Yasamal rayon Məhkəməsinin hakimi Kərim Xudayevin «Təzadlar» qəzetinə qarşı Azərbaycan dövlətinin adından elan etdiyi absurd və presedent yaradacaq qərarının mahiyyəti bunu deməyə əsas verir…
Gəlirəm mətləbə: bu yazının sonunda hakimin qəbul etdiyi qətnamənin bütün səhifələrini təqdim edirəm və peşəkarlığına güvəndiyim vəkillərin (Əlirza Həbilovun, Muxtar Mustafayevin, Araz Nurməmmədovun, Adəm Məmmədovun, Arzu Cavadovun…) bu qərara mövqeyini bilmək istərdim. Bəlkə, həqiqətən də bu qərar doğrudur! Bəlkə həqiqətən də biz bəzi hüquqi həqiqətləri bilmirik və adını çəkdiyim peşəkar vəkillərin (adını çəkmədiyim vəkil dostlarımız inciməsin, bəri başdan üzrxahlığımı bildirirəm. Çünki gərək onda minlərlə vəkilin adını bu siyahıya daxil edəm) rəyi və ya məsləhəti media olaraq bizim üçün çox dəyərlidir. Eləcə də, Professor Qulu Məhərrəmlinin, hansı ki, aşağıda bəhs edəcəyim mövzu ilə bağlı məhkəmə öncəsi şərhi var idi və hakimə də təqdim edilmişdi, hakim yüksək qiymətləndirmişdi. Amma və lakin…
***
Beləliklə: Bildiyim odur ki, insan ədalətli olarsa, bil ki, o vicdanlıdır. Vicdanlıdırsa, deməli, ədalətlidir!
Amerikanın bir ştatında yaşlı kişi çörək almağa pul tapmır, az qalır acından ölsün. Gəlir çörək dükanına və satıcı arxaya baxan kimi bir çörəyi sırıxlısının içində gizlədib qaçmaq istəyir, bu zaman dükana girən polis onu yaxalayır, aparır idarəyə. Sonra onu çörək oğurladığına görə məhkəməyə verirlər. Qoca onu çörək oğurluğunda ittiham edənlərə başa sala bilmir ki, o bu oğurluğu etməsəydi, ən azından öləcəkdi və məlum olacaqdı ki, həmin polisin xidmət etdiyi ərazidə bir nəfər müəmmalı şəkildə ölüb. Bu isə polisin, bələdiyyənin, merin ziyanına olan iş olacaqdı. Beləcə, heç kim qocanı başa düşmək istəmir, deyirlər ki, yox, bizdə qanun belədir! Nəhayət, qocaya məhkəmə qurulur, o günahını belə izah edir: “O qədər ac idim, gördüm ölürəm, ona görə də bu oğurluğu etdim. Başqa çarəm yox idi…”.
Hakim işi araşdırır, dükançını, polisi, ərazi bələdiyyəsinin rəisini dinləyib qərar verir: «Qanunlarımıza görə, qoca oğurluq edib. Amma o bu oğurluğu ilə bir adamı ölümdən xilas edib...».
Bu zaman zaldakılar səs-küy salır. Hakim isə davam edir: «Əgər qoca oğurluq etməsəydi, o öləcəkdi, bəs ölsəydi kim bu ölümdə günahkar olacaqdı? Zaldakılar susur. Hakim yenidən əlavə edir: «Təbii ki, sizlər-qocanı həbs edən polis, tutub gətirən konvoy, bu şəhərin sakinini ac qoyan bələdiyyə sədri… Mən oğurluğu etiraf etdiyinə görə, qocanı 10 dollar cərimə edirəm. Amma bu pulu ödəyə bilməyəcəyini də bilirəm, ona görə onun əvəzinə cəriməni mən ödəyəcəm”.
Məhkəmə zalında hamı susur, hakim cibindən 10 dolları çıxardıb qocanın cəriməsi olaraq xəzinəyə mədaxil edilməsini tapşırır. Sonra ayağa qalxıb zaldakılara belə deyir: «Eşidin, bu oğurluq cinayətində qoca tək deyildir…». Bu vaxt prokuror sevinir, polis gülümsəyir ki, nəhayət, onların xidməti işi artırılacaq, əlavə oğruları məsuliyyətə cəlb edəcəklər. Amma hakim prokurorun qırımını görüb dərhal da deyir: «Bu oğurluqda sizin hamınız iştirakçısınız, deməli, siz də günahkarsınız! Ona görə də hər biriniz 10 dollar cərimə edilirsiniz, çünki yaşlı bir kişinin oğurluq etməyə məcbur qaldığı bir şəhərdə yaşayırsınız…». Məhkəmə zalında 500 dollar pul toplanır və hakim həmin pulu qocaya verir, ardınca uca səslə: «Yaşadığınız bu şəhərdə oğurluq edən bir adam görsəniz, bilin ki, o şəhəri idarə edənlər ədalətli adamlar deyillər, onlar oğurluğa məcbur edilmişlərin haqqına giriblər, özləri oğurluqla məşğuldurlar!».
***
Dostlar, adam kövrəlir: niyə Azərbaycan məhkəmələrində də belə ibrətamiz, əməli dastana çevriləcək hakimlər yoxdur??? Azərbaycanın Amerikadan nəyi əskikdir??? Mən bu müdrik həyat hekayəsindən aldığım təəssüratları real həyat hadisələri ilə tutuşdurmağa çalışıram, amma ha cəhd etsəm də, yaşadığım bu mühitdə hansısa bir uyğunluq tapa bilmirəm.
***
…Bəli, ötən ilin sentyabrında Neftçilərin Hüquqlarının Müdafiəsi İB-nin sədri Mirvari Qəhrəmanlının özünün və NHMT-nin rəsmi sosial media platformasında SOCAR rəhbərliynə xitabən, qurumun Geofizika və Geologiya İdarəsində baş verənlərlə bağlı araşdırılıb tədbir görülməsi niyyəti ilə və tövsiyyə xarakterli faktlar təqdim edilir, yazı yayımlanır, çoxsaylı şərhlər təqdim edilir və s. Bundan təxminən iki həftə sonra «Təzadlar»ın rəsmi saytının 20 oktyabr 2023-cü il tarixli buraxılışında M.Qəhrəmanlının müəllifilik hüququ pozulmadan, istinad edilərək və olduğu kimi həmin faktlar və yazılar əsasında «SOCAR-ın Geofizika və Geologiya İdarəsində müəmmalar» başlıqlı məqalə yayımlanır (https://tezadlar.az/index.php/en/medi-a/21780-socar-in-geofizika-v-geologiya-i-dar-si-r-isinin-ail-podrati.html).
Gördüyünüz kimi, məqalənin girişində xüsusi mətnlə və vurğu ilə yazılır ki, Neftçilərin Hüquqlarının Müdafiəsi (Bundan sonra: NHMT) İB-nin sədri Mirvari Qəhrəmanlı özünün (NHMT-nin) elektron poçtuna daxil olan, eləcə də ona (NHMT-yə) məxsus sosial platformada yayımlanmış bir sıra informasiyalarla bağlı «Təzadlar» qəzetinə (sayta) açıqlamalar vermişdir və s. Ardınca isə M.Qəhrəmanlıya müraciət etmiş şikayətçi olan neftçinin ona yazmış olduğu və artıq yayımlanmış məlumatlara istinad edilməklə, «Media haqqında» Qanunun 20.2 və 77.2-ci maddələrinin tələblərinə riayət olunaraq, M.Qəhrəmanlının müəllif hüquqlarını pozulmadan, həmin məlumatlar yayımlanır.
Göründüyü kimi, redaksiya Qanunun 1.1.7. maddəsində qeyd olunduğu kimi, ilkin və əsas mənbəyə istinad edərək Azərbaycan Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alınmış, uzun müddətdir fəaliyyət göstərən QHT olan NHMT-nin onlayn (sosial) mediada yayımlanmış informasiyasını istinad edərək yaymışdır. Hansı ki, həmin məqalə, təkrar edirəm, SOCAR-ın Geofizika və Geologiya İdarəsində baş verənlərə aiddir. Amma Yasamal rayon Məhkəməsinə SOCAR-ın hansısa bir struktur vahidində çalışan, yazıda adı bəlkə də onbeşinci sırada keçən Baqiyev İlyas Knyaz oğlu adlı şəxs
«Şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi tələbinə dair» mülki iddia ilə (İş№2(004)-5715-2023) məhkəməyə ərizə təqdim edir. Və mən məhkəmənin hazırlıq iclasında hakimə «Media haqqında» Qanunun 77-ci maddəsinin tələblərini və qanunun özünü təqdim edib deyirəm ki, bu iddianın media olaraq bizə heç bir aidiyyəti yoxdur, ərizə icraata qəbul edilə bilməz! Hakim Kərim Xudayev nə məni, nə də qanunu… eşitmir, amma, SOCAR-ın vəkilini eşidir!!! Olsun, eşitmək günah deyil, amma sonrası və nəticəsi günahlı olmasın!
Qısası, hakim sübutlarım qarşısında susub məqaləni Məhkəmə Ekspertizasına göndərməyə qərar verir. Yenə də məhkəmə zalında etiraz edirəm ki, bu ekspertiza hansı nəticəyə gələcək, bilmirəm, amma bunun da bizə heç bir aidiyyəti yoxdur, çünki yazıdakı faktlar bizə aid deyil. Hakim məni eşidir, amma bildiyini edir! Olsun!
***
Peşəkarlığına dərin hörmət bəslədiyim vəkillər və hüquqşünaslar, media ekspertləri! Azərbaycan Milli Məclisində 125 deputatın səs verib qəbul etdiyi, Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2021-ci il tarixli Fərmanı ilə təsdiqlənmiş (№ 471-VIQ) «Media haqqında» Qanunun 9-cu fəsilinin ««Media haqqında» Qanunun pozulmasına görə məsuliyyət» bölməsinin 77-ci maddəsində yazılır:
«Maddə 77. Bu Qanunun pozulmasına görə məsuliyyət
77.1. Bu Qanunun tələblərinin pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsi ilə müəyyən edilmiş hallarda məsuliyyət daşıyırlar».
Əla! Qanunun tələbini pozsaq, qoy lap bizi edam etsinlər! Amma biz qanunun heç bir tələbini pozmamışıq. Və Qanunun 77.2 bəndində deyilir: «77.2. Mediada yayılmış həqiqətə uyğun olmayan məlumata görə redaksiya, eləcə də jurnalist aşağıdakı hallarda məsuliyyət daşımır:
77.2.1. həmin məlumat dövlət orqanlarının (qurumlarının) vəzifəli şəxsləri və ya onların mətbuat xidmətləri tərəfindən rəsmi yayılmışdırsa;
77.2.2. həmin məlumat informasiya agentliklərindən və ya idarə, müəssisə, təşkilat, siyasi partiya və qeyri-hökumət təşkilatlarının mətbuat xidmətləri tərəfindən yayılmışdırsa;
77.2.3. həmin məlumat Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, dövlət orqanlarının (qurumlarının), bələdiyyələrin, idarə, müәssisә, təşkilat və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, habelə vəzifəli şəxslərin rəsmi çıxışlarında olduğu kimi təkrar edilmişdirsə;
77.2.4. həmin məlumat canlı yayımla efirə gedən çıxışlarda səsləndirilmişdirsə».
Gördüyünüz kimi, Qanunun 77.2.2-ci maddəsində konkret və aydın şəkildə qeyd olunduğu kimi, mübahisələndirilən məqalədəki bütün məlumatlar rəsmi qeydiyyatda və fəaliyyətdə olan Qeyri-Hökumət Təşkilatı- NHMT-nin rəhbəri və qurumun bütün mətbuat və informasiya məlumatlarının yayıcısı olan Mirvari Qəhrəmanlının şəxsən özü tərəfindən yayılmış məlumatlara olduğu kimi, təhrif və ya əlavə edilmədən verilmişdir. Bu məlumatların-informasiyanın sahibi Mirvari Qəhrəmanlıdır, «Təzadlar» qəzeti yox!!! Yəni, bunu bilmək üçün daha nə lazımdır?!
İkincisi, redaksiya «İnformasiya əldə etmək haqqında» Azər. Resb. Qanunun tələblərinə uyğun olaraq Neftçilərin Hüquqlarının Müdafiəsi İB-nin sədri M.Qəhrəmanlı tərəfindən onun sosial media platformasında yayımlanmış, redaksiyaya təqdim olunmuş məlumatları 15 oktyabr 2023-cü il tarixdə SOCAR-ın This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron ünvanına «İnformasiya sorğusu» formasında göndərmiş, mövqe bildirilməsi xahiş edilmişdir (Mətn təqdim edilir). Halbuki bunu da ehtiyac yox idi, çünki bu məlumatın sahibi M.Qəhrəmanlıdır, media subyekti və ya jurnalist yox! Lakin informasiya sahibi isə bu sorğunu nəinki qanunun tələblərinə uyğun müddətdə, hətta bu günədək cavablandırmamışdır. Yalnız bundan iki həftəlik iş günündən sonra həmin məlumatlar tərəfimizdən NHMT-yə istinadla yayımlanmışdır. Redaksiya 03 noyabr 2023-cü il tarixdə də təkrarən SOCAR-ın qeyd edilən elektron poçtuna digər məlumatları və sənədləri də əlavə etməklə informasiya sorğusu göndərmişdir. Bu günədək də qarşı tərəf təkrar sorğunu və ya elektron məktubu da cavablandırmamışdır.
Azərbaycan Respublikası «Media haqqında» Qanunun 5-ci- «Media azadlığı» maddəsinin 5.3-cü bəndində yazılır: «Media sahəsində fəaliyyətin azadlığı hər kəsin qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır». Redaksiya bu əsasları və qanunun yuxarıda qeyd etdiyim digər tələblərini rəhbər tutaraq mənbəyə istinad etməklə məlumat xarakterli şikayət məktubunu (müraciəti) yayımlamışdır.
Üçüncüsü, Bakı Dövlət Universitetinin professoru və BDU-nun Jurnalistika fakültəsinin müdiri, dilçi alim Qulu Məhərrəmli, eləcə də Tanınmış filioloq və yazıçı Akif Əli mətbuata açıqlama verərək sosial platformalarda cəmiyyətə açıq olan, aşkar mənbəə və ya şəxs tərəfindən yayılmış məlumatları yayıydığına görə jurnalist, yaxud media subyekti heç bir halda məsuliyyət daşıya bilməz (Həmin rəsmi açıqlamaların hər biri də məhkəməyə təqdim edilib). Hakim bu şərhləri qəbul edir, bəyənir, amma və lakin!
Məhkəmənin diqqətinə onu da çatdırmışam ki, Qanunun 6-cı maddəsinin («Jurnalist fəaliyyətinin təminatı») 6.3 bəndində yazılır: «Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, ümumi istifadə üçün nəzərdə tutulmuş məlumatların toplanması, hazırlanması, redaktə və istehsalı, ötürülməsi, habelə həmin məlumatlara dair fikir bildirilməsi (şərh verilməsi) ilə bağlı jurnalistlərin təqib edilməsi və onlara təzyiq göstərilməsi yolverilməzdir».
İddiaçı tərəfindən mübahisələndirilən və tezadlar.az saytının 20 oktyabr 2023-cü il tarixli buraxılışında yayımlanmış «SOCAR-ın Geofizika və Geologiya İdarəsində müəmmalar» başlıqlı məqalə konkret faktlarla bütövlükdə adı çəkilən idarədəki «ailə podratı»na və digər problemlərə həsr olunmuşdur. Redaksiya qanunvericiliyin tələblərinə uyğun olaraq tədbir görülməsi üçün həmin məqalənin SOCAR Prezidenti cənab Rövşən Nəcəfə göndərmişdir. SOCAR Prezidentinin göstərişi ilə SOCAR-ın Geofizika və Geologiya İdarəsində yoxlamalar aparılmış və nəticəsi olaraq tezadlar.az saytında qeyd edilən faktlar təsdiqini tapmış, idarənin rəisi Elçin Şirinov yol verdiyi nöqsanlara görə vəzifəsindən çıxarılmışdır. Bu barədə NHMT-nin sədri M.Qəhrəmanlı rəhbəri olduğu QHT-nin sosial media hesabında paylaşım etmişdir. Və bütün bunlar bir daha sübut edir ki, QHT rəhbəri M.Qəhrəmanlının yaydığı məlumatlara istinadla yayımlanmış məqalə həqiqəti əks etdirmişdir.
Sonda: mübahisələndirilən məqalə M.Qəhrəmanlının sosial platformasında və tezadlar.az saytında yayımlanmasından sonra SOCAR strukturlarında çalışan və hələki adını çəkmək istəmədiyim məsul şəxslər M.Qəhrəmanlıya müraciət edərək yayımlanmış həmin məlumatlardan məhz İlyas Bağıyevin adının çıxarılmasını israrla xahiş etmiş, başqa müəmmalı təkliflər də irəli sürmüşlər. M.Qəhrəmanlı isə bu təklif və xahişləri birmənalı rədd etmişdir. Nəhayət, həmin məlumatlar tezadlar.az saytında yayımlandıqdan sonra qarşı tərəf rəhbəri olduğum media subyektindən bu yazının sildirməyin yeganə yolunu məhkəməyə müraciət edərək guya təsir və təzyiq vasitəsi kimi təkzib etdirərək saytdan sildirilməsini güman etmişdir. Amma mən güman edirdim ki, Azərbaycanın məhkəmə sistemindəki mövcud islahatlar bu cür arzuları birmənalı rədd edir. Sən demə, yanılırmışam… Və hakim başqasının yayımladığı, tərəfimizdən yayımlanarkən qanunun tələblərinə görə məsuliyyət daşımadığımız yazıya görə qəzetin 500 manat cərimələnməsi və təkzib verilməsi barədə Azərbaycan Dövlətinin adından qətnamə çıxarır!
Açığı, məni nə o 500 manat, nə də təkzib narahat etmir, çünki onsuz da Bakı Apellyasiya Məhkəməsi bu cür qətnaməni ləğv edəcək! Amma məni narahat edən odur ki, hakim və hakimə təpki gələn SOCAR-dakı məlum şəxs və ya şəxslər Azərbaycan Dövlətinin Ali rəhbərinin- Prezident İlham Əliyevin imzaladığı «Media haqqında» Qanunu tanımaq istəmirlər və presedent yaradırlar! Ki, bundan sonra heç bir jurnalist başqasının hər hansı tənqidi yazı və ya statusuna əl vurmasın! Yoxsa, onu məhkəmə cəriməsi və təkzib gözləyəcək! Bu, jurnalistikaya təhdid və zor tətbiqidir! Təsəvvür edin ki, Ukrayna prezidenti Zeleneski Rusiya prezidenti Putin haqqında hansısa xoşagəlməz ifadə işlədir, bizim bütün rəsmi və ya qeyri-rəsmi agentliklər, saytlar… yayımlayır. Həm də «Təzadlar» qəzeti. Prezident Putinin mətbuat xidməti isə «Təzadlar»ı məhkəməyə verir ki, təkzib verin və vurduğunuz mənəvi ziyana görə cərimə ödəyin! SOCAR-ın məntiqi ilə belə olmalıdır, eləmi???
Yox, cənablar! Bu o deməkdir ki, biz bu cür qanunsuz və absurd, jurnalistə, mediaya təzyiq və peşə fəaliyyətinə məhkəmə vasitəsilə mane olma qərarından Avropa Məhkəməsinə müraciət etməliyik! Bizi buna məcbur edirlər! Niyə?
İndi düşünün, hakim SOCAR-dakı məlum müəllimi eşidir, onun iddiasını üzərimizdə tətbiq edərək Azərbaycan dövlətinin adından absurd qərar elan edir, biz də Avropa Məhkəməsində Azərbaycan Dövlətinə qarşı iddia qaldırmalıyıq ki… Başqa yol qoymursunuzsa, daha nə deyə bilərik?!
Amma bilin, Siz bu Vətənin vəzifəsini, pulunu, statusunu… sevdiyinizdən min qat artığı ilə biz bu Vətəni 44 günlük Vətən müharibəsində şəhidlər verərək təmənnasız sevənlərdənik! Çünki Sizin üçün öndə həmin o vəzifə, pul və status varsa, bizim üçün o vaxt öndə Ali Baş Komandan və onun 30 ildir erməni işğalında qalmış torpaqlarımızın azadlıq əmri dururdu!
Asif MƏRZİLİ
(Qətnamənin tam ölçülü səhifələri fb səhifəmdədir)