiətim belədir, zəhərliyəm mən deyir.

Bilməliydin əzəldən kimlə çıxırsan yola,

Zəhərli bir əqrəbdən sənə necə dost ola?

  

  Yaxşılıq et

Əzizinəm birdə gəl,

Bu dünyaya birdə gəl.

Dünya fani dünyadır,

Yaxşılıqçün birdə gəl.

 

Əzizinəm əldən tut,

Yaxşılıq et, əldən tut.

Pulun  olmasa  belə,

Şirin  sözlə  əldən tut.

 

Əzizinəm  ver  içsin,

Doldur  suyu  ver  içsin.

Yananın  əlindən tut,

Sudan bol  ver  qoy  içsin.

Bol  ver  sudan  qoy  içsin.

  

    Kasıblıq eyib deyil

Kasıblıq deyildir eyib heç zaman,

Yetər ki, şərəfsiz olmasın insan.

Vicdanı heç yerdə pula satmayan,

Üzü ağ köçəcək bir gün dünyadan.

  

  Belə daha yaxşıdır

Yol səni yormayırsa,

Yol yoldaşın yaxşıdır,

Səni anan yoxdursa,

Sussan  daha  yaxşıdır.

Cahil  dostun  olunca,

Dostsuz  olmaq  yaxşıdır.

Pislə  yaşamaqdansa,

Tənha  qalmaq  yaxşıdır.

 

     Ümidini  itirmə

      (Kiçikşeirlərim)

Hər  nəyi  itirsəndə  ümidini  itirmə,

Nədən  əlçəksən  belə, öz Tanrından  əl  çəkmə.

Tanrı  sənin  əzizin, gözünün  nuru  olsun

Qoy  həmişə  hər  yerdəTanrı  səni  qorusun.

 

         Dostluq mərdlik istər

Nankor  satqın  olur  əvvəlcədən  bil,

Nankordan dost olmaz  bu  mümkün  deyil.

Nə  paxıl, nə  xəsis, nə  də  namərddən

Sənə dost olmayar  bil  ki, əzəldən

Dostluq  mərdlik  istər, sədaqət  istər,

Əgər  bunlar  yoxsa  dostluq da bitər.

Dostluğu  yalan da pozacaq  inan,

Söyləmə  dosta  gəl  heç zaman yalan.

Dost dostun  qədrini  öz  dərdi  bilsə,

Onları  ayırmaz  heç  vaxt  heç  kimsə.

  

   Yaxşılar çox tez gedir

Dünya dolur-boşalır,

Yaxşıları aparır…

Yamanı torpaq neynir?

Yaxşını tez aparır…

Mərhəməti yoxdurmu,

Görən qoca dünyanın?

Yaxşıların əlindən,

Almasın tez zamanın.

Hələ neçə işləri,

Görə bilərdi onlar.

Hələ gör neçə-neçə,

Edərdi yaxşılıqlar.

Torpaq, hələ tələsmə,

Yaxşını aparmağa.

Neçə məzlum əlindən,

Onları  qoparmağa.

  

        Üzülmə heç nəyə

Qoy səni üzməsin nə qəm, nə kədər,

Hər yerdə yazı yaz bunlar da keçər.

Sağlam canın varsa həyatda sənin,

Xoşbəxt  bəndəsisən sən İlahinin.

Başqa nə vardırsa bu həyatda bil,

Dünyanın malıdır sənin deyildir.

 

   Qocalırıq yavaş-yavaş

Yaş üstünə gəldikcə yaş,

Qocalırıq yavaş-yavaş.

Aylar ötür, illər keçir,

Qocalıqdan xəbər verir.

Qocalmayıb yalnız ürək,

Yenə tez-tez döyünərək,

Deyir yaşa, yaşa  hələ,

Adını yaz yüksəklərə!

Vaxtına var hələ sənin,

Ürəyində var sözlərin.

Səbirli ol həyatda sən,

Səbir ilə yüksələrsən.

Yaşa, yarat şeirlərin,

Ünvanıdır könüllərin...

 

Ürək dağı

(Qarabağ müharibəsi zamanı ürək ağrı ilə şəhidlərə yazdığım şeirim)

 Yenə şəhidin var canım Vətənim,

Gözlərim yaş ilə yenə dolubdur.

Canından yenə can ayrılır sənin,

Yenə hansı balan şəhid olubdur?

Ayrılır canından yenə də bir can,

Şəhidlər yurdusan  can Azərbaycan!

        

    Dəyişdi  zəmanə

Bir vaxt alçaq idi, kiçikdi evlər,

Oradan gələrdi çox şən gülüşlər.

Zəmanə dəyişdi, evlər böyüdü,

Sevinclər azaldı, gülüşlər öldü...

Fırlandı zəmanə, dövr etdi dövran,

Zəmanə dəyişdi, dəyişdi  insan.

Soyuqluq məhv edir hər kəsi indi,

İsti qəlblər üçün zaman çətindir.

 Bakı şəhəri,

  2024-cü il

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA