Uzun sürən xəstəlikdən sonra 50 yaşında vəfat etmiş qardaşım İlyas Qurbanovun əziz xatirəsinə...
Qazaxıstanın paytaxtı Astanadan gələn ölüm xəbəri hamımızı sarsıtdı. 6 ay həyatla çarpışan, ölümlə mübarizə aparan İlyasın ölüm xəbəri... Bu necə olur, bu nə haqsızlıq, ilahi! Necə qıydın belə bir insana? O insana ki, az ömür yaşadı, böyük əməllər sahibi oldu, xeyirxahlığın, insanlığın zirvəsinə yüksəldi. Özü üçün yaşamadı, dostlar, tanışlar, qohum-əqrabalar üçün canını fəda etdi.Təmənnasız, heç bir məqsəd güdmədən...
XXX
Deyirlər, Allah-Təala insana ömrü bir sınaq kimi verir. Kimisi 100 il ömür sürsə də, bu sınaqdan çıxa bilmir. Çünki həyatdakı mövqeyi, əməlləri insanlıq çərçivəsinə uyğun gəlmir. Az ömrü ilə insanların sevgisini qazanan, xeyirxahlığı, əməlləri ilə xoş bir xatirələrdə qalan qardaşım İlyas dostluğun, yoldaşlığın, xeyirxahlığın, insanlığın simvolu idi. Necə qıydın bu cavan cana, zalım fələk!
XXX
İlyas Millət oğlu Qurbanov 1974-ci ildə Ağdam rayonunun Mərzili kəndində anadan olmuşdu. Hələ gənc yaşlarından zəhmətə alışmış, həyatın çətinliklərinə, əzablı yollarına tab gətirmiş və heç vaxt insanlığını unutmamışdı. Tale elə gətirdi ki, ömrünün gənc illərini Qazaxıstan Respublikasında keçirməli oldu. Kiçik sahibkarlıqdan başlayaraq işini, fəaliyyətini elə istiqamətdə apardı ki, özünə çoxlu dost və bu dostlar arasında dərin hörmət-izzət qazandı. Öz zəhməti, öz xeyirxahlığı, insanlara qayğısı, sevgisi, doğma yurduna məhəbbəti ilə. Qazaxıstanda yaşasa da, qəlbi həmişə doğma Azərbaycanda idi. 44 günlük müharibədə əsl bir azərbaycanlı kimi ordumuzun qələbəsinə sevindi və başqa azərbaycanlılar kimi, o da əlindən gələn maddi imkanla ordumuza, onun qələbə çalmasına kömək etdi. Torpaqlarımızın işğaldan azad edilməsi zamanı sevincinin həddi-hüdudu yox idi. Nəhayət, o da tezliklə öz doğma yurduna-Mərzili kəndinə qayıdacağını və bütün imkanlarını yurdumuzun çiçəklənməsinə sərf edəcəyini düşünürdü. Amma zalım fələk imkan vermədi. Ağır xəstəliyə düçar oldu və müasir tibbin bütün vasitələri onu xilas edə bilmədi. Yaşamaq, yaşamaq, həyata qayıtmaq istəyirdi.
İlyas öz xeyirxahlığı, dostluqda möhkəmliyi ilə Qazaxıstanda yaşayan həmyerliləri arasında böyük hörmət qazanmışdı. Bakıdan da tez-tez qonaqları olurdu. İncəsənət adamları, işgüzar insanlar. Yaşının az olmasına baxmayaq, hamı ilə bir ağsaqqal kimi ünsiyyət qururdu. İlyas eyni zamanda qazax xalqına, onun adət və ənənələrinə dərin hörmət bəsləyirdi və heç vaxt onların problemlərinə biganə qalmırdı. Yaxın illərdə Qazaxıstanın müxtəlif bölgələrində yağışların törətdiyi təbii fəlakətə məruz qalan insanlara o da başqa azərbaycanlılar kimi yardım əlini uzatmış və fəlakət zonasına ərzaq, zəruri avadanlıqlar və s.göndərmişdi. Məhz xeyirxahlığı ilə özünə çoxlu dost qazanmışdı.
XXX
...Cənazəsi Bakıya gətiriləndə onu Bakı aeroprtunda yüzlərlə insan, o cümlədən Qazaxıstandan gələn dostları qarşılamışdı. Bakıda dəfn edilən İlyasın dəfnində də böyük izdiham toplaşmış, onu son mənzilə yola salmaq üçün respublikamızın demək olar ki, hər yerindən, o cümlədən Qazaxıstandan İlyassevənlər gəlmişdi.
İlyasın ölümü hamı üçün böyük bir itki idi.
Az ömür yaşadın, əziz qardaşım. Amma şərəflə, vicdanla yaşadın, xeyirxah əməllər qoyub getdin, əbədiyyətə qovuşdun. Sonda məqaləmi Muxtar Əzimovun qardaşım İlyasa həsr etdiyi şeirlə bitirmək istəyirəm:
Bir ömür yaşadım minə bərabər,
Könüllərdə ev tikmişəm, bəsimdi.
Yada salar işlərimi bilənlər,
Az ömürdə çox yaşadım, bəsimdi.
Mənasız bir ömür sanki hədərdi,
Mənasız bir ömür, ölüm qədərdi.
Mənasız gülüşün özü kədərdi,
Mənasız gülmədim, belə bəsimdi.
Yaxşılıq əvvəldən həvəsim oldu,
Əməlim xoş oldu, gur səsim oldu.
Məramım üzlərdə təbəssüm oldu,
Arxamca oxunan dua bəsimdi.
* * *
Əzizim ellərdə sən,
Dildəsən, eılərdə sən.
Bizi qoyub getmisən,
Qalmısan dillərdə sən.
Əzizim əməlinə,
Sözünə əməlinə.
Mən yanıram canına,
El yanır əməlinə.
Əzizim güllərlədi,
Gül üzün güllərlədi.
Əlim səndən üzülüb,
Əməlim dillərdədi.
Allah rəhmət eləsin!
Ruhun şad, məkanın cənnət olsun, əziz qardaşım!
Şakir QURBANOV