“Startap” şəhadətnaməsinin verilməsi üzrə daxil olan layihələri dəyərləndirən Ekspertlər Şurasının tərkibi yenilənib.

Ekspertlər Şurasında Dövlət Vergi Xidməti, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Əqli Mülkiyyət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, “Azərbaycanda İnternetin İnkişafı Forumu” İctimai Birliyi, “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” İctimai Birliyi təmsil olunur. Şuraya Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov sədrlik edəcək. Ekspertlər Şurası növbəti 2 il müddətinə “Startap” şəhadətnaməsinin verilməsi üzrə KOBİA-ya daxil olan layihələri dəyərləndirəcək və qərar qəbul edəcək.​

Şuranın yeni tərkibdə keçirilmiş ilk iclasında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, şuranın əvvəlki tərkibdə 22 iclas keçirilib, 300-ə yaxın layihəyə baxılıb, mikro və kiçik sahibkarlıq subyektlərinə 100-ə yaxın “Startap” şəhadətnaməsi verilib. Bildirilib ki, bu dəstək mexanizmi Agentliyin qrant dəstək aləti ilə birlikdə ölkədə startap ekosisteminin inkişafında əhəmiyyətli rol oynayır. Startaplar xüsusən son bir neçə ildə KOBİA-nın təşkil etdiyi yerli və beynəlxalq tədbirlərdə aktiv təmsil olunur, Agentliyin müxtəlif dəstək və xidmətlərindən istifadə edirlər. “Bakı KOB evin”ndə fəaliyyət göstərən Startap İnkişaf Mərkəzində startaplara layihələrini inkişaf etdirmələri üçün ortaq iş məkanı yaradılıb. “Startap” şəhadətnaməsi əsasən vergi güzəşti versə də, tərcübə göstərir ki, bu sənəd daha geniş təsir imkanlarına malikdir.​

Sonra “Startap” şəhadətnaməsi üçün Agentliyə daxil olan müraciətlərə baxılıb.​

Qeyd edək ki, “Startap” şəhadətnaməsini almaq üçün sahibkarlıq subyektləri KOBİA-ya müraciət etməlidir. Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na uyğun gələn müraciətlərə Ekspertlər Şurası tərəfindən baxılır və “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilir. “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.