(Əvvəli I yazıda)

...Mərhum Rasif Həbibovun ölümünə Əhədinmi, yoxsa Ramilinmi səbəb olduğunu bilməyən qohumları, xüsusən qadınlar Sumqayıt Şəhər Prokurorluğuna hücum ediblər ki, Rasifi öldürən Əhədin oğlu Ramil deyil, Əhədin özüdür.

Bu hücumdan qorxan Sumqayıt şəhər prokuroru Sərdar İmanov istintaqı aparan böyük müstəntiq Faiq Nadirova təcili göstəriş verib ki, Əhədi çağır tut, yoxsa bu qadınlar prokurorluğu dağıdacaq, biabırçılıq olacaq. Buna görə də böyük müstəntiq Faiq Nadirov 17.09.2018-ci ildə Əhəd İsmayılovu prokurorluğa çağıraraq ona Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə ittiham elan edib, barəsində həbs qətimkan tədbiri seçilməsi barədə prokurora vəsatət vermiş, prokuror Sərdar İmanov da Əhədin həbs edilməsi barədə məhkəməyə təqdimat vermişdir. Əhədi də məhkəmə həbs etmişdir. Cinayət işinin I cildinin 192-195-ci səhifəsində, Əhədlə Samir Dadaşzadənin 03 oktyabr 2018-ci il tarixli üzləşmə protokolu vardır. Üzləşmə böyük müstəntiq Faiq Nadirov tərəfindən aparılmışdır. Həmin üzləşməsində Samir Dadaşzadə Əhədin üzünə demişdir ki, mən hadisə zamanı sənin Rasifin qarın nahiyyəsinə əlinlə bir dəfə yumruq atdığını gördüm, həmin zərbənin Rasifin qarnından tutduğunu gördüm. Mən sənin əlində bıçaq görməmişəm.

Bu üzləşmədən sonra böyük müstəntiq Faiq Nadirov Əhədi haqsız həbs etdiyini və təqsirləndirdiyini bilərək Əhədi buraxmaq istədiyini prokuror Sərdar İmanova bildirmiş, o isə razılıq verməmişdir.

Prokurorluğun müstəntiqi niyə istintaqı aparmaqdan imtina etmişdir?

Bundan sonra Faiq Nadirov istintaqı aparmaqdan imtina etmiş, istintaq müstəntiq Şamil Allahverdiyevə həvalə edilmişdir. Cinayət işinin II cildinin 101-106, 123-125-ci səhifələrində müstəntiq Şamil Allahverdiyev tərəfindən alınmış, zərərçəkən Samir Dadaşzadənin 19 oktyabr 2018-ci il tarixli əlavə ifadəsi və ifadəsinin yerində yoxlanması protokolları vardır. Həmin ifadəsindən bir hissəni olduğu kimi qeyd edirəm: “Mən Rasifgilə tərəf çevriləndə gördüm ki, Əhəd dizi üstə çöküb, başını qucaqlayıb, “ə Rasif day bəsdi, ə Rasif day bəsdi” deyir. Aramızda hardasa 4 metr məsafə vardı. Gələ-gələ çiynimi dartdım ki, çiynim çıxıb da, gördüm yerinə düşmür. Dedim ə, Rasif çiynim çıxıb, gəl çıxaq gedək. Gördüm canım ağrıyır, canımın ağrısından bir dənə təpik də mən vurdum Əhədin başına”.

Bu ifadələri nə prokuror oxuyur, nə də hakim. Onlardan niyə oxumadıqlarını soruşan da yoxdur.

Bildiniz ki, Samir Dadaşzadə ifadələrində təsdiq etdi ki, o Əhədin Rasifin qarın nahiyyəsinə əli ilə bir dəfə yumruq atdığını görüb və həmin vaxt Əhədin əlində bıçaq görməyib. Belə olan halda istintaq orqanı müəyyən etməlidir ki, Rasifin və Samirin bədənində aşkar edilmiş bıçaq yaraları bir bıçaqlamı, yoxsa ayrı-ayrı bıçaqlarlamı yetirilmişdir.

Eyni zamanda yay vaxtı olduğundan həm Rasifin, həm də Samirin əyinlərində olan qolu gödək köynəklər də ekspertizaya təqdim edilmişdir ki, köynəklərdə olan zədələr, yəni bıçağın kəsdikləri yerlər bir bıçaqlamı, yoxsa müxtəlif bıçaqlarlamı yetirilmişdir. Həm Rasifin, həm də Samirin paltarları da ekspertizaya təqdim edilmişdir.

Qeyd etdik ki, mərhum Rasif Həbibov 05.09.2018-ci il tarxdə bıçaqlandıqdan sonra Sumqayıt şəhər TTYX-na daxil olmuşdur.

Sumqayıt şəhər TTYX-da həmin gecə, yəni 05.09.2018-ci il tarixdə saat 00:30 da Həbibov Rasif Asif oğlunun adına tərtib edilmiş 3567 nömrəli tibbi kartada göstərilmişdir ki, Rasif Həbibov xəstəxanaya daxil olanda onun bədənində 4 ədəd bıçaq xəsarəti olmuşdur. Xəsarətlərin dördünün də kəsik uzunluğu 5 sm-dir. Qarın boşluğuna keçən yaranın uzunluğu 5 sm, eni 3 sm, döş qəfəsindəki xəsarətin uzunu 5 sm, eni 1,5 sm-dir, sağ qılçında və sol qolunda olan yaraların da uzunu 5 sm, enləri 1 sm-dir. Həmin yaraları xəstəlik tarixində (hansı ki, indi tibbi karta adlanır) qeyd edən həkimin qeydindən belə çıxır ki, yaraların, yəni 4 yaranın kəsiyinin hamısının uzunluğu 5 sm-dirsə deməli, həmin yaraları yetirən, kəsən bıçağın kəski hissəsinin, tiyəsinin eni heç olmasa 5 sm olmalıdır və bıçaq bütün tiyə boyunca ta əl tutan yerinə qədər bədənə yeriməlidir. Çünki bıçağın kəsici hissəsinin ucu ilə sonu eyni endə deyildir.

Bundan əlavə, axı əsas vacib şahid olan Samir Dadaşzadə deyir ki, mən gördüm ki, Əhəd bir dəfə əli ilə Rasifin qarnına yumruq atdı, yumruq qarnını tutdu. Onda Rasif Əhədin sifətindən kəllə ilə vurdu, Əhəd dizi üstə , əlləri ilə sifətini tutub yalvarırdı ki, Rasif bəsdi, Rasif bəsdi. Rasif də onu təpikləyirdi, mən də Əhədin başından bir təpik vurdum.

Deyək ki, Əhədin əlində bıçaq olubsa o bir dəfə Rasifin qarnından vura bilib, ondan sonra Rasif onu vurub çökdürüb. Onda Rasifin bədənində olan 4 yaranın 3-nü kim bıçaqla yetirib? Yadınıza salıram ki, Ramil ifadəsində göstərib ki, mən Samirə 2 bıçaq zərbəsi vurdum Samir qaçdı, ondan sonra atamı Rasifin əlindən almaq üçün ona da 3-4 bıçaq zərbəsi yendirdim, atamdan əl çəkib o da qaçdı.

İstintaq orqanı 08.09.2018-ci il tarixli qərarla məhkəmə tibbi ekspertiza təyin edib ki, ekspertiza müəyyən etsin ki, Rasifin bədənində neçə xəsarət olub, ölçülər neçə olub, xəsarətlər hansı alətlə yetirilməsini müəyyən etsin. Eyni zamanda 03 oktyabr 2018-ci il tarixdə paltarların da ekspertizadan keçirilməsi barədə qərar verilmiş və paltarlar da ekspertizaya göndərilmişdir. Cinayət işinin I cildinin 246-252-ci səhifələrində olan, AR Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübə və Tədris Birliyinin Sumqayıt şəhər MTE və PA şöbəsinin eksperti Məmmədov Faiq İslam oğlunun tərtib etdiyi 100 nömrəli rəylə müəyyən edilib ki, mərhum Rasifin bədənində 4 yara olub. 1 döş qəfəsinin sol yarısının sol ağ ciyəri zədələyən yarası. 2. Qarnının ön divarının bağırsaq müsaqirəsini və “S” vari bağırsağı zədələyən yarası. 3. Sağ bazunun orta 1/3-nin vena damarını və əzələ fassiyasını zədələyən yarası. 4. Sol saidin aşağı 1/3-nin yarası.

Ekspert Faiq Məmmədov rəydə göstərib ki, Rasif xəstəxanaya daxil olarkən həkimlər onun yaralarına cərrahi müdaxilələr etdiyindən, yəni kəsib yekəltdiyindən, drenaj qoyduğundan ona xəsarətlər yetirilməsində istifadə edilən alətin-bıçağın xarakterik xüsusiyyətləri barədə fikir söyləmək mümkün olmadı. Yəni ekspert yaralardan müəyyən edə bilməyib ki, Rasifə xəsarət yetirən Ramilin və ya Əhədin əlində olan bıçağın heç olmasa kəsici tiyəsinin eni nə qədər olmuşdur.

Amma cərrahi müdaxilədən əvvəl baxan həkim qeyd edib ki, yaraların 4-nün də uzunluğu 5 sm olub. Belə olduğu halda, güman qalır hadisə zamanı Rasifin və Samirin əyinlərində olan paltarların zədələrinin ölçülərinə. Cinayət işinin I cildinin 258-262-ci səhifələrində ekspert Günel Tağıyevanın 08 oktyabr 2018-ci il tarixli, 545/2018 MTKS nömrəli rəyində göstərilir ki, hadisə zamanı Rasifin də, Samirin də əynində olan köynəklər vizual və MBS-2 tipli stereomikposkop vasitəsi ilə müayinə olundu, müəyyən edildi ki, hər iki köynəkdə olan bıçaq kəsiyinin ölçüləri eynidir. Samirin köynəyində kəsilmiş iki zədə vardır. Birinin uzunluğu 1,8 sm, ikincisinin uzunluğu 1,9 sm-dir.

Rasifin köynəyində bir ədəd kəsilmiş zədə vardır ki, uzunluğu 1,9 sm-dir. Eyni zamanda rəydə göstərilir ki, bu zədələr eyni bıçaqla yetirilmişdir. Burada sual yaranır ki, axı Rasifin adına 05.09.2018-də tərtib edilmiş xəstəlik tarixində onu TTYX-da qəbul edən həkim yazıb ki, Rasifin bədənində olan 4 bıçaq yarasının dördünün də uzunluğu 5 sm-dir. Bəs ola bilərmi ki, köynəkdə uzunluğu 1,9-2 sm kəsik yaradan bıçağın tiyəsi bədəndə 5 sm uzunluğu olan kəsik yaratsın!? Bu suala cavab axtarmayan Sumqayıt Şəhər Prokurorluğu oğlu Ramillə barəbar Əhəd İsmayılovu da Bakı Ağır Cinayətlər Məhkəməsinə veribdir ki, Əhəd İsmayılovu da, oğlu Ramil İsmayılov da mərhum Rasif Həbibova bıçaqla ağır xəsarət yetirməklə ehtiyatsızlıqdan onun ölümünə səbəb olmaqla Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan cinayət törətmişlər. Həmin maddəyə görə Əhədə və oğluna 9 ildən 12 ilə kimi cəza düşür.

***

Görün Əhədin və oğlunun başına daha nələr gəlmişdir... Cinayət işi göndərilmişdir Bakı Ağır Cinayətlər Məhkəməsinə. Ağır Cinayətlər Məhkəməsinin hakimi Ağayev Zeynal Qurban oğlu 08 aprel 2019-cu ildə cinayət işinə 126.3-cü maddə ilə baxılmasına xitam verib ki, ə, nə danışırsınız? Əhədlə oğluna yüngül maddə veriblər ki! Əhədə də, oğluna da ömürlük cəza nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 maddəsi ilə, yəni dədə-bala əlbir olub Rasif Həbibovu öldürdüklərinə görə, 120.2.2 maddəsi ilə, yəni xuliqanlıq niyyəti ilə adam öldürməyə görə, 29, 120.2.7 maddəsi ilə, yəni Rasifi, həm də Samiri öldürməyə cəhd etdiklərinə görə yenidən ittiham verilməlidir ki, mən onların işinə həmin maddələrlə baxım.

(Davamı var)

İkram İnad, vəkil-publisist  

Hazırladı: A.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA