Müharibə və döyüşçülər haqqında

           Biz ən yaxşı düşmənlərimizdən, eləcə də ürəkdən sevdiklərimizdən mərhəmət istəmirik. Qoyun, sizə həqiqəti söyləyim!

         Mənim hərb qardaşlarım! Mən sizi ürəkdən sevirəm. Mən həmişə sizinlə, sizə bərabər olmuşam. Mən həm də sizin ən yaxşı düşməninizəm. Qoyun, sizə həqiqəti deyim!

         Qəlbinizdəki nifrət və həsəddən xəbərim var. Nifrət və həsədi bilməyəcək qədər böyük deyilsiniz. Elə səviyyədə olun ki, özünüzdən utanmayasınız!

         Əgər idrakın asketləri ola bilmirsinizsə, heç olmasa onun döyüşçüləri olun. Onlar bu asketizmin yoldaşları və xəbərçiləridir.

         Mən çoxlu əsgər görürəm. Necə də çox döyüşçü görmək istərdim! Onların geyindikləri libas “mundir” adlanır. İstərdim ki, onun altında gizlətdikləri mundir olmasın!

         Baxışları həmişə düşmənini axtaran biri olun. Və bəzilərinizin ilk baxışından nifrət yağır. Düşməninizi axtarırsınız, müharibənizi, düşüncələrinizin müharibəsini aparırsınız! Əgər düşüncən tab gətirə bilmirsə,  yenə də dürüstlüyünüz onun üzərində qələbə çalmalıdır!

         Sülhü yeni müharibələr üçün bir vasitə kimi sevin. Üstəlik, qısa bir sülh uzun sülhdən daha böyükdür.

         Mən sizi işləməyə yox, mübarizə aparmağa çağırıram. Mən sizi sülhə yox, qələbəyə səsləyirəm. Əməyiniz mübarizə, sülhünüz qələbə olsun!

         Yalnız  ox-yay olanda sakit oturub susmaq olar. Əks halda boş-boş danışıb söyüşürlər. Qoy sülhünüz qələbə olsun!

         Deyirsiniz ki,xeyirxah məqsəd hətta müharibəni belə təqdis edir. Mən isə sizə deyirəm ki, müharibənin xeyri hər bir məqsədi təqdis edir.

         Bəşər övladı üçün müharibə və cəsarət yaxınını sevməkdən daha böyük tövhələr verib. İndiyə qədər bədbəxt insanları xilas edən sənin mərhəmətin yox, cəsarətin olub.

         Siz soruşursunuz ki, yaxşı nədir? Yaxşı- cəsur olmaqdır.. Təsəvvür edin ki, kiçik qızlara “xeyirxah olmaq şirin və eyni zamanda təsirlidir” deyirsiniz.

         Sizi ürəksiz adlandırırlar. Ancaq ürəyiniz safdır və mən sizin səmimiyyətinizin utancını sevirəm. Siz hisslərinizin artmasından, başqaları isə azalmasından utanır.

         Siz eybəcərsiniz? Yaxşı, qardaşlarım! Özünüzü bu eybəcərliyin mantiyası olan aliliyə bürüyün!

         Ruhunuz böyüdükcə təkəbbürlü olur.Sizin yüksəkliyinizdə  bir kin var. Mən sizi tanıyıram.

         Qəzəbdə təkəbbürlə zəif qarşılaşır. Amma onlar bir-birini başa düşmürlər. Mən sizi tanıyıram.

         Düşmənlərinizə nifrət bəsləməli, eyni zamanda onlarla fəxr etməlisiniz. O zaman düşmənizin uğurları sizin uğurlarınız olacaq.

         Üsyan qulun şücaətidir. Qoy şücaətiniz, verdiyiniz əmr  itaət olsun!

         Yaxşı bir döyüşçü üçün “sən etməlisən” sözü “mən istəyirəm”dən daha xoş səslənir. Və sevdiyiniz hər şeyi əvvəlcə özünüzə şamil etməlisiniz.

         Qoy həyata sevginiz ən yüksək ümidinizə olan sevgi olsun və bu ən yüksək ümid həyat haqqında ən yüksək düşüncə olsun!

         Ancaq ən yüksək düşüncəniz sizə mənim tərəfimdən əmr edilməlidir. Və o deyir: insan özündən yüksəyə qalxmalı məxluqdur.

         Odur ki, ömrünüzü itaətlə və döyüşlə yaşayın! Uzun ömrün nə faydası var! Hansı döyüşçü rəhm diləyər?

         Sizə yazığım gəlmir, sizi ürəkdən sevirəm, döyüş qardaşlarım!

         Zərdüşt belə dedi.

Yeni büt haqqında 

         Mənim qardaşlarım, bəzi yerlərdə hələ də xalqlar və sürülər var, amma bu bizə aid deyil. Bizdə dövlət var.

         Dövlət? Nədir bu dövlət? İndi mənə qulaq asın və mən sizə xalqların ölümü haqqında danışacam.

         Bütün soyuq əjdahaların ən soyuğu dövlət adlanır. Ağzından “Mən, dövlət elə xalqdır” soyuq yalanlar çıxır.

        Xalqları yaradan, onlara inam və sevgi bəxş edənlər yaradanlar idi. Onlar həyata belə xidmət etdilər.

        Çoxlarına tələ qurub onları dövlət adlandıranlar da dağıdıcılardır. Başlarının üstündən qılınc asıb, onlara yüzlərlə istək yükləyiblər.

    Bəzi yerlərdə elə xalqlar var ki, dövləti başa düşmürlər və ona bəd nəzər, adət-ənənə, hüquq pozuntusu kimi nifrət edirlər.

      Mən sizə belə bir işarət verirəm: hər bir xalq öz dilində xeyirdən-şərdən danışır, amma qonşusu bu dili başa düşmür. Hər bir xalq öz dilini adət-ənənələrdə, hüquqlarda təkmilləşdirir.

        Amma dövlət bütün dillərdə xeyir və şər haqqında yalan danışır: Nə deyirsə, yalan  deyir, nəyi varsa, oğurlayıb.

        Onda olan hər şey saxtadır.Oğurladığı hər şeyi dişləyir.Çünki o dişlidir. Hətta onun bətni də saxtadır.

       Xeyir və şərdə dillərin qarışması. Bu işarəti dövlət əlaməti olaraq sizə verirəm. Həqiqətən, bu işarət ölmək istəyini bildirir! Həqiqətən, o, ölümü təbliğ edənlərə göz vurur!

      Çox insan doğulur. Dövlət artıq olanlar üçün  icad edilib!

      Görün, onları özünə necə cəlb edir, onları necə boğur, çeynəyir və çeynəyir!

     “Yer üzündə məndən böyük heç nə yoxdur. Mən Allahın əmr barmağıyam” - əjdaha belə nərildəyir.Onun qarşısında diz çökənlər təkcə uzunqulaqlar və uzaqgörənlər deyil!

     Ah, o hətta sizə, böyük qəlblərə qaranlıq yalanlarını pıçıldayır! Ah, o, özlərini həvəslə israf edən zəngin ürəkləri də tapır!

     Bəli, hətta sizi, köhnə Tanrının qaliblərini tapır! Siz mübarizə aparmaqdan yorulmusunuz və indi yorğunluğunuz yeni bir bütə xidmət edir!

     Ətrafına qəhrəmanlar və vicdanlı insanlar yerləşdirmək istərdi bu yeni büt! O, təmiz bir vicdanın günəşində qızınmağı sevir - soyuq bu əjdaha!  

     Yeni bütə səcdə etsəniz, o, sizə hər şeyi verməyə hazırdır. Beləliklə o, sizin fəzilətinizin parıltısını və məğrur gözlərinizin baxışlarını satın alır.

       O, sizi şirnikləndirmək istəyir! Və beləcə, ilahi ləyaqətlərin qoşqularını sarsıdan, cəhənnəm kimi bir şey- ölüm atı icad edildi. 

     Bəli, ölüm çoxları üçün icad edilib, lakin o, özünü həyat kimi izzətləndirir. Həqiqətən, ölümü təbliğ edənlərə ürəkdən xidmət!  

    Mən yaxşıların, axmaqların birlikdə zəhər içdiyi, yaxşı və pis hər kəsin özünü itirdiyi, yavaş-yavaş intiharına “həyat” deyilən yeri dövlət adlandırıram.

         Bu artıq adamlara baxın! Onlar ixtiraçıların əsərlərini və müdriklərin xəzinələrini oğurlayırlar. Oğurluqlarını mədəniyyət adlandırırlar. Onlarda hər şey xəstəliyə və bədbəxtliyə çevrilir!

         Bu artıq insanlara baxın! Onlar həmişə xəstə olur, ödlərini qusur və bunu qəzet adlandırırlar. Bir-birlərini udur və heç vaxt özlərini həzm edə bilmirlər.

        Bu artıq insanlara baxın! Onlar var-dövlət əldə edir və bunun sayəsində daha da yoxsullaşırlar. Onlar hakimiyyət və hər şeydən əvvəl hakimiyyətin rıçağını, çoxlu pul istəyirlər- bu zəiflər!

        Görün necə dırmaşırlar, bu çevik meymunlar! Onlar bir-birinin üstünə çıxır və buna görə də palçığa və uçuruma düşürlər.

        Hamısı taxt-taca çatmaq istəyir. Onların ağılsızlıqları odur ki, xoşbəxtliyi taxtda oturmaqda görürlər! Çox vaxt əxlaqsızlıq taxtda, çox vaxt da taxt əxlaqsızlıqda oturur.

         Məncə, onların hamısı dəlisov, dırmaşan, havalanmış meymunlardı. Fikrimcə, onların kumiri olan soyuq əjdahadan, bütün bu büt qulluqçularından pis iy gəlir.

         Qardaşlarım, doğrudanmı siz onların çənələrinin, şəhvətlərinin tüstüsündə boğulmaq istəyirsiniz! Tələsin, pəncərələri sındırın və çölə tullanın!

         Pis qoxudan çəkinin! Artıq insanların bütpərəstliyindən uzaq durun!

         Pis qoxudan çəkinin! Bu insan qurbanlarının tüstüsündən uzaq durun!

         İndi də yer böyük ruhlar üçün azaddır. Tənha və ikilikdə tənhalıq edənlər üçün sakit dənizlərin ətri gələn çoxlu boş yerlər var.

         Azad həyat hələ də böyük ruhlar üçün dayanır. Şübhəsiz ki, az şeyə sahib olanlar daha az şeyə sahib olacaqlar. Az yoxsulluğa həmd olsun!

         Dövlətin bitdiyi yerdə, artıq olmayan insan başlayır. Orada bir dəfə mövcud olan və dönməz bir melodiya səslənir,

          Dövlətin bitdiyi yerə baxın, qardaşlarım! Məgər siz fövqəlinsana aparan göy qurşağını, körpüləri görmürsünüzmü?

         Zərdüşt belə dedi. 

Bazar milçəkləri haqqında  

         Qaç, dostum, öz tənhalığına qaç! Görürəm ki, böyük insanların hay-küyündən qulaqların kar olub, kiçiklərin sancmalarına məruz qalmısan.         

         Meşə və qayalar ləyaqətlə səninlə birlikdə susmağı bilir. Yenə də, budaqları uzanmış, başını sakitcə, dinləyərək dəniz üzərinə əyən sevimli ağacınız kimi olun.    

        Tənhalığın bitdiyi yerdə bazar, bazarın başladığı yerdə isə böyük oyunbzların səsi və zəhərli milçəklərin vızıltısı başlayır.

         Dünyada ən yaxşı şeyləri heç kim təqdim etmirsə, onların heç bir dəyəri olmur. Xalq bu təqdim edənləri böyük insanlar adlandırır.

         Xalq böyükləri, yəni yaradıcını pis dərk edir. Amma o, böyüklərin bütün nümayəndələrini və aktyorlarını sevir.

         Dünya yeni dəyərlərin ixtiraçılarının ətrafında  görünməz şəkildə fırlanır. Ancaq komediantların ətrafında insanlar və şöhrət fırlanır - dünyanın nizamı belədir.

         Komediantın da ruhu var, amma onun ruhunun vicdanı azdır. O, həmişə ən güclü şəkildə inandığı şeyə-özünə inanır!

         Sabah onun yeni, birisi gün isə daha da yeni inamı olur. Onun hissləri xalq kimi sürətlidir, əhvalı isə dəyişkəndir.

          Sübut etməyi dağıtmaq, inandırmağı dəlilik adlandırır. Qan isə onun üçün bütün səbəblərin ən yaxşısıdır.

      O,yalnız nazik qulaqlara sıçrayan həqiqəti yalan və heç nə adlandırır. Doğrudan da, o, ancaq dünyada çoxlu hay-küy salan tanrılara inanır!

      Bazar bayram təlxəkləri ilə doludur. Xalq onları böyük insan hesab edib onlarla öyünürlər! Xalq üçün onlar anın ağasdırlar.

        Ancaq dəqiqə onları,onlar da səni israrla tələsdirir. Və onlar səndən Bəli və ya Xeyr eşitmək istəyirlər. Vay! Sən iki stul arasında oturmaq istəyirsən?

     Ancaq bir dəqiqə onları tələsdirir: buna görə də səni tələsdirirlər. Və səndən Bəli və ya yox eşitmək istəyirlər. Vay, iki stul arasında oturmaq istəyirsən?

       Sən ey həqiqət həvəskarı! Bu qeyd-şərtsiz, israrla tələsənlərə həsəd aparma! Həqiqət heç vaxt qeyd-şərtsizlərin arqumenti olmayıb.

     Sən bu tələsənlərdən, bazarda hə,yaxud yox sualı ilə hücum edənlərdən uzaqlaş.

        Bütün dərin bulaqların həyatı yavaş keçir. Onlar dərinliklərinə nə düşdüyünü öyrənənə qədər uzun müddət gözləməli olurlar.

       Bütün böyüklər bazardan və şöhrətdən kənar gəzir.Ta qədimdən yeni dəyərlərin yaradıcıları da bazardan və şöhrətdən uzaqda yaşamışlar.

       Mənim dostum, sən öz tənhalığına qaç. Zəhərli milçəklər səni əldən salıb. Sərt, təmiz havanın əsdiyi yerə qaç!

      Öz tənhalığına qaç! Kiçik, miskin insanlara çox yaxın yaşadın. Onların görünməz intiqamından qaç! Onlar səndən  də intiqam almaq istəyiblər.

      Onlara əl qaldırma! Onların sayı-hesabı yoxdur. Sənin taleyinə milçəköldürən yazılmayıb.

        Bu kiçik, miskin insanlar sayca çoxdurlar. Bəzən möntəşəm bir binanı yağış damcıları və alaq otları məhv edə bilir.

       Sən daş deyilsən, amma damcılar səni yorub. Damcılar çoxaldıqca sınacaq və çatlayacaqsan...

(Ardı var)

Tərcümə etdi: Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN