Real həyatda, küçədə və nəqliyyat vasitələrində tez-tez öz-özünə danışan, deyinən və gülənlərə rast gəlmək mümkündür.
Bəzən elə adamlar olur ki, sanki kiminləsə müzakirə edirmiş kimi yüksək səslə, jest və mimikalardan istifadə edərək nəyi isə götür-qoy edir, planlar qurur və ya çıxış yolu axtarır. Lakin bunun davamlı xarakter alması psixoloji pozuntuların göstərici hesab edilir.
TEZADLAR.AZ xəbər verir ki, psixoloq Səbinə Bayramova daxili nitqdə plan qurmağın, çıxış yolları axtarmağın normal hal kimi qiymətləndirilidiyini bildirib. Lakin halından narazılıq ifadə edən cümlələr qurmaq, gününü ancaq öz-özünə deyinməklə keçirmək heç də yaxşı hal hesab olunmur. Eyni zamanda bəzən gərginlik həddini aşır və şəxsin daxili nitqi kənardan görünür və eşidilir. Psixoloq qeyd edib ki, bu, aqressiyanın aşırı dərəcədə olduğunun göstəricisidir: “Başına gələn, ətrafında cərəyan edən hadisələri hər yerdə mənfi dəyərləndirmək və deyinmək hər kəsdən əvvəl şəxsin özünə mənfi təsir edir, çünki istər-istəməz mənfi enerji ilə yükləndiyinə görə ətrafa da neqativ enerji ötürür”.
Onun sözlərinə görə, bununla yanaşı, daxili nitqin bir sıra müsbət tərəfləri də var. Əgər şəxs hər hansı məsuliyyətli görüş və çıxışa hazırlaşırsa, əvvəlcədən plan qurub onun üzərində danışması özünəinam hissinin artmasına təkan vermiş olur. Xüsusilə unutqan insanların tez-tez planlarını özləri üçün təkrarlaması normal hal hesab edilir.
“Öz-özünə danışmaq ətrafdakıları ciddi dərəcədə narahat etmirsə, əslində normal bir davranışdır. Lakin ətrafdakıları narahat edəcək dərəcədə intensiv və sıx şəkildə qarşılanırsa, o zaman bundan xilas olmaq üçün mütəxəssisə müraciət etmək lazımdır. Aqressiyaya hakim olmaq, rahatlanmaq, sakitləşmək üçün öz-özünə danışmaq əslində faydalı və işə yarayan bir davranışdır”,- deyə psixoloq əlavə edib.
Belə bir deyim var: “Yaxşı düşün ki, yaxşı da olsun”. Ona görə də deyinməyin yerinə gələcək planlar quraraq onu müzakirə etmək daha yaxşı olar.
AzərTac