Göyçay rayonunun 1-ci Ərəbcəbirli kənd sakini, 1-ci qrup hərbi əlil, hüquq müdafiəçisi Məhəmmədəli Səmədov dövlət başçısına müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

"Hörmətli cənab Prezident!

Bildirirəm ki, Mehdi Səlimzadə rayonumuza icra başçısı təyin olunan vaxtdan bir çox yerli məmurlar onun qanunsuzluqlarına ortaq olmuşdurlar. Özünü yuxarıdan aparan və əbədiyyən Göyçayın sahibi olacağını hesab edən Mehdi Səlimzadə vəzifəsindən azad edildiyi gün isə ətrafındakılar sanki qanadı qırılmış quş kimi paramparça oldular. Hazırda onların məsəli səhrada təkbaşına qalmış "Dəvəsi ölmüş ərəb" qismindədir və hər an aslanın şikarı olacaqları qorxusu ilə yaşayırlar. Həmin məmurlardan biri də Göyçay şəhər Bələdiyyəsinin sədri Cavid Rəhimovdur. Sabiq icra başçısının qanunsuz olaraq alqı-satqı etdiyi və yalnız "Tikintiyə icazə aktı" ilə satdığı torpaqların demək olar əksəriyyətində Göyçay şəhər Bələdiyyəsinin sədri Cavid Rəhimovun yaxından iştirakı və böyük rolu vardır. Bildiyimiz kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 40.2.-ci maddəsində "Bilə-bilə qanunsuz əmri və ya sərəncamı yerinə yetirməklə qəsdən cinayət törətmiş şəxs ümumi əsaslarla cinayət məsuliyyətinə cəlb olunur".

Əlbəttə, qanunsuz olaraq satılan torpaqların yerində şəhərsalma və tikinti işlərinin həyata keçirilməsi zamanı bir çox vacib şərtlər mövcüddür. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 7-ci maddəsində "Təhlükəsizliyin təmin edilməsi, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi, şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi" şəhərsalma və tikinti fəaliyyətinin əsas prinsiplərindəndir. Təəssüflər olsun ki, Göyçay şəhər ərazisində şəxsən bildiyim bir çox tikintilər yolun yaşıllıq hissəsində, parklar və istirahət zonalarında tikilmişdir və hətta maddi gəlir əldə etmək məqsədilə gərginliyi 10000 voltadək olan elektrik xətlərinin altında fəaliyyət göstərən ticarət obyektlərinin tikintisinə belə icazə verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 41-ci maddəsinə əsasən, "İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər".

Göyçay şəhər Bələdiyyəsinin sədri Cavid Rəhimov sabiq icra başçısının imzaladığı "sərəncam" əsasında tikiləcək obyektlərə "Bələdiyyə sənədi" verməklə Mehdi Səlimzadənin qanunsuz əməllərinə şərik olmuşdur. Ola bilər ki, bəziləri Mehdi Səlimzadənin Cavid Rəhimova nisbətən daha güclü insan olduğunu düşünərlər və məhz ona görə də Bələdiyyə sədrinin çarəsizlikdən onun əmrini icra etdiyini iddia edərlər. Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının qanunu maddə 2-ə əsasən, "Azərbaycan Respublikasının Konstitusiyası ilə və bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir". Qanunda bildirildiyi kimi, Bələdiyyələr müstəqildirlər və əgər Cavid Rəhimov icra başçısı tərəfindən təzyiqlərə məruz qalaraq qanunsuz əmrləri icra etməyə məcbur edilmişdirsə, bunun üçün o, Azərbaycan Respublikasının Baş Prokurorluğuna və aidiyyəti qurumlara məlumat verməli idi.

“Eldar şamı” cinsindən olan ağacın köküstə kəsilərək məhv edilməsi ilə bağlı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material üzrə Göyçay rayon Prokurorluğunda araşdırma aparılmış və Göyçay şəhər Bələdiyyəsinin sədri Cavid Rəhimov barəsində Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılmışdır. Fəqət, "Bəxtəvər" və eyni zamanda "Şanslı" Bələdiyyə sədri Cavid Rəhimov Göyçay Rayon Məhkəməsinin hakimi İbrahim Fəttahovdan müəmmalı yollarla bəraət hökmü əldə etmişdir. Şəki Apellyasiya Məhkəməsi də İbrahim Fəttahovsayağı qərar qəbul edərək həmin hökmü qüvvədə saxlamışdır. Yəni bu o deməkdir ki, Cavid Rəhimov toxunulmazdır və o, hər nə edirsə-etsin, cinayət məsuliyyətinə cəlb olunmayacaq. Yuxarıda göstərdiyim kimi, öz vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, qanunsuz tikintilərə "Bələdiyyə sənədi, vermək, insanların həyatı üçün təhlükə yaradan faktları gizlətmək, məhkəmədən bəraət hökmü almaq, bunlar hamısı onun sanki "toxunulmaz" olduğunu təsdiqlən amillərdir.

Hörmətli cənab Prezident!

Sizdən Göyçay rayon sakini və hüquq müdafiəçisi kimi çox xahiş edirəm, detalları ilə açıq-aşkar bildirdiyim bütün faktlar mənim də iştirakımla tərəfinizdən obyektiv araşdırılsın və Cavid Rəhimov haqqında Azərbaycan Respublikasının Qanunları əsasında ədalətli tədbir görülsün. Sizə öz minnətdarlığımı bildirirəm".

İddia olunanlarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA