Norveçin baş naziri Yonas Qar Styor bildirib ki, amerikalı iş adamı İlon Maskın ABŞ-dan başqa ölkələrin siyasi işlərinə qarışması narahatlıq doğurur.
TEZADLAR.AZ TRT-yə istinadən xəbər verir ki, Yonas Qar Styor bu barədə Norveçin NRK radiosuna verdiyi açıqlamada bildirib.
Norveçin baş naziri deyib: “Sosial mediada bu qədər geniş imkanlara və nəhəng iqtisadi resurslara malik birinin digər ölkələrin daxili işlərinə bu qədər birbaşa qarışması məni narahat edir”.
Y.Q.Styor müttəfiqlər arasında münasibətlərin belə olmamalı olduğunu qeyd edərək İlon Maskın öz ölkəsi haqqında açıqlama verəcəyi təqdirdə Norveç siyasətçilərinin mübahisələrdən uzaq duracaqlarına ümid etdiyini bildirib.
Xatırladaq ki, İlon Mask bu yaxınlarda bəzi Avropa siyasətçilərini hədəf alan çox sayda paylaşım edib. Rəsmi ''X'' internet səhifəsində Almaniyanın ifrat sağçı AfD partiyasını tərifləyən İlon Mask deyib: “Yalnız AfD Almaniyanı xilas edə bilər” deyə qeyd edib. O, paylaşımında həmçinin "Ştaynmayer anti-demokratik tirandır" ifadələrini işlədib.
Amerikalı milyarderin bu açıqlamaları Avropada, xüsusən də Almaniyada böyük əks-səda doğurub. İlon Mask, həmçinin iddia edib ki, Böyük Britaniyanın Baş naziri Keir Starmer baş prokuror olduğu müddətdə uşaqlara qarşı zorakılıq edən qrupları lazımi qaydada cəzalandırmayıb. Keir Starmer isə İlon Maskı yalan və dezinformasiya yaymaqda ittiham edib.