Erməni jurnalist Natali Aleksanyan Azərbaycan dövləti və onun rəhbəri haqqında  gözəl fikirlər dediyi halda, azərbaycanlı jurnalist Sevinc Osmanqızı isə Azərbaycan dövləti və onun rəhbəri  haqqında hədyanlar, şər-böhtanlar, nifrinlər yağdırır...

Doğurdan da təzadlı bir dünyada yaşayırıq. Ataların bir sözünü də bu təzadlı dünyada yada salmaq istəyirəm: “Allahım, sən məni dostlardan qoru, düşməndən özüm qorunaram”. Bəli, həqiqətən də qanı qanımızdan, canı canımızdan olan və düşmən baltasına sap olmasından qürur duyan nə qədər soydaşlarımız var. Avropadakı söyüş söyən blogerləri bir kənara qoyuram. Ona görə ki, özünə hörmət edən insan milyonların, o cümlədən qızların, qadınların qarşısında söyüş söyməz. Tənqid başqa şeydir, söyüş və təhqir başqa.  Amma məni həmişə ən çox narahat edən, daha doğrusu, mövqeyinə təəssüflə yanaşdığım, Azərbaycanı sevməyən qüvvələrin əlində alətə çevrilən Sevinc Osmanqızıdır. Amerikada oturub Azərbaycanın və Prezident cənab İlham Əliyevin əleyhinə ağlına gələni danışır. Əlbəttə, düşmən pulları hesabına bizim əleyhimizə danışan azərbaycanlılar yetərincə var. Onları satılmışlar kimi qəbul edib, əhəmiyyət vermirik. Amma Sevinc Osmanqızı tamam fərqli situasiyadır. Axı hamı bilir ki, bu xanımın atası, dəyərli ziyalı Osman Mirzəyevi ermənilər qətlə yetirib və jurnalist həmkarımızı həmişə şəhid kimi yad edirik. Bu böyük şəxsiyyətin qızı Sevinc xanım isə, elə zənd edir ki, onun atasını Prezident cənab İlham Əliyev öldürüb.

img_5071

 Ona görə də bütün işini, gücünü buraxıb, həyatını, ancaq İlham Əliyevi, ailəsini tənqid etməyə həsr edib. Görəsən, bu xanımda 44 günlük zəfərlə nəticələnən döyüşdə, 30 il işğalda olan torpaqlarımızın azad edilməsinin başlıca memarı Ali Baş Komandan, Prezident İlham Əliyevə qarşı bu qədər kin-küdurət, nifrət haradandır? Axı dediyimiz kimi, bu xanım azərbaycanlıdır, atası da bu Azərbaycan yolunda şəhid olub. Deməli, şərt qanı, canı azərbaycanlı olmaqda deyilmiş. Əsas odur ki, Azərbaycan uğrunda fədakarlıq edəsən. Çoxsaylı qeyri millətdən olan insanlar var ki, Azərbaycan həqiqətlərini dünyaya yayır və hər yerdə ermənilərin işğalçı olduğunu bəyan edir. Buna misal olaraq rusiyalı Maksim Şevçenkonu, İqor Karateçenkonu, İqor Kuznetsovu, Makarovu və digərlərini göstərmək olar. Hətta Azərbaycan həqiqətlərini söyləməkdə, Sevinc xanım, erməni bloger Roman Baqdasaryan qədər də ola bilmir. Yaxşı, bu erməni Roman kişi cinsinə mənsubdur. Ona görə də Sevinc xanımı onunla müqayisə etmək istəmirəm. S.Osmanqızını jurnalist həmkarı erməni Natali Aleksanyanla müqayisə etsək, daha yaxşı olar və onda görərik ki, kim daha çox erməni dəyirmanına su tökür...

XXX

Bu günlərdə Ermənistanda yaşayan jurnalist Natali Aleksanyanın, Azərbaycan dövləti və Prezident cənab İlham Əliyev haqqında yazdıqları, Azərbaycan mətbuatında da geniş yayıldı. N.Aleksanyanın yazısını oxuyanda, onun erməni olmasına adamda şübhə yaranır. Lakin yazıdan görünür ki, bu erməni xanım özündə cəsarət taparaq, əsl həqiqətləri ortaya qoyub. Onun Prezident İlham Əliyev haqqında yazdığı obyektiv və həqiqəti əks etdirən fikirləri adamda təəccüb və heyrət doğurur. Bu zaman, istər-istəməz adına azərbaycanlı dediyimiz və hər çıxışında Azərbaycan dövlətini, həmçinin onun Prezidentini yamanlayan bizim azərbaycanlı xanım Sevinc Osmanqızı yada düşür. Belə olan surətdə adamın beynində müxtəlif qara-qura fikirlər dolaşır ki, bu Sevinc xanım doğurdanmı azərbaycanlıdır? Daha bir sual isə belədir: Kim daha çox ermənidir? Öz dövlətinə və rəhbərinə düşmən kəsilərək, nifrət püskürən Sevinc Osmanqızı, yoxsa Azərbaycan dövlətini və Prezidentini xoş sözlərlə yad edən, tanınmış erməni jurnalisti, xalqlar arasında sülhün yaradılması uğrunda fəal mübarizə aparan, həqiqəti əks etdirən fikirlərlə ictimaiyyət qarşısına cəsarətlə çıxan Natali Aleksanyan?

 Bu suala cavab vermək üçün gəlin əvvəlcə N.Aleksanyanın Azərbaycan mətbuatında da yayılmış məqaləsindən bir sitat gətirək. N.Aleksanyan yazır: “1990-cı illərdə Ermənistan Qarabağı işğal altında saxlayanda, dünya onu Ermənistanın bir hissəsi kimi tanımadı. Həmin dövrdə Qarabağda Ermənistan bayrağı dalğalanmadı, əksinə, Ermənistanla heç bir əlaqəsi olmayan bir bayraq istifadə edildi. 44 günlük müharibədən sonra Qarabağda yalnız Azərbaycanın bayrağı dalğalanmağa başladı və beynəlxalq ictimaiyyət Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı. Lakin bu gün eyni beynəlxalq ictimaiyyət müxtəlif səbəblərdən Azərbaycan Prezidenti İlham Əliyevi tənqid edir... Sülh tərəfdarı olaraq ədalətə can atıram və İlham Əliyevlə Nikol Paşinyanın üz-üzə görüşünü təmin etmək niyyətindəyəm. Onlar birlikdə, ədalət və qarşılıqlı razılıq prinsiplərinə əsaslanaraq, xalqlarımızın taleyini müəyyən etməlidirlər. Rusiya ilə əməkdaşlıq etdiyi üçün İlham Əliyevə qarşı səsləndirilən ittihamlar əsassızdır. Onu ittiham etmək olmaz, çünki 30 il ərzində Qarabağda Qarabağ bayrağının yanında Rusiya bayrağı da dalğalanırdı və bu gün Rusiyanın təsiri orada demək olar ki, hiss olunmur... Azərbaycanın “Qərbi Azərbaycan” tələbinə gəldikdə isə, bu, Azərbaycanın 30 il ərzində bizdən eşitdiyi “Bakı bizimdir” şüarının nəticəsidir. Lakin bu gün artıq hər iki dövlətin taleyini məhv edən “Qarabağ klanı”nın yaratdığı vəziyyətə görə bu iki xalqı günahlandırmaq olmaz... Nikol Paşinyana və İlham Əliyevə müraciət edərək, bu vəziyyəti uzun illər ərzində yaradan və xalqlarımız arasında münaqişənin dərinləşməsində günahkar olan şəxslərin məsuliyyətə cəlb edilməsini tələb edirəm. Münasibətlərimiz beynəlxalq hüquq prinsiplərinə və qarşılıqlı hörmətə əsaslanaraq tənzimlənməlidir. Yalnız bu yolla bölgəmiz üçün sabit və dinc gələcəyi təmin edə bilərik.  

 Bu, bizə düşmən olan erməni xalqının nümayəndəsi, damarında erməni qanı daşıyan Natali Aleksanyanın fikirləridir. Axı düz sözü kim deyirsə, niyə ona çox sağ ol deməyək? İndi isə gəlin damarında azərbaycanlı qanı axan Sevinc Osmanqızının Azərbaycan dövləti və onun Prezidenti haqqında dedikləri fantaziyalarından birinə diqqət kəsilək. Internetdə axtarış verərkən, S.Osmanqızının təsadüfi bir verilişini seçdim ki, sitat gətirim. Heç seçməyə də ehtiyac yox idi. Bu xanım bütün verilişlərində özü, verilişinə dəvət elədiyi qonaqların da hamısı Azərbaycan dövlətinin və onun Prerzidentinin əleyhinə danışırlar. Qarşıma çıxan ilk verilişinin birində belə danışır:  "Prezident seçkilərində heç bir diskusiya olmadı. Tutaq ki, 16 apreldə İlham Əliyev rus əsgərlərini Azərbaycandan çıxartdı. Bu, İlham Əliyevin xidmətidir, qəbul edək bunu. Bəs necə olur ki, 7 fevralda keçirilən Prezident seçkilərində İlham Əliyev bu barədə xalqa məlumat vermədi? Bəlkə elə adamlar buna görə seçkilərə gələcəkdi. Bəlkə elə müxalifət də etiraf edəcəkdi ki, Qarabağ məsələsi indi həll olundu. Mən indi inandım ki, Qarabağın qaytarılması prosesi bitib. Daha adamlara gün ərzində 30 dəfə SMS göndərilməyəcək ki, seçkilərə gəlsin. Niyə iki ay əvvəl İlham Əliyev bunu öz xalqına demirdi?Çünki bunu İlham Əliyev  həll etmirdi. İlham Əliyevin həll edəcəyi problem deyildi bu. Bizim üçün də təhlükəli olan budur ki, Rusiya istədiyi zaman Azərbaycana daxil olur və istədiyi zaman da Azərbaycandan çıxır. Bizim heç bir qarantiyamız yoxdur ki, Rusiya növbəti dəfə Azərbaycana girməyəcək. Minatəmizləmə adı altında yenə gələ bilər. Xatırlayırsınızsa, hökumət məlumat vermişdi ki, ANAMA ilə rus əsgərləri arasında minatəmizləmə haqqında saziş imzalayıblar. O müqavilənin şərtləri barədə, bu gün də bizə heç bir məlumat verilmir. Sən nə vaxt Rusiyanın düşməni olursan? O vaxt ki, sən demokratik ölkə olanda. Onların nəzərində sən gül kimi avtoritar ölkəsən. Nə üçün onlar həmişə Heydər Əliyevin adını çəkirlər, nə üçün onun yubileyini keçirirlər? Ata diktator, oğuluna ötürdü hakimiyyət, arvadını qoydu özü üçün vitse-prezident. Super, bomba! Ermənistanda baş nazir, parlament seçkiləri keçiilir. Hələ 2026-cı ildə də baş nazir seçkisi olacaq. Əlbəttə, demokratlar qalib gəlsə, heç də yaxşı olmayacaq. Yəni bu, transformasiyadır. Onlarınn nəzərində bu məsələlər avromaydandır. Xalqın öz iradəsini bildirməsi, demokratiyaya çatacam, ölərəm, amma demokratik olaram”,azadlığımı əlimdən vermərəm deməsi, bunları qorxudurdu, dava bunun davasıdır. Ona görə də mübarizə hələ bitməyib. Əziz qardaşlar və bacılar, baxaq görək, kim üzr istəyəcək və kimdən üzr istəyəcək?Hələ baxaq görək biz bu döyüşü udub, müharibəni qazana biləcəyikmi? Yoxsa müharibənin sonunda Ermənistan olacaq Avropada, xalqı kef edəcək, biz isə hələ də Rusiyaya xərac ödəməkdə davam edəcəyik. Bu qiyməti hər birimiz ödəcəyik. Söz, mətbuat azadlığımızın olmamasıyla, bizim qərar verə bilməməyimizlə bağlı, bələdiyyə və parlament seçkilərində qəti qərar verə bilmədiyimiz üçün hər birimiz bunun qiymətini ödəyəcəyik. Ona görə də soruşmayaq ki, bu zəng kimin üçün çalınır? Bu zəng hər birimiz üçün çalınır”.

 Burada əlavə heç bir şərhə ehtiyac olmasa da, yenə bir-iki məsələyə diqqət çəkmək istəyirəm. Sevinc xanım bildirir ki, əgər apreldə rus əsgərləri çıxıb gedəcəkdisə, niyə İlham Əliyev Prezident seçkilərində bu barədə xalqa məlumat verib, əlavə nüfuz, hörmət qazanmadı? Bu xalqına və dövlətinə qənim kəsilən xanım anlamır ki, hər anın öz hökmü var və hər şey də dünyada baş verən proseslərdən çox asılıdır. Dünən rus əsgərlərinin Azərbaycandan çıxarılması üçün siyasi şərait yetişməmişdi, amma bu gün situasiya tamam başqadır və əsgərlərin Azərbaycandan çıxması zərurətə çevrilib. Bu sadə məntiqi başa düşə bilməyən xanım, yastı-yastı danışaraq, özünü çoxbilmiş kimi göstərib hamıya ağıl verir.

 S.Osmanqızının  başdan-ayağa qarayaxma dolu çıxışında bir məqam da diqqəti çəkir: “Xatırlayırsınızsa, hökumət məlumat vermişdi ki, ANAMA ilə rus əsgərləri arasında minatəmizləmə haqqında saziş imzalayıblar”.

Mən başa düşə bilmirəm, ANAMA dövlətin içində kiçik bir qurumdur. Bu qurum iki dövlət arasında özü də, hansısa dövlət qurumu ilə yox, rus əsgərləri ilə müqaviləni necə bağlaya bilər? Cəfəngiyyatın və fantaziyanın da bir sərhədi olmalıdır axı. Sevinc xanımın Azərbaycan dövlətinə və onun rəhbərinə olan nifrəti sərhəd tanımadığı kimi, onun fantaziyaları, şər və böhtanları da sərhəd tanımır. Bu xanım ən azı atasına görə ayıbına kor olub, sakit durmalıdır. Amma S.Osmanqızı atasını öldürən ermənilərin tərəfini niyə tutmalıdır axı?!

İndi baxın, yuxarıda göstərdiyimiz kimi, erməni jurnalisti Natali Aleksanyan Azərbaycan dövləti və onun rəhbəri haqqında  gözəl fikirlər dediyi halda, azərbaycanlı jurnalist xanım Sevinc Osmanqızı isə Azərbaycan dövləti və onun rəhbəri  haqqında hədyanlar, şər-böhtanlar, nifrinlər yağdırır...

Elçin MƏMMƏDLİ      

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN