Rusiyada həbsxanada öldüyü açıqlanan 47 yaşlı  müxalifətçi Aleksey Navalnının cənazəsi ailəsinə təhvil verilməyib.

 TEZADLAR.AZ xəbər verir ki, bu barədə  A.Navalnının mətbuat katibi Kira Yarmış sosial media hesabında bildirib: “Aleksey Navalnının cəsədi ekspertiza üçün Rusiyanın Salexard şəhərinə gətirilib".

Yarmış Navalnının cəsədinin hələ ailəyə təhvil verilmədiyini bildirib.

 Navalnının anası və vəkili Salexard şəhərinin meyidxanasına gediblər. Lakin onlara Alekseyin meyidinin morqda olmadığı bildirilib.

  Aleksey Navalnının vəkillərinə cəsədin yeri və ekspertiza prosesi ilə bağlı Rusiya İstintaq Komitəsindən ziddiyyətli məlumatlar verilib.

Qeyd edək ki, daha əvvəl Yarmış bildirmişdi ki, Aleksey Navalnının cəsədi təkrar ekspertizaya göndərilib və İstintaq Komitəsi cəsədin yoxlama bitənə qədər qohumlarına verilməyəcəyini bildirib.

 Xatırladaq ki, fevralın 16-da Rusiyada cəza çəkən müxalifətçi Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki həbsxanada dünyasını dəyişib.

Bu barədə RF Federal Penitensiar Xidmətin regional idarəsi məlumat yayıb.

Qeyd edilib ki, məhbus gəzintidən sonra xəstələnib, onu reanimasiya etməyə çalışıblar, lakin nəticəsi olmayıb.

“Təcili tibbi yardım briqadası reanimasiya tədbirləri həyata keçirsə də, bu, müsbət nəticə verməyib. Təcili tibbi yardım həkimləri məhkumun ölümünü təsdiqləyiblər”, - yayılan məlumatda qeyd edilib. 

Artıq RF İstintaq Komitəsi siyasətçi Aleksey Navalnının ölümü ilə bağlı araşdırmaya başlayıb.

Bildirilib ki, qurumun əməkdaşları hadisənin başvermə şəraitinin aydınlaşdırılmasına yönəlmiş kompleks istintaq-əməliyyat tədbirləri həyata keçirirlər.

Rusiya Federal Həbsxana Xidməti fevralın 16-da mühakimə olunan müxalifətçi Aleksey Navalnının həbsxanada öldüyünü və ölümünün səbəbinin araşdırılacağını bildirib.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı isə hesab edir ki, Aleksey Navalnının ölümü ilə bağlı mötəbər araşdırma aparılması zəruridir. 

Bu barədə qurumun rəsmi nümayəndəsi Elizabet Trossel bildirib.

 Onun sözlərinə görə, qurumda Navalnının həbsxanada ölməsi xəbərindən sarsılıblar. "Rusiya hakimiyyətini etibarlı araşdırma aparmağa çağırırıq", - Trossell qeyd edib.

RF Dövlət Dumasının sədri Vyaçeslav Volodin isə Navalnının ölümündə Vaşinqton və Brüsseli günahlandırıb.

"Navalnının ölümündə Vaşinqton və Brüssel günahkardır. Səbəbi məhkəmə-tibb ekspertləri və istintaq müəyyən edəcək", - deyə Dövlət Dumasının sədri Vyaçeslav Volodin Telegram kanalında bildirib.

Onun sözlərinə görə, hələ ölümün səbəbləri aydınlaşdırılmamışdan əvvəl siyasətçilərin, dost olmayan dövlətlərin başçılarının ittihamları və bəyanatları səslənməyə başlayıb.

Bununla belə, Dövlət Dumasının spikeri: “Əvvəlcə biz bir suala cavab verməliyik: Bu gün Navalnının ölümü kimə sərf edir?” - vurğulayıb.

Volodinin fikrincə, bunun “Rusiyaya qarşı 19 mindən çox sanksiya tətbiq edən, onun iqtisadiyyatını parçalamaq məqsədi daşıyan” siyasətçilərə sərfəli olduğu göz qabağındadır.

Xatırladaq ki, Aleksey Navalnı Rusiya Prezidenti Vladimir Putin əleyhinə və ifrat sağçı fikirləri ilə tanınırdı.

İllər öncəsi, əvvəllər iki dəfə həbs edilmiş Navalnı İv Roşe işi üzrə cəzaçəkmə şərtlərini dəfələrlə pozduğuna görə axtarışa verilmişdi. O, 2021-ci ildə müalicə aldığı Almaniyadan Rusiyaya qayıdarkən korrupsiya və radikalizmdə ittiham olunaraq 19 il müddətinə azadlıqdan məhrum edilib.

 

 

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN