Suriyada yeni hakimiyyətin atdığı addımlar məni müsbət mənada təəccübləndirir. Bəşər Əsədin törətdiyi cinayətlər isə heyrətləndirir. TEZADLAR.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev sosial media hesabında qeyd edib.
O hakimiyyətə yenicə gəlmiş müxalifət qüvvələrinin müsbət addımlarını, həm də vaxtilə Bəşər Əsədin Ermənistana etdiyi yardımları diqqətə çatdırıb.
"Yeni hakimiyyətin ən müsbət cəhəti o oldu ki, onlar dövlər orqanlarının fəaliyyətini dondurmadılar, qurulmuş sistemi dağıtmadılar. Hicabı belə məcbur etmədilər. Yaxşı ki, islahatı qadınlar üzərində qurmaqla başlamadılar. Artıq komendant saatını da ləğv etdilər. Nə isə, xeyirlisi. Təki Suriyaya da sülh və əmin-amanlıq gəlsin.
Həm də haqsız tərəflərin dəstəkçisi olan bir rejim də yıxıldı. Azərbaycan torpaqlarını Ermənistan işğal etmişdi, dini ocaqlarımızı, məscidlərimizi təhqir etmiş və orada donuz saxlamışdı, müsəlman Bəşər Əsəd də var gücü ilə Ermənistana dəstək verirdi. Belə vicdansızlıq unudulmaz!", - deyə vurğulayıb.
JASMİN