"Cənubi Qafqazda super dövlətlərin savaşı gedir. Bu savaş Birləşmiş Ştatlarla Rusiyanın savaşıdır...".
Bu sözləri "Təzadlar"a açıqlamasında siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Azad Məsiyev deyib.Sitat: "Birləşmiş Ştatlar və NATO bloku Rusiyanı düşmən elan edib: "Rusiyanı dünya siyasi xəritəsindən silmək üçün Rusiya ətrafında qaynar ocaqlar yaradır. Rusiya ilə sərhəddə olan respublikaları demokratiya ideyası altında işğal edir. Dövlət çevrilişi edir, həmin respublikalarda özlərinə münasib hakimiyyət qurur və həmin hakimiyyətdən Rusiya əleyhinə istifadə edir. Rusiyaya qonşu olan respublikaları Rusiyaya qarşı alət kimi istifadə etməkdədir. Biz bunu Gürcüstanda Saakaşvilinin dövründə gördük, hazırda Ukraynada Zelenskinin hakimiyyətində görürük. Ermənistanda Paşinyanın hakimiyyətində görürük. Hətta Belarusiyada da hakimiyyət çevrilişi edib siyasi təcrübəsi olmayan, dövlətçilikdən xəbəri olmayan bir evdar qadını hakimiyyətə gətirmək istəyirdilər. Belə kadrları hakimiyyətə gətirərək asanlıqla idarə etmək asan olur. Ümumilikdə Cənubi Qafqaz Birləşmiş Ştatların hədəfindədir. Çünki ABŞ üç Cənubi Qafqaz respublikalarını öz təsirinə salmaq istəyir. Rusiyanın Cənub cinahını bağlamaq istəyir. Rusiyanın dünya bazarına çıxmaq üçün yollarını kəsmək istəyir. Artıq Birləşmiş Ştatlar Ermənistanda fokuslaşıb oturub. Paşinyan Rusiya əleyhinə istifadə olunmaqdadır. Hazırda Gürcüstan hakimiyyəti Qərbin, Birləşmiş Ştatların əlində alətə çevrilmək istəmir. İndiki siyasi hakimiyyət Gürcüstanda daha müstəqil siyasət yürütməyin tərəfdarıdır. Böyük güclərin əlində alətə çevrilmək istəmir. Bu baxımdan bu yaxınlarda Gürcüstanın hakim partiyasının liderlərindən biri açıqlama verdi ki, Saakaşvilini hakimiyyətə gətirməklə, Rusiya ilə müharibəni yaratmaqla torpaqların getməsi birbaşa Saakaşvilinin xəyanəti ilə həyata keçirilib. Hətta oktyabrın sonunda parlament seçkilərində hakim partiya hakimiyyəti əldə edərsə, Saakaşvilini himayə edən partiyaları da ləğv edəcək. Çünki bu partiya Gürcüstanın müstəqilliyinə xələl gətirir. Xatırlatmaq istəyirəm ki, indiki Gürcüstan hakimiyyəti Qərbin, Amerikanın təsirindən çıxmaq üçün xarici agentliklər haqqında qanunu qəbul etdi. Bu qanun qəbul edilən dövrdə Birləşmiş Ştatlar buna qarşı açıq şəkildə çıxış etdi. Hətta bunu bəhanə edərək Gürcüstanda dövlət çevrilişi etmək istədi".
A.Məsiyevin sözlərinə görə, Gürcüstan hakimiyyəti gözəl bilir ki, Birləşmiş Ştatlar QHT-lər adı altında müəyyən proyektləri həyata keçirməklə Qərbi öz təsirinə salır: "Bu da Gürcüstan dövlətinin maraqlarına uyğun gəlmir. Bu baxımdan Gürcüstan çalışır ki, daha müstəqil olsun, Qərbin təsirindən çıxsın. Qonşularla münasibətini yenidən bərpa etsin. Çünki Gürcüstan hakimiyyəti gözəl bilir ki, Abxaziya, Osetiyanın alınması hərb yolu ilə qeyri-mümkündür. Nə Birləşmiş Ştatlar gəlib Gürcüstanın əvəzinə Rusiya ilə savaşa gedəcək, nə də Gürcüstanın elə hərbi gücü yoxdur ki, Abxaziya və Osetiyanı hərb yolu ilə qaytarsın. Sitat: "Hesab edirəm ki, Gürcüstan tərəfi yeni bir taktikanı həyata keçirir. Balanslaşdırıcı siyasətə daha çox üstünlük vermək istəyir. Rusiya ilə münasibətini yenidən bərpa etmək istəyir, çünki Rusiya ilə Gürcüstanın əzəli və əbədi qonşudur. Nə Gürcüstan köçüb gedəndir, nə də Rusiya. Bunlar qonşuluq münasibətlərini bərpa etməlidirlər. Ümumilikdə Gürcüstanın indiki hakimiyyəti çalışır ki, Rusiya ilə münasibətini siyasi müstəviyə gətirsin və problemləri dialoq vasitəsilə həyata keçirsin. Amma Qərb isə başqa cür düşünür. Qərb istəyir ki, Gürcüstanla Rusiya arasında yeni bir savaş başlasın. İkinci cəbhə Gürcüstan üzərindən həyata keçirilsin. Bu da Gürcüstan üçün fəlakətə gətirib çıxara bilər. Bu da nə Gürcüstanın, nə də Cənubi Qafqaz respublikalarının maraqlarına uyğun gəlir. Çünki Cənubi Qafqazda xaos yarananda bu, Cənubi Qafqaza birbaşa təsir edir. Birləşmiş Ştatlar Azərbaycanı da hədəfdə saxlamaqdadır. Çünki üç Cənubi Qafqaz respublikalarını öz təsirinə salıb Rusiyanın Cənub cinahını bağlamaq istəyir. Bu respublikaları həm Rusiyaya, həm də İrana qarşı istifadə etmək istəyir. Belə olan təqdirdə bu siyasət bizim və Gürcüstanın dövlət və milli maraqlarına uyğun gəlmir. Qarşıdan gələn parlament seçkilərində indiki Gürcüstan hakimiyyəti yenidən səs əldə edəcək. Amma buna baxmayaraq Birləşmiş Ştatlar Gürcüstanda xaos yaradıb və dövlət çevrilişinə hazırlıq işləri görməkdədir. Bunu son vaxtlar Gürcüstan Prezidentinin bəyanatlarından da hiss etməkdəyik. Hesab edirəm ki, Birləşmiş Ştatlar Gürcüstan və Azərbaycanda xaos yaratmaq istəyir. Bu xaosun fonunda öz maraqlarını həyata keçirmək istəyir".
Gürcüstan isə qalmaqallı parlament seçkilərinə hazırlaşır. Ölkədə siyasi gərginlik durmadan artır..
E.Şirinov