Bu ilin noyabr ayında keçiriləcək və iqlim dəyişikliyinə həsr olunmuş COP-29 tədbiri ərəfəsində, Azərbaycanın “Yaşıl enerji”dən  istifadə sahəsində dünyaya nümayiş etdirə biləcəyi  ekzotik layihələr

Məlum olduğu kimi, odun əldə olunması və ondan istifadə bəşəriyyətin inkişaf tarixinin dönüş nöqtəsi hesab olunur. Belə ki, od vasitəsilə insanlar əti bişirərək yeməyi, soyuqdan qorunmağı və sonrakı dövrlərdə müxtəlif metalları emal etməyi bacardılar. Təbii halında təbiətin özündə mövcud olmayan (ildırım və vulkan kimi mənbələrdə hasil olanda da, ancaq ziyana işləyən) və yer üzündəki heç bir canlının malik olmadığı bu qeyri-təbii qüvvəyə sahiblik, zamanla insana, digər bütün canlılar üzərində hökmranlıq statusu qazandırdı. Bu sehrli qüvvə vasitəsilə digər canlıları qorxutmaq, bəzən hətta öldürməklə insanlar bir-neçə yüz min il ərzində Ç. Darvinin təkamül “ralli”sində, yer üzündəki bütün canlıları fantastik sürətlə ötüb keçə bildilər.  Bu uğurlar insan övladının başını o qədər gicəlləndirdi ki, Yer üzündə özünə heç bir rəqib görməyəndən sonra insanlar, həmin od silahı vasitəsilə artıq təbiətin özünə qarşı müharibə elan etdilər. Onun milyon illər ərzində damcı-damcı topladığı neft, qaz, daş kömür kimi əzalarını əməliyyat edib, zorla onun bədənindən çıxararaq, yandırmaqla bir tərəfdən təbiətin bədənini şikəst vəziyyətə saldılar, digər tərəfdənsə, onun qoynunda mövcud olan bütün ekosistemi darmadağın etməyə başladılar. Yalnız onda ayıldıq ki, insanın yüz min illərdir istifadə etdiyi, son yüz ildə isə, yerin dərinliyindən çıxartdığı bu sehrli qüvvə - cəhənnəm odu imiş və Yer kürəsini, özü də sürətlə, bütün bəşəriyyət üçün cəhənnəmə doğru sürükləyir.

Zaman keçdikcə bəlli oldu ki, yerin dərinliklərindəki cəhənnəmdən od əldə etmək üçün, insanın müxtəlif yerlərdən təbiətin bədəninə vurduğu bıçaq zərbələrinin (Şaxtaların, mədənlərin və s.) sürəti, Təbiətin orqanizminin regenerasiya qabiliyyətini qat-qat üstələyir. O da məlum oldu ki, bu od vasitəsilə, Yer Kürəsinin sürətlə dəyişdiyi Oksigen-Karbon nisbətini isə, balanslamağa təbiətin öz gücü yetərli deyil. Yəni bu qarşıdurmada insan hər iki halda özü də məhv olacaq: Təbiət qalib gəlsə də və ya məğlub olsa da. Məhz o məqamda bəşəriyyətin düşünən insanları təbiətlə insan arasında başlayan bu qlobal müharibənin qarşısını almaq üçün hərəkətlərə başladılar ki, bu ilin noyabr ayında Bakıda keçirilməsi nəzərdə tutulan COP-29 beynəlxalq tədbiri də, məhz iqlim dəyişikliyinin törədə biləcəyi faciələrin qarşısının alınması barədə, bəşəriyyətə verilən həyəcan siqnallarından, qabaqlayıcı tədbirlərdən biridir.

Mütəxəssislərin bildirdiyinə görə, neft sonsuz hasil edilə bilən bir məhsul deyil və cəmisi 15-20 ildən sonra bütün dünyada, o cümlədən Azərbaycanın özündə də neft ehtiyatları sürətlə tükənməyə başlayacaq. İstər yuxarıda izah edilən ekoloji səbəblərdən və istərsə də həmin bu iqtisadi səbəbdən Azərbaycanın indidən bu sahədə baş qaldıran hərəkatlara qoşulması, bu cür tədbirlərə bütün ölkə əhalisini cəlb etməsi, onun öz gələcəyinə qoyduğu sərmayə, gələcək nəsillər üçün yaratdığı bir sığorta sistemidir.

1719316026631

Belə hesab edirəm ki, Azərbaycanda böyük perspektivi olan, lakin hələlik layiqincə istifadə edilməmiş “Yaşıl enerji” növlərindən biri – istilik enerjisidir. Aşağıda bu enerjinin Azərbaycanda indiyə kimi istifadə edilməmiş qalan bəzi mənbələri və onlardan istifadə perspektivləri barədə öz qənaətlərimi bölüşürəm:

  1. Elmi ədəbiyyatda yazılanlara görə, yerin dərinliyinə doğru 1 km. irəlilədikcə, hərarət 30 dərəcə yüksəlir və 3-4 km. dərinlikdən sonra, bu hərarət 100 dərəcədən artıq olur. Alimlər çoxdan bu temperaturdan istifadə yolları üzərində düşünüb və yeraltı istilikdən alınan enerjidən Geotermal Elektrostansiyalar yaratmaq, evlərin, şitilliklərin qızdırılması üçün istifadə texnologiyaları yaradıblar. Bugünkü gündə Mərkəzi Amerika, Filippin, İslandiya kimi ölkələr, Geotermal Elektrostansiyaların sayına görə dünyada ön sırada dayanırlar. Həmin bu ölkələrdəki adı gedən elektrostansiyalar, əsasən sönmüş Vulkanların kraterləri üzərində inşa edilir. Azərbaycanın neft ölkəsi olmasını, indiyə kimi bizdə 5 mindən artıq neft quyusu qazıldığını nəzərə alsaq, bunun Geotermal energetikanın inkişafı üçün böyük perspektivlər vəd etdiyini aydın görmək olar. Adı gedən ölkələrin təcrübəsini öyrənmək və o mexanizmi neft quyularına tətbiq etməklə biz bu sahədə onlardan daha irəli gedə bilərik. Məlum olduğu kimi, neft-qaz ehtiyatı tükənmiş quyular, sadəcə yararsız obyekt kimi qapanaraq, konservləşdirilir. Amma sonrakı mərhələdə onlardan Geotermik Elektrostansiya məqsədi üçün istifadə olunsa, biz bununla həmin quyulara ikinci həyat bəxş etmiş olarıq. Onların istismar müddətini isə, sonsuzluğa qədər uzada bilərik və vaxtilə onların qazılmasına çəkilən xərclərin əvəzini də artıqlaması ilə çıxartmaq mümkündür. Daha sonra, bu quyulardan sonsuza qədər istilik enerjisi almaq və bundan da evlərin qızdırılmasından tutmuş, İstilik Elektrik Stansiyalarında elektrik enerjisi hasil etməyə qədər, çoxlu sayda məqsədlər üçün istifadəsi, iqtisadi cəhətdən də çox faydalı bir sahəyə çevrilə bilər.

Sual olunur:- Bəs niyə dünyada və qabaqcıl Avropa ölkələrində bu tipli elektrik stansiyalarından geniş şəkildə istifadə etmirlər? Ona görə ki, bunun üçün ən azı 4-5 km. dərinliyi olan quyular qazılmalıdır. Azərbaycan təcrübəsindən çıxış edib deyə bilərik ki, belə quyuların qazılmasına 30-40, bəzən də 100 milyon dollar vəsait xərclənir. Bu baxımdan dünya və Avropa ölkələri bu tip enerjidən istifadəni rentabelsiz hesab edirlər. Avropa, Amerika və digər ölkələrdən fərqli olaraq, neft hasilatı səbəbindən Azərbaycanda, göstərilən dərinlikdə, minlərlə quyu qazılıb. Əksəriyyətinin də istismar müddəti başa çatdığından, tullantı məhsulu kimi konservləşdirilib. İndi görün hazır olan və az xərclər hesabına bu quyularda nə qədər Geotermal Elektrostansiyalar yaratmaq olar...Hər halda bu barədə düşünməyə dəyər.

1719332791196

2) Azərbaycanda istifadə oluna biləcək daha bir istilik mənbəyi Günəşdir. Məlum olduğu kimi ölkə rəhbərliyi bu sahəyə xüsusi diqqət verir və bu vaxta kimi ölkəmizdə onlarla Günəş panelləri, Günəş batareyaları ilə işləyən elektrostansiyalar qurulub və qurulmaqda da davam edir. Bu panellərin əsas iş prinsipləri xüsusi fotoelementlər vasitəsi ilə Günəş enerjisisni birbaşa elektrik enerjisinə transformasiya etməkdir, hansı üsulla ki, ələlxüsus Kosmosda fəaliyyət göstərən Yerin süni peyklərində elektrik hasil edilir.

Lakin güman edirəm ki, bunlar, mümkün olan variantların çox az bir hissəsidir və bu sahədə daha çox işlər görmək mümkündür. Məlum olduğu kimi, Günəş enerjisi bir çox sahələrdə həyati əhəmiyyət kəsb etdiyi halda, bəzi sahələrdə isə, ziyan verir və ondan qorunmaq üçün əlavə xərclər çəkilir, konstruksiyalar icad olunur, məsələn kondisioner, “ventilyator” və s. kimi. Bu cihazlar vasitəsi ilə evlərdən, binalardan götürülən istilik isə heç bir formada istifadə edilməyib, sadəcə yerindəcə utilizasiya edilir və onun məhvinə əlavə enerji və pul xərclənir.  Bunun əvəzinə elə texnologiya icad etmək mümkündür ki, həmin izafi istilik enerjisi yerindəcə məhv edilməyib, konservləşdirilərək və ya başqa məsafəyə nəql edilərək, orada ondan yeni enerji hasil edilsin. Nümunə üçün məsələn, bütün hündürmərtəbəli binaların damına, binanın bütün damını örtən böyük su çənləri yerləşdirmək mümkündür. Yüzlərlə binanın damındakı çənlərdə bu yolla qızdırılmış su, borular vasitəsilə ərazilərdəki qazanxanalara nəql edilib, oradakı elektrik generatorlarının işləməsinə sərf edilə bilər. Sonradan soyuyan su yenidən binaların damına qaytarılır və beləcə bütün yay uzunu həmin elektrostansiyanın işini pulsuz yanacaqla təmin etmək olar. Günəş kollektoru adlandırılan bu mexanizmdən hazırda da bir sıra ölkələrdə, elektrik enerjisi almaq üçün istifadə olunur. Lakin onlar  su çənlərini binaların damında deyil, bu məqsədlə ayrılmış ayrıca sahələrdə yerləşdirirlər. Bütün binaların damını bu cür kollektorlarlarla təchiz etməklə, nəinki vətəndaşları kondisioner almaq və onun istifadəsinə görə elektrik pulu ödəmək əziyyətindən xilas etmk mümkündür, hətta kondisionerin işləməsinə sərf olunan enerjiyə qənaət etmək və hələ üstəlik, yeni enerji istehsal etməklə, bundan dövlət də mənfəət götürə bilər.

 1719332807147

Gələcəkdə ümumiyyətlə, binaların tək damını yox, hətta yan tərəflərini də “termos” kimi bu cür kollektorlara bükməklə, binanın 4 bir tərəfindən düşən izafi Günəş enerjisini toplayıb, yaxınlıqdakı qazanxanaya nəql etməklə, orada onu faydalı enerjiyə transformasiya etmək mümkündür. Bu, təxminən indiki evlərdə olan qızdırıcı sistemin (“atapleniya”) əvəzləyicisi kimi bir sistem olardı. Hansı ki, qışda fəaliyyət göstərib, evin daxilində quraşdırılaraq, qazanxanadan binaya istilik daşıdığı halda, bu təklif etdiyim konstruksiya binanın daxilində yox, xaricində quraşdırılır və qışda yox, yayda fəaliyyət göstərir. Eyni zamanda, qazanxanadan binaya yox, əksinə, binadan qazanxanaya istilik nəql edir və bir növ bütün bina üçün böyük bir kondisioneri əvəz edə bilər.

1719332791188

Yeri gəlmişkən, bu cür kondisioner-binaların inşası, tək ekoloqların, alternativ enerji istehsalçılarının yox, həm də tikinti şirkətlərinin özünün də marağında ola bilər. Belə ki, ekzotiklik, qənaətcillik, komfortluluq və daha bir sıra səbəblərdən bu cür kondisioner-binalarda mənzillərin 1 m2.-nin qiyməti də, təbii ki, adi binalardan xeyli baha olacaq və bu faktor da, kifayət qədər çox iş adamlarını maraqlandıra bilər. Üstəlik də oradan toplanan istilik enerjisini məhəllədə fəaliyyət göstərən istilik elektrostansiyasına satmaqla, həmin binanı tikən şirkət həmişəlik olaraq, daha  başqa bir formada, amma tam qanuni əsaslarla yeni qazanc mənbəyi əldə etmiş olur.

1719332791204

Sonda bir məsələni də qeyd edim ki, COP-29 tədbiri başlayana qədər, Azərbaycan dövləti fəaliyyətini dayandırmış bir-neçə neft quyusu üzərində Geotermik Elektrostansiya quraşdırmaqla, Qarabağda isə, dediyim tipli bir neçə kondisioner-bina inşa etməklə, tək sözdə yox, həm də əməldə də bu işlərin önündə durduğunu həmin tədbirin iştirakçılarına və  eləcə də bütün dünyaya əyani nümayiş etdirə bilər. Həmçinin bu simvolika ilə özünün qocaman bir neft ölkəsi olmasını, bir daha bütün dünyaya xatırlatmaqla, həm də fəaliyyətini başa çatdırmış neft quyularından sonrakı dövrdə başqa təyinatlar üçün necə istifadə etməyin yolları barədə digər neft ölkələrinə də, bir növ dərs keçmiş olardı. Eyni zamanda bu yeniliklər, Dayanıqlı inkişaf modelini seçən Azərbaycanda iqlim təşəbbüslərinin yayılması baxımından önəm kəsb edərdi.

Elçin Məmmədli

Qeyd: Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurası ilə kütləvi İnformasiya vasitələrinin təmsilçiləri arasında “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı keçirdiyi iqlim təşəbbüsləri müsabiqəsinə təqdim olunur.

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN