...Ulu öndər Heydər Əliyevin uca adı bütün Azərbaycanın üzərindədir. Bu iki ad daim qoşa səslənir. Dünyanın hər yerində Heydər Əliyev deyəndə Azərbaycan, Azərbaycan deyəndə Heydər Əliyev yada düşür.
Sən demə, ulu öndərin adından sui-istifadə etməyə, bu adın ucalığına sığınıb bununla özlərinə ucuz şöhrət, nüfuz, mənsəb qazanmağa cəhd göstərənlər də tapıla bilərmiş. Bu dəfə söhbət ulu öndərin xaricə səfəri zamanı təyyarədə çəkilmiş bir fotosunun özününküləşdirilməsinə cəhd göstərilməsindən gedir. Nə qədər təəccüblü görünsə də, aradan illər ötəndən sonra bəhs olunan foto iki variantda təqdim olunur. Bir variantda Heydər Əliyev “Yeni Azərbaycan”, digər variantda isə “Azərbaycan” qəzetini mütaliə edir (?!). Yanılmırıq, foto eynidir, dəyişən yalnız qəzetlərin adlarıdır. Beləliklə, aydın olur ki, fotonun orijinal və saxta variantları mövcuddur. Fotonun orijinal variantında ulu öndər Heydər Əliyev təyyarədə “Yeni Azərbaycan” qəzetini oxuyur.
Burada qeyri-adi heç nə yoxdur. “Yeni Azərbaycan” qəzeti Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyasının (YAP) mətbu orqanıdır. Zamanında partiyanın qəzetinin yaradılması ideyası məhz Heydər Əliyevdən gəlib. O, “Yeni Azərbaycan”ı müntəzəm izlədiyini, partiyanın mətbu orqanının populyarlığını artırmasını, mətbuatımıza yeni bir ab-hava gətirməsini məmnunluq hissi ilə vurğulayırdı. Haqqında bəhs olunan foto da ulu öndərin sevimli qəzetini növbəti dəfə izlədiyi anda təyyarədə çəkilib.
Bəli, Heydər Əliyevin səfərə gedərkən təyyarədə “Azərbaycan” qəzetini mütaliə etməsi versiyasını da təsdiqləmək mümkündür. Ulu öndərin mətbuata böyük marağını nəzərə alsaq, bu variant da istisna edilməyə bilər.
Ancaq bəhs olunan kadrı diqqətlə izlədikdə fotonun Heydər Əliyevin təyyarədə məhz “Yeni Azərbaycan” qəzetini mütaliə edərkən lentə alındığı birmənalı şəkildə aydın görünür. Fotoda əks olunduğu kimi, söhbət “Yeni Azərbaycan” qəzetinin 30 yanvar 2002-ci il tarixli sayından gedir. Qəzetin həmin sayı əlimizin altındadır. Birinci səhifəsində “907-ci düzəliş”ın ləğvindən sonra ABŞ-Azərbaycan əməkdaşlığının inkişaf etdirilməsinə yönəlmiş yeni layihələr hazırlanır.
ABŞ dövlət katibinin müavini Heydər Əliyevdən məsləhət istədi” sərlövhəsi ilə yazı və xəritə dərc olunub. Fotoda da Heydər Əliyev “Yeni Azərbaycan”ın birinci səhifəsini izləyir. Fotodakı məqalə ilə qəzetin əlimizin altında olan nüsxəsinin birinci səhifəsində dərc olunan yazının şriftlərinin eyni olması da diqqət çəkir və Heydər Əliyevin təyyarədə mütaliə etdiyi qəzetin “Yeni Azərbaycan” olduğuna heç bir şübhə yeri qoymur. Saxtakarlıq da elə burada üzə çıxır. Fotoya “Azərbaycan” qəzetinin adını yamaq edənlər isə yalnız “Yeni Azərbaycan” qəzetində dərc olunan yazının adını dəyişiblər. Beləliklə, saxta varintda “Azərbaycan” qəzetinin 15 may və 16 may 2002-ci il tarixlərində dərc olunan yazının sərlövhəsi yerləşdirilib.
Həmin sərlövhə belədir: “Xarici iş adamlarının Azərbaycanda daha səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılır... Xarici sahibkarlarla görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin yekun nitqi”.
Fotoda “Yeni Azərbaycan” “Azərbaycan”la əvəzlənsə də və birinci səhifədəki yazının sərlövhəsi dəyişdirilsə də, texniki səbəblərdən məzmuna toxunmaq mümkün olmayıb. “Azərbaycan” qəzetinin adının yer aldığı fotoda təqdim olunan yazının mətni “Yeni Azərbaycan”dakı xatırlatdığımız yazının nöqtəsinə və vergülünə toxunulmayan mətnidir. “Azərbaycan” qəzetinin 30 yanvar 2002-ci il tarixli sayını da tapdıq. Qəzetin birinci səhifəsində oxuculara tamam fərqli yazılar təqdim olunur.
Biz bir saxtakarlığın tarixinə nəzər saldıq. Şübhəsiz ki, maraqlananlar bəhs olunan foto ilə Azərtacın arxivində də tanış ola bilərlər. Bu cür saxtakarlıq ulu öndərin adına və şəxsinə hörmətsizliyi ifadə edir. Mətbuatda belə manipulyasiyalara əl atılmasının isə heç bir izahı yoxdur. Bunun bir adı var: Rəzillik! Hər bir mətbu orqanın kollektivi dövlətə və dövlət başçısına xidmətini və sadiqliyini araya-ərsəyə gətirdiyi keyfiyyətli yazı və çap məhsulları ilə sübut etməlidir. “Yeni Azərbaycan” bunu zamanında təsdiqləyib və indi də təsdiqləməkdədir. Başqasının əməyini, uğurunu və halal haqqını mənimsəməyə çalışanların isə yeri ucalıq, şöhrət zirvəsi yox, quyunun dibidir...
***
Bəli, saxtakarlıqla oğurluğun ömrü qısa olur... Ramiz Mehdiyevlə Əli Həsənova sığınaraq uzun illərdir mediada at oynadan Bəxtiyar Sadıqovun bu oğurluğunun ömrü isə...
Sona az qalıb. Sadəcə, bizə səbr etmək qalıb.
"Təzadlar"ın Araşdırma Qrupu.
P.S.Növbəti araşdırma yazısında isə Bəxtiyar Sadıqovun rəhbəri olduğu qəzetdəki oğurluq, yəni plagiat məqalələrdən söhbət açılacaq...