Respublika Perinatal Mərkəzindən təxliyə olunmuş yenidoğulmuşlardan 8-i tam sağlam şəkildə evə yazılıb.

Bu barədə TEZADLAR.AZ-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Respublika Perinatal Mərkəzində baş vermiş yanğın nəticəsində TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrinə hospitalizasiya olunan yenidoğulmuşların, hamilə qadın və zahı anaların zəruri müayinə və müalicələri intensiv şəkildə klinik protokollara uyğun olaraq davam etdirilir.

Hər birinin vəziyyəti, müalicə və müayinəsi TƏBİB rəhbərliyinin, eləcə də tabeli tibb müəssisələrinin aparıcı mütəxəssislərinin nəzarətindədir.

Respublika Perinatal Mərkəzindən digər tibb müəssisələrinə hospitalizasiya olunmuş yenidoğulmuşlardan ümumilikdə 8-i bu gün tam sağlam şəkildə evə yazılıb.

Hazırda müalicəsi davam etdirilən 50 uşaqdan 38-nin vəziyyəti stabil, 6-nın vəziyyəti orta ağır, digər 6-nın vəziyyəti isə qənaətbəxşdir.

Uşaqların müalicəsi Yeni Klinika, Kliniki Tibbi Mərkəz, Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.Qarayev adına 2 saylı Uşaq Xəstəxanası, Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Perinatal Mərkəz, Respublika Klinik Xəstəxanası, Sabunçu Tibb Mərkəzi və Xətai Tibb Mərkəzində davam etdirilir.

Uşaqlardan 2-si (əkizlər) valideynlərinin istəyilə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüb.

Qeyd edək ki, TƏBİB-in aidiyyəti struktur bölmələrinin koordinasiyası ilə Respublika Perinatal Mərkəzinin müalicə həkimləri və mütəxəssisləri də təxliyə olunanların müalicə aldığı tibb müəssisələrinin həkimləri ilə birgə çalışırlar.

Xatırladaq ki, dekabrın 8-dən 9-na keçən gecə Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində yanğın olub. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub. Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN