Baş Dövlət Yol Polisi İdarəsi (DYP) əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

DYP hazırda ölkə ərazisində qar və yağışla müşahidə olunan hava şəraitinin yol hərəkət iştirakçıları üçün əlverişsiz olduğunu, yolların buz bağlama ehtimalının artmasını, ümumiyyətlə, mövsüm üçün xarakterik olan dumanlı, yağışlı, qarlı havalarda baş verə biləcək yol qəzalarının qarşısının alınması məqsədilə bir daha sürücülərə müraciət edərək onları nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirməyə çağırıb.

İdarənin mətbuat xidmətindən Tezadlar.az-a bildiriblər ki, müraciətdə deyilir: “Dəyərli sürücülər! Yollarda xoşagəlməz halların yaşanmaması üçün şinlərinin protektorundakı naxışlarının qalmış hündürlüyü normaların tələbinə uyğun olmayan avtomobillərin istismarına yol verməyin, qarlı, şaxtalı havalarda təkərlərin təzyiqini normadan aşağı saxlayın, istismar müddəti çox olan, “ABS” tormoz sistemləri ilə təchiz edilməyən köhnə avtomobilləri idarə etməkdən çəkinin, avtomobilinizin şüşə silgəclərinin, şüşəyuyanlarının, xarici işıq cihazlarının işlək vəziyyətdə olmasından əmin olun, mühərrikin soyuducu sisteminin və şüşəyuyanın donmayan mayelərlə, habelə avtomobillərin zəncir və dartı kəndiri ilə təchiz olunmasını təmin edin.

Qarlı, buzlu yollarda nəqliyyat vasitələrini idarəetmə vərdişləri olmayan sürücülərin sükan arxasına əyləşməsi tövsiyə olunmur”.

Müraciətdə daha sonra bildirilir: “Unutmayaq ki, hərəkət sürətinin yol və hava şəraitinə uyğun seçilməsi, ara məsafəsinin gözlənilməsi, zərurət olmadan ötmə əməliyyatlarının aparılmaması, qəfil manevr və kəskin tormazlamalardan çəkinmə, xüsusilə enişli-yoxuşlu yollarda, sərt döngələrdə ehtiyat tədbirlərinin görülməsi hər zaman, xüsusilə əlverişsiz hava şəraitində ən etibarlı yanaşmadır”.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN