Rixard Zorge 4 oktyabr 1895-ci ildə Bakının Sabunçu  qəsəbəsində neftçi texnik Adolf Zorgenin ailəsində doğulmuşdur.

R.Zorge 3 yaşında, yəni 1898-ci ildə ailəsi ilə birlikdə Almaniyaya qayıdıb. O, 1914-cü ildə alman ordusuna çağrılıb və həmin vaxtdan 1918-ci ilə kimi bu ordunun tərkibində vuruşub. Zorge Ramzay ləqəbindən istifadə etmişdir. 1916-cı ildə Birinci Dünya müharibəsi cəbhələrinin birində yaralanaraq arxa cəbhəyə göndərilib. Hospitalda müalicə olunarkən Karl Marksın əsərlərini oxumağa başlayır. Həyatının bu dövründə kommunist fəlsəfəsi ilə daha yaxından tanış olur və müalicə aldığı xəstəxanada çalışan bir tibb bacısının atası vasitəsi ilə kommunist hərəkatına qoşulur. Zorgenin müharibə həyatının qalan hissəsi Almaniyanın Kiel, Berlin və Ham burq kimi şəhərlərdə iqtisadiyyat üzrə təhsil almaqla keçir. 1919-cu ilin avqust ayında Zorge Siyasi elm sahəsi üzrə Fəlsəfə doktoru elmi dərəcəsini alır.

R.Zorge 1917-1919-cu illərdə Müstəqil Sosial-Demokrat, 1919-cu ildən etibarən Alman Kommunist Partiyasının üzvü olub. O, 1919-cu ildə Hamburq Universitetini bitirərək bir müddət pedaqogika və jurnalistika sahəsində də fəaliyyət göstərib.

1920-1923-cü illərdə Almaniyanın Axen, Vuppertal və Remşeyd şəhərlərində kommunist ideologiyasının təbliğinə rəhbərlik edən Zorge həm də Zolingen şəhərində partiya qəzetinin redaktoru olub.

Jurnalist adı altında fəaliyyət göstərməklə Avropanın müxtəlif ölkələrinə göndərilir və burada ona tapşırılan əsas işlərdən biri Avropada baş verə biləcək mümkün sosialist inqilabları öyrənmək idi. Zorge Avropada olan kommunist qruplarla əlaqələr yaratmalı və bu barədə mərkəzə müntəzəm şəkildə raport verməli idi. 

1924–cü ildə Zorge Moskva şəhərinə gedir. 1929-cu ildə Zorgeyə Qızıl Ordunun dördüncü bölməsində kəşfiyyat işi verilir. Onun buradakı əsas vəzifəsi SSRİ-ni maraqlandıran xarici kəşfiyyat məlumatlarının toplanması və zamanında ötürülməsi idi.

1930-cu ildə Zorge Şanxay şəhərinə göndərilir. O, burada qəzetin xüsusi müxbiri və araşdırmaçı əməkdaşı kimi fəaliyyət göstərməkdə idi. Jurnalist kimi Çində fəaliyyət göstərdiyi müddət ərzində ölkənin kənd təsərrüfatı və mədəniyyəti ilə maraqlanmağa başlayır. Zorgenin əsas xüsusiyyətlərindən biri getdiyi Asiya  ölkələrin də  yerli  əhalinin dilini öyrənməyə cəhd etməsi idi. Çin və Yaponiyada kəşfiyyat əməliyyatlarında olduğu zaman buna cəhd etsə də həmin dilləri öyrənə bilməmişdir.

 1933-1934-cü illər ərzində Yaponiyada Zorge tərəfindən xəfiyyə şəbəkəsi yaradılır. Zorgenin nəzarəti altında işləyən xəfiyyələrin dövlətə yaxın olan bürokratlarla sağlam münasibətləri vardı və bu münasibətlər zaman-zaman bəzi dəyərli məlumatların əldə edilməsində həlledici rol oynamışdır.

 Yaponiyada yaratdığı xəfiyyə şəbəkəsi ilə SSRİ-ni lazımi məlumatlarla təmin etməsinə baxmayaraq, Zorge İosif Stalin tərəfindən sevilməyən bir şəxs idi. Stalin xəfiyyənin alman mənşəli olması səbəbindən ona çox güvənmədiyini açıq şəkildə ifadə etmişdi. Bu səbəbdən Zorge tərəfindən göndərilən məlumatlar Stalin üçün ciddi əhəmiyyət daşımırdı. 1937-ci ildə SSRİ daxilində repressiya dalğasının başlanması Zorgeni seçim qarşısında qoyur. Xəfiyyə anlayır ki, SSRİ-yə qayıdandan sonra satqın damğası ilə güllələnəcək. Bu səbəbdən edilən bütün təkliflərə və tələbələrə baxmayaraq  Zorge Yaponiyada qalıb sovetlər üçün işləməyə qərar verir.

1941-ci ildə bir casusun həbs olunması və dindirilməsi zamanı Yaponiyada fəaliyyət göstərən böyük bir sovet casusluq şəbəkəsi ortaya çıxarılmış olur. Rixard Zorge 1941-ci ilin 18 oktyabrında Tokioda həbs olundu. Barəsində həbs qərarı çıxarılan Zorge Suqamo həbsxanasına göndərilir. Ağır işgəncələr altında Zorge xəfiyyə olduğunu etiraf etsə də SSRİ üçün işlədiyini inkar etdi. Yaponiya SSRİ-yə etdiyi müraciətdə sovetlərin əllərində olan yapon cəsuslarını Zorge ilə dəyişməyə hazır olduqlarını bildirdilər. SSRİ tərəfindən verilən cavabda isə Rixard Zorge adlı birinin onlara məlum olmadığı bildirilir.

Rixard Zorge saxlanıldığı həbsxanada 1944-cü ilin 7 noyabr tarixində Tokio vaxtı ilə 10:20 də asılaraq edam edilir.

Xəfiyyənin ölümündən sonra belə uzun müddət sovetlər tərəfindən inkar edilməsinin əsas səbəblərindən biri kimi Stalin göstərilməkdədir. İosif Stalinin alman əsilli xəfiyyəyə olan mənfi münasibəti səbəbindən  Zorgenin ölümündən sonrakı 20 ildə belə onun barəsində danışılmamışdır. Xəfiyyənin ölümündən sonrakı illərdə beynəlxalq mətbuatda nadir hallarda olsa da müxtəlif reportajlar və xəbərlər yayımlanır.

Edamın ardından Zorgenin cəsədi saxlanıldığı Suqamo həbsxanasında məhkumlar üçün nəzərdə tutulmuş ümumi məzarlığa dəfn edilir. Sonralar xəfiyyənin  Almaniyada  yaşayan anası Anna Klausenin səyləri ilə cəsəd həbsxanadan çıxarıla bilir.  Nəşin yeni yeri kimi Tokionun Füçi səmtində yerləşən məzarlıq seçilir. Rixard Zorgenin küllərinin saxlanıldığı məzar bu gün belə burada yerləşməkdədi.

Rixard Zorgenin xatirəsinin əziz tutulduğu ölkələrdən biri də Azərbaycandır. Xəfiyyənin 1895-ci ilin 4 oktyabr tarixində Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olması və sonrakı illərdə özü tərəfindən yazılan xatirələrində Azərbaycanı xatırlaması faktı da sözügedən münasibətlərin köklərindən xəbər verir.

XX əsrin ən güclü xəfiyyələrindən biri olan Zorgenin xatirəsinin əbədiləşdirilməsi istiqamətində istər Azərbaycan SSR dönəmində, istərsə də Azərbaycan Respublikası dönəmində bir sıra addımlar atılmışdır. 1981-ci ildə Bakıda heykəltəraş V. Siqal və arxitektor Mikayıl Useynov tərəfindən Rixard Zorgenin xatirə memarlıq kompleksi inşa edilir. Kompleksə daxil olan heykəl mərkəzdə yerləşməkdədir. Bakının Nəsimi rayonu ərazisində xəfiyyənin adını daşıyan küçə də mövcuddur.

Şakir QURBANOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA