...İyul ayının 27 də Şuşaya səfər edən diaspor nümayəndələri arasında mən də vardım. Çox sevindim ki, Diaspor ilə İş üzrə Dövlət Komitəsi məni də bu səfərə rəsmi dəvət etdi və mən bu fürsəti çox yüksək dəyərləndirirəm. 

Getdik. İçimizdən “Sevgili Şuşa, əziz Şuşa, biz geri göndük” demək keçirdi. Və deyirdik. Həm təklikdə, həm hamı bir ağızdan.

Şuşada gəzdikcə, daşına-divarına baxdıqca “Sevgili Şuşa, əziz Şuşa, səni nə günə qoyublar” demək keçirdi. Və deyirdik. Ağlayırdıq. Bu duyğular bilirsiniz nəyə bənzəyir? Ananın- atanın, hər hansı bir əzizinin məzarı başına gedirsən və səni ağlamaq tutar... Və ya xəstə, başı dərddə olan əzizinin görüşünə gedirsən, qovuşanda ağlamaqdan başqa çarən qalmır. İçin titrər... Deyəcəksiz, 28 hüzünlü illər keçib, bir nəsil Şuşa əsilli soydaşımız Şuşasız yaşayıb, ağlamamışdıq? Əlbəttə ki, ağlamışdıq. Amma üzləşmək başqa bir hiss imiş... Mən anam-atam üçün hər gün ağlamıram, dondururam hisslərimi, onların adını uca tutmaq üçün işlərimə odaqlanıram, onların adına layiq işlər görmək üçün çalışıram, özümü saxlayıram - məzarlığa gedəndə ağlayıram. Və sanki özümə hesabat verirəm...

Şükran hissi ilə, qürurlu, minnətdar və çox düşüncəli Şuşanı gəzirdim. Bir gün boyunca. 

***

...Gecənin qaranlığında Bakıdan heyət olaraq yola düşdük, gecənin zülmət qaranlığında Şuşanı ondan doymadan tərk etdik. Şuşanı onun öz əhalisi yerində olmadan görmək ləzzət verdimi? Yox. Bir evə gələrsiz ev yiyəsi evdə olmaz, elə bir duyğu. Lakin bizim missiyamız var! Və biz o missiya üçün öncüllük şərəfinə nail olduq. Buna görə də çox mütəşəkkilik! Getdim və gözlərimlə gördüm, mənim missiyam gördüklərimi yaşadığım ölkənin icmasına çatdırmaqdır, dünyaya çatdırmaqdır. Allaha yalvarıram ki, mahcum olmayım, missiyamın öhdəsindən gələ bilim. 16-17 yaşından qürbət görmüş mən, yəni 33 il boyunca Azərbaycan haqqında danışan, yazan mən, 25 ildir 3 dildə yüzlərlə insanların qarşısında hər gün mühazirələr deyən mən, özümü gördüklərimi təsvir etməkdə aciz hiss edirəm. Duyğusallıq biliklərimi və qabiliyyətimi etgiləyir, məni zəif salır. Elə Şuşada olarkən də heyət üzvləri arasında yəqin ki, ən səssizi mən idim. Hörmətli bəstəkarımız, professor Cavanşir Quliyevdən sonra... İçimdə isə fırtına vardı. Jurnalistlər qəfil mikrofonu uzadıb bizə sual verirdilər. Nə desəm yerinə düşərdi ki? Siyasi korrekt olardı ki! Gəldik iştə! Hamd olsun! Bakıya döndüyümdə ilk olaraq ailəm, bacım və qardaşlarım həyacanla mənə baxırdılar, anlatmamı gözləyirdilər. Mən onlara hələ hazır deyiləm dedim...

***

...Sosial şəbəkələrdə heyət üzvlərindən demək olar ki, hamı həmin günü və ya ertəsi günü dərhal çəkdikləri fotoları və fikirlərini paylaşdılar. Mən isə düşünürdüm ki, nə qoysam sizlər razı qalarsız? Çoxlarınız anasını qısqanan uşaqlar kimi qıcıq olursuz. Sizləri yaxşı başa düşürəm. Mən də bu ötən aylar ərzində Şuşaya səfər edənlərə baxıb qısqanırdım. Çünki özümə arzu edirdim. Nə yazsam razı qalarsız, çünki zatən orada jurnalistlər bizi müşaiyət edirdi və televiziyada və Youtube-də  nə varsa, necə varsa işıqlandırırdılar. Mən onların çəkdiyi keyfiyyətdə zatən heç nə verə bilmərəm. Mən Şuşanın əzəmətini, əsrarəngiz, təkrarolunmaz gözəlliyini zatən nə fotolarda, nə də videolarda verə bilmərəm. Heç bir vasitəyə sığmaz çünki!

Şuşa səfərinin siyasi və mənəvi əhəmiyyəti ona görə böyükdür ki, Şuşasız Qarabağ, Qarabağsız da Azərbaycan zatən olamaz! Bunu dost da bilir, düşmən də.

Şuşa şəhəri keçmişdə Azərbaycanın tarixi, kültürəl, sosyal və siyasal həyatının önəmli mərkəzlərindən biri olmuşdur. Azərbaycana qarşı başlatdığı əsgəri saldırı sonucu Ermənistan Cumhuriyyəti 8 May 1992 ildə Şuşa şəhərini işğal etmiş və şəhərdə xalqıma aid tarixi, kültürəl mirasın məhvedilməsi politikasını uyğulamışdır. Demək olar ki, qala divarlardan başqa salamat heç nə qalmayıb. Natavan bulağı durur, Vaqifin məqbərəsi durur, məscid durur, bəli! Ancaq hər şey düşmən əlindən çıxıb. Bir sözlə. Cıdır düzündə isə insan uçmaq istəyir. İnsan bütün kainatı bir yerdə hiss edir.

***

...Şuşaya Zəfər yolu ilə getdik. Ordumuzun getdiyi yolla! Əslində yol demək yalan olar, çünki yol yox idi o zaman. Yolu əsgərlərimiz, igidlərimiz öz izləri ilə salırmışlar! Canlar! Biz isə o uca sıldırım-aşırım dağlar arasında indi quruculuq işləri getməkdə olan, daş-beton- sement tozuna bürünmüş o yollarla minibuslarla gedirdik. Bizi polis maşınları müşaiət edirdi, qoruyurdu. Amma əsgərlərimiz canı bahasına o uca dağlar başında torpaqlarımızı qoruyurlar. Onların qanı tökülmüş yerlərlə. Hələ isti-isti, qurumamış. Onların izi üstünə iz qoysanız siz nə hisslər keçirərdiz? Mən hisslərimin adını qoya bilmirəm, bağışlayın! Onların anaları qarşısında baş əyirəm.

***

Sübh saat 05.00 Bakıdan yola düşdük. Öncə minibusda hamı sevincli idi, bir birilə tanış olur, danışırdı, hətta Şuşa və Qarabağ haqqında mahnılar oxuyurdu. Ancaq Qarabağa yaxınlaşdıqca, bir zamanlar yaşıllıq içində olan, dünyanın ən səfalı yerlərindən olan kəndlərimizi - daha doğrusu yerlə bir olmuş, bombalanmış, yandırılmış, viran qalmış kəndlərimizi, şəhərlərimizi - yaxından gördükcə, cəbhə səngərlərini, yandırılmış tankları gördükcə dilimiz tutulurdu... Ağlayırdıq. Sadəcə ağlayırdıq... Nə demək olar ki, olan olmuş... 30 ildir deyilmiş... bu ağır faciəli taleyi xalqımız yaşamış... Kimə nə deyək ki!?

Minibusda yanımda oturan ən yaxın yol yoldaşlarım İsveçdə yaşayan dostlarım oldu. Onlar işğaldan azad olunmuş ərazilərə yaxınlaşanda ər-arvad dəhşətli ağlamağa başladılar. 8 yaşında ikən ailəsi ilə Hocavənddən qaçqın olmuş Ülviyyə xanımın hönkürtüsünə şahid olmaq, onun 28 il öncə üzü Bakıya sarı ayağı yalın, ürəyi titrəyə-titrəyə getdiyi, ailə üzvləri ilə bir-birini itirmək qorxusu ilə, əsir düşmək qorxusu ilə nigaran getdikləri həmin yolu 28 il sonra görməsi çox çətin oldu. Arkadaşımın ağlaya-ağlaya anlatdıqlarını dinləyərək vicdan əzabı çəkirdim... Sanki mən həmrəylik göstərib isti evimdə yaşamalı deyilmişim, sanki yediyim yeməklər halal olmamalı idi. Sanki bu illər ərzində informasiya savaşını az aparmışam! Ülviyyə xanımın eşi, həyat yoldaşı Kənan Hacıbəyli Ağdamda doğulub, böyüyüb, qardaşı birinci Qarabağ savaşında şəhid olub. Özü isə 17 yaşında əlində silah orduya qoşulub savaşıb, bütün Ağdam əhalisi kimi qaçqın düşmüşdü. Kənan bəy hönkür-hönkür ağlayırdı. 3 saat boyunca... sakitləşə bilmirdi... Təbiidir... Qayb olan illəri kim geri verəcək ki! Ölən əzizlərini kim geri verəcək ki! Uşaqlarımızı qürbətdə böyütdük, onlara necə anladaq ki, yurdunda böyüyüb-başa çatmaq necə bir şeydir! Utanmasaydım ona sarılıb təsəlli verərdim. Deyəcəksiniz indiyə qalmışdı təsəlli vermək, anlayış göstərmək? Bilirsiz, insan öz duyğusal zəifliyini yurd-yuvasında göstərir, orada duyğularına təslim olur, boşalır... səmimi olur. Mən arkadaşlarımı, Kənan bəy, Ülviyyə xanımı və onun kimi yüzlərlə soydaşımızı yurdundan kənarda görmüşdüm! Güclü görmüşdüm. Sizlər də elə! Öz yurdundan kənarda insan güclü olmaq zorundadır çünki! Unutmayın Qərbi Ermənistandandan Bakıya pənah gətirmiş soydaşlarımıza tez “Yeraz” damğası vurub, “Bakını korladılar” deyən anlayışsız vətəndaşlarımız az deyildi! 1990-cı illərdə Azərbaycan Televiziyasında “Ağrı” proqramı gedirdi. Hər gün müharibənin dəhşətləri açıqlanırdı, itgilərimiz anlatılırdı. O zaman mən Bakıda yaşayırdım və çox eşitmişdim öz soydaşlarımızdan “bezdik bu ağlaşmalardan, hər gün “Ağrı” verilişi.” Biz həmrəyliyi gec öyrəndik! Öyrəndikmi?!

***

...Şuşada əsgərlərdir, hərbi personal üçün çörək bişirilir. Dünyanın ən dadlı çörəyi! Biz ö çörəkdən daddıq. Şüşada məscidə girdik, orada dualar etdik. O zaman əynimdəki paltarların məscid üçün uyğun olmadığı uğrumda deyildi. Qəfil dəvətə qəfil hazırlanıb yola düşmüşdüm. Səfərdən öncə yıxılmışdım, ayaqlarım xəsarət almışdı, sarıqlı idi. Əyilib səcdə etmək istədim, alınmadı. Ancaq Allah bilir ya, əyilməyə çalışdım. Dua etdim, öncə Həmd duası, sonra işğaldan azad olunmamış ərazilərimizin də azad olunması üçün əlimi tanrıya qaldırdım. Qarabağın hər qarışında soydaşlarımızın öz dədə-baba yurduna dönməsini, Qarabağda sülhün və təhlükəsizliyin daimi bərqərar olması üçün dua etdim. Hələ də boz olan, müharibə qoxusu gələn torpaqlarımızda həyat qoxusunun bərpa olunması üçün dua etdim. Ərazilərimizə tam sahiblik etməyimiz üçün indiyə kimi əsrlərdir bizə mane olmuş, qərəzli davranmış və davranan hər bir qüvvənin başı öz pisliyinə qarışsın deyə dua etdim. Biz-bizə yetəriz! Biz din-məzhəb ayrılığı bilmədən insanlara insan müamiləsi yapan millətik!

***

...Gecənin zülmət qaranlığında biz həmin dağlarla çəkilməkdə olan yollarla geri dönürdük. Çox təhlükəli idi əslində. Yorğun-yuxusuz sürücülər 10 saat göz qırpmadan Şuşaya, 10 saat Şuşadan Bakıya maşın sürdülər. Allah onlara can sağlığı versin! Halal olsun! Sizə and verirəm, Şuşada və bölgələrdə gedən tikinti işlərini görsəniz, işləyənlərin əziyyətini görsəniz, etiraf edərsiniz ki, mən burada 10 dəqiqə tab gətirə bilmərəm. Gəlin qədr-qiymət bilək!

Üzü Şuşaya gedərkən yolda, dağlarda maşın gözləyən iki əsgər hərbi personal gördük. Aldıq bizim minibusa. Oturmağa boş yer yox idi, öz yerimizi nə qədər təkidlə təklif etdik razı olmadılar. Sonacan ayaq üstə durdular. Onlara yeyəcək bir şeylər təklif etdik, almadılar. Gözləri həm qürurlu, həm çox hüzünlü idi. Onları söhbətə tutdum, suallar verdim. Bəzi suallara “məxfidir” deyə cavab vermədilər, amma öz ürək söhbətlərini etdilər. Onların səsi qulağımdan, gözləri gözümün önündən getmir. Onlar arkadaşlarının ölümünü görüblər, onlar özləri ölümdən dönüblər, onlar ailəsinin həsrətini çəkir, onlar hələ də izolyasiyada olan ərazidə xidmət edirlər... Daha sayıyımmı? Bakıda oturub yaşamından şikayət edən soydaşlar! İbrət alın. Qayğılarınız müqayisə oluna bilməz... 

Səadət KƏRİMİ, QHT rəhbəri

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA