"Onlar bu problemin həllinin məhz sizdən - fövqəladə hallar nazirli Kəmaləddin Heydərovdan asılı olduğunu deyirlər"

Ağdam rayonundan məcburi köçkün, hazırda Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 523-cü kvartal, ev 12, mənzil 25-də məskunlaşmış Hacızadə Hüseyn Hacı oğlunun “Təzadlar” qəzetinə fövqəladə hallar nazirli Kəmaləddin Heydərova ünvanlanmış müraciəti daxil olub.

Müraciətdə deyilir:

"Hörmətli cənab nazir!

Mülkiyyət hüququmun pozulması ilə əlaqədar sizə müraciət etməyim səbəbsiz deyil. Çünki neçə on illərdir üzləşdiyim bu problemin həllinin məhz sizin birbaşa razılığınızla mümkünlüyünü bildirirlər. Odur ki, sizə müraciət edərək, tapdanan haqlarımın bərpa olunmasına kömək etməyinizi artıq dərəcədə xahiş edirəm.

Məsələ budur ki, ümummilli lider Heydər Əliyevin göstərişinə uyğun olaraq biz - Qarabağdan olan məcburi köçkünlər 1994-cü ildə rəsmi qaydada “Azərneftyağ” zavodunun baş direktorunun imzaladığı 07.12.1994-cü il tarixli 199-x nömrəli müqavilə əsasında Bakı şəhəri, Nobel prospekti 23-də yerləşən 1364 kv.m neftlə çirklənmiş ərazini və 80 kv.m uçulub-dağıdılmış tikintini icarəyə götürdük. Həmin sahədə tikinti-abadlıq işlərinin aparılması üçün rəsmi icazə alaraq, erməni işğalından sonra əlimizdə qalan vəsaitimizi bir yerə toplayıb, gecə-gündüz işləməklə 18 ədəd boks və yardımçı binalar (yeməkxana, yuyunma otağı, kabinetlər və s.) yaradaraq 780 kv.m-lik tikinti işləri apardıq. Ədliyyə Nazirliyindən “Xüsusi mülkiyyətçi” kimi rəsmi qeydiyyatdan keçdik və qanuni müqavilə ilə biz məcburi köçkünlər və şəhid ailələrinin üzvləri avtomobillərə texniki xidmət göstərməyə başladıq.

Hər il yenilənən müqavilə əsasında öhdəmizə düşənləri, o cümlədən icarə haqqını vaxtlı-vaxtında ödədik. Məlum olduğu kimi, 1997-ci ildə mərhum prezident Heydər Əliyev kiçik müəssisələrin Dövlət Əmlak Komitəsinin (Özəlləşdirmə İdarəsinin) nəzdinə verilməsi haqqında fərman imzaladı. Biz müəssisəmizin DƏK-in nəzdinə keçməsi üçün komitəyə müraciət etdik. Oradan bildirdilər ki, bunun üçün biz “Azərneftyağ” zavodunun rəhbərliyini məlumatlandıraraq sənədləri komitəyə təqdim etməliyik.

Elə qara günlərimiz də bundan sonra başladı. Zavodun direktoru Ramiz Mirzəyev bizə ismarıclar göndərməyə başladı ki, “Oranı xoşluqla verib gedin”. Biz sonra onunla görüşdük. Ancaq o, bizi aldadaraq verdiyi sözü yerinə yetirmədi. Sonra da müxtəlif saxta sənədlərlə, hətta güc tətbiq etməklə təzyiqlərə başladı. Bizim xəbərimiz olmadan, direktor yalnız öz tabeçiliyindəki işçilərin imzası ilə saxta, qondarma aktla bizim xüsusi mülkiyyətimizi birtərəfli qaydada öz “insafına” uyğun cəmi 42 milyon manat (keçmiş Azərbaycan manatı ilə, təqribən 8 min ABŞ dolları) qiymət qoydurub (onların belə bir qiymətləndirmə səlahiyyətləri olmadığı halda) və onu bank vasitəsilə bizim kiçik müəssisənin hesabına köçürtdürdü. Beləliklə, o, əslində sahibkarlıq fəaliyyətində qətiyyən yolverilməz bir qanunsuzluq törətdi, yəni “iri bir təşkilat kiçik müəssisəni assimilyasiya etmişdir”.

Hətta giriş qapısına “xüsusi işçilərini” qoyaraq zor tətbiq etməklə bizi içəri buraxmadılar. Bundan sonra biz məhkəməyə müraciət etdik. Məhkəmə qərarı əsasında Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası İnstitutunun ekspertləri tərəfindən kiçik müəssisəmiz 111 min manat (təqribən 150 min ABŞ dolları) dəyərində qiymətləndirildi. Bununla razılaşmayan zavod rəhbərliyinin etirazı əsasında yenidən məhkəmənin qərarı ilə ikinci dəfə həmin institutun digər ekspertləri tərəfindən, həm də bu dəfə hər iki tərəfin nümayəndələrinin iştirakı ilə təkrar qiymətləndirmə aparıldı və sonuncu dəfə 121 min manat qiymət qoyuldu (2002-ci ilin qiymətləndirilməsi ilə).

Qeyd edildiyi kimi, bu günə qədər bizə çatacaq vəsaitdən yalnız 8100 ABŞ dolları ödənildi (söz verdilər ki, qalanını da müəyyən vaxt ərzində ödəyəcəklər, amma vədlərini yerinə yetirmədilər). Onlar etibarımızdan sui-istifadə edib bizi aldadaraq erməni işğalından sonra yenidən bizim əmlakımızı işğal etdilər. Bu, azmış kimi, hətta hər yerə yazmağa başladılar ki, guya biz “Ədalət” qəzetində onlardan razılıq da etmişik. Lakin “Ədalət” qəzeti 2.11.2011-ci il tarixli sayında yazıb ki, “Bununla əlaqədar olaraq heç bir cavab və ya təşəkkür məktubu almamışıq”.

İnsafsızcasına hər cür saxtakarlığa əl atdılar, əvvəl bizi zavoda işə götürüb, sonra xəbərimiz olmadan adımızdan saxta ərizə yazıb işdən çıxardıblar. Əslində isə bizim elə bir tələbimiz olmayıb, yalnız bizə dəyən ziyanın ödənilməsini istəyirik.

Hörmətli cənab nazir!

Mən eşidəndə ki, həmin ərazidə Boks Federasiyasının zalları tikilir, dərhal “Allah xeyir versin!” deyərək razılığımı bild irdim. Bundan sonra mən fövqəladə hallar nazirinin müavini Orucəli müəllimin qəbulunda oldum. O, məsələnin nə yerdə olduğunu bildikdən sonra məni Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə nəzarət Komitəsinə göndərdi. Orada araşdırma aparıldı və mənə bildirdilər ki, nəticə barədə bir neçə gündən sonra çağırıb məlumat verəcəklər. Üç gündən sonra məni Komitəyə çağırdılar. Komitənin əməkdaşları mənə bizim 780 kv.metrlik sökülən tikintimizin yalnız 6 m eni, 62 m uzunluğunda olan ərazinin hazırda tikilməkdə olan sahəyə, qalan hissənin (eni 16 m, uzunluğu 62 m) isə yol tikintisinə düşdüyünü bildirdilər. Mən onların təklifi ilə razılaşdım. Ancaq bir həftədən sonra yenidən komitəyə çağırıldım. Orada məndən bir həftə öncə verdikləri sənədi geri istədilər. Mən işin nə yerdə olduğunu başa düşüb, hətta onların istədiyi şəkildə razılığa gəlməyimi bildirdim. Yəni onların nəzərdə tutduğu eni 6 m, uzunluğu 62 metr olan sahənin yarısı ilə belə razı oldum. Ancaq aradan uzun müddət keçməsinə baxmayaraq, Komitədən heç bir reaksiya yoxdur.

Bu səbəbdən də mən dəfələrlə Orucəli müəllimin və müavinlərin qəbuluna getsəm də, onlar bu problemin həllinin məhz sizdən - fövqəladə hallar nazirli Kəmaləddin Heydərovdan asılı olduğunu deyirlər. Mən isə üç ildən çoxdur ki, sizin qəbulunuza düşə bilmirəm.

Biz yurd-yuvası, ev-eşiyi viran qoyulmuş insanlarıq. Buna baxmayaraq, bəzi məmurlar ailəmizə çörək qazandığımız yerlərə belə göz dikərək, qanunsuz olaraq əlimizdən aldılar. Sonra da kiçik müəssisəmiz dəyəri ödənilmədən söküldü. Biz isə illərdir halal haqqımıza sahib olmaq üçün aidiyyəti qurum rəhbərləri ilə, siz istisna olmaqla, dəfələrlə görüşməyimizə baxmayaraq, məsələnin həllini müxtəlif bəhanələrlə üzərlərindən atır, onların səlahiyyətində olmadığını söyləyirlər.

Çox təəssüf ki, sizə ünvanladığım müraciətlərimə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Təyyar Hüseynlinin imzası ilə məni heç cürə qane etməyən cavab məktubları gəlir. Cavab məktubunda bildirilir ki, guya araşdırma zamanı “NSN” kiçik müəssisəsi ilə ARDNŞ-nin nəzdində olan “Azneftyağ” Neft Emalı Zavodu arasında olan mübahisənin məhkəmə orqanlarının müxtəlif instansiyalarında baxıldığı və müvafiq qərarlar qəbul edilərək qüvvəyə mindiyi müəyyən edilib. Daha sonra qeyd edilir ki, qüvvədə olan qanunvericiliyə əsasən, məhkəmə icraatında olan məsələlərə dövlət orqanlarının müdaxiləsinə yol verilmir. Halbuki məhkəmə orqanlarının verdiyi qərarlar Sizə göndərdiyim sənədlərdə öz əksini tapıb. Hansı ki, ARDNŞ-nin nəzdində olan “Azneftyağ” Neft Emalı Zavodunun rəhbərliyi qanuni əmlakımızı mənimsəmək məqsədilə saxta sənəd tərtib edib. Və yuxarıda qeyd etdiyim kimi, məhkəmə qərarı əsasında Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza İnstitutunun ekspertləri tərəfindən kiçik müəssisəmiz 111 min manat (təqribən 150 min ABŞ dolları) dəyərində qiymətləndirildi. Bununla razılaşmayan zavod rəhbərliyinin etirazı əsasında yenidən məhkəmənin qərarı ilə ikinci dəfə həmin institutun digər ekspertləri tərəfindən, həm də bu dəfə hər iki tərəfin nümayəndələrinin iştirakı ilə təkrar qiymətləndirmə aparıldı və sonuncu dəfə 121 min 594 manat qiymət qoyuldu. Bəs yaxşı, bu məbləğ niyə ödənilmir?

Vurğulamaq istəyirəm ki, Bakı Apellyasiya Məhkəməsinin 2008-ci ildə 121 min 594 manat dəyərində qiymətləndirdiyi 780 kv.m-lik tikintimizin bizdən alınması barədə heç bir məhkəmə qərarı yoxdur.

Xususi olaraq onu da qeyd etmək istəyirəm ki, həmin dövrdə bu işlə bağlı keçirilən bütün məhkəmələrdə ədalətli olaraq lehimə qərarlar çıxarıldığını görən qarşı tərəf Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev, Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovun nüfuzundan sui-istifadə edərək məhkəmələrə təsir göstəriblər. Hətta o vaxt Ali Məhkəmənin sədrinin göstərişi ilə müavini Hikmət Mirzəyevin qəbulunda olarkən, o, mənə dedi ki, bu məsələnin müsbət həlli üçün mütləq Prezident cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın icazəsi olmalıdır. Ancaq aydın məsələ idi ki, əmlakımın ələ keçirilməsinin nə dövlət başçısı olaraq Sizə, nə də Mehriban xanıma Əliyevaya heç bir aidiyyəti yox idi.

Hörmətli cənab nazir!

Sizdən xahiş edirəm, müraciətim tərəfinizdən xüsusi nəzarətə götürülərək, Bakı Apellyasiya Məhkəməsinin 2008-ci ildə 780 kv.m-lik tikintimiz üçün qiymətləndirdiyi 121 min 594 manatın bugünkü dəyəri ilə ödənilməsi üçün aidiyyəti qurum rəhbərlərinə göstəriş verəsiniz. İnanıram ki, üzləşdiyim bu problemin həlli üçün köməyinizi əsirgəməyəcəksiniz. Nəticədə, bir məcburi köçkün ailəsini sevindirəcəksiniz və sizin köməyinizlə haqq öz yerini tutacaq. Əvvəlcədən sizə öz dərin minnətdarlığımı bildirirəm".

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA