Hörmətli nazir Sahil Babayev, mən “İtqapan” kəndində anadan olan zaman qulağıma pıçıldadılar ki, “...sən nahaqq bu dünyaya varid olursan. Zəhmət çək, haradan gəlmisən oraya da get. Yoxsa bu ölkəyə varid olmağından o Allahın adına and olsun ki, pəşiman olacaqsan, bala. Çünki elə bir yerə gəlib çıxmısan ki, burada heç kim başqasının kitabını oxumur. Kitabını oxutdurmaqdan ötrü ya gərək qurban olduğumun doğulduğu torpağın nümayəndəsi olasan, ya da yaxşı paran olmalıdır. Yoxsa, dərini boğazından çıxararlar, hüququnu da qorumağa heç bir inc-cins köməyinə yetməz...”.

Bir də mənim qulağıma pıçıldadılar ki, ay yazıq, səndə nə Şeyx həzrətlərinin parasından bir cıqqanı var, nə də sən o dəstədənsən. Mən də səy ağlımla onların sözünə inanmadım. Atalar doğru deyib, “Ulu sözünə qulaq asmayan, sonda ulaya-ulaya qalar”. Nə isə, başınızı çox ağrıtmıram, keçirəm mətləbə.

Cənab nazir, sizin başçılıq etdiyiniz nazirlik barəsində pensiyaçların “ütülənmiş” sözlərini mətbuatda oxuyanda istər-istəməz “sevinc hissi” keçirirsən. Xüsusilə də sizin “dostunuz, sirdaşınız,” Ağ Partiyanın koxası Tural Abbaslının nazirliyin ünvanına qatı açılmamış ifadələri kiçikli-böyüklü (əxstafurullah, sizdən böyük ola bilməz) əməkdaşlar haqqında “xoş” sözlər eşitdikcə adamın ürəyinə kərə yağı kimi yayılır. Sizin rəhbərlik etdiyiniz nazirliyə, onların “işinin öhdəsindən yüksək səviyyədə gələn” əməkdaşlarına “qibtə” edirsən. Xüsusilə də sizin nazirliyin tabeliyində olan DSMF-nun Nəsimi rayon Xidmət Nümayəndəliyinin direktoru, “operativ” İlham Hüseynov öz bacarıq və operativliyi ilə bütün respublikanı təəccübləndirən çinovnikdir.

Qısası, cənab nazir, sizə elə gəlmir ki, Tural bəy deyəsən “nankor” adama oxşayır. Çünki o bu bolşeviklərə “nankor” olmasaydı, partiyasının adını “Ağqvardiyaçı”ların birinci hecasından götürmək əvəzinə, onu “boya-başa” çatdıran, dilinə, dininə həqarətlə baxan, igid övladlarını repressiyaya məruz qoyan, onların bir çoxunu vətənindən didərgin salan, vətənini erməni işğalçılardan “qoruyan”, bolşevik”lərin birinci abzasını götürərdi. Sizin də halal zəhmətlə işləyən, heç bir şəxsin cibində gözü olmayan, aşağı-yuxarı vəzifələri “zanit” edən əməkdaşlarınız Tural bəyi bu “nankor”luğuna görə topa tutardı. Görünür bu sizin “işgüzar” komandanızın ağlına gəlməyib. Görəsən bunlarda ağıl deyilən nəsə var? Niyə yoxdur... Ağılları var ki, ayağı olmayan şəxsin pensiya müddətinin artırılması üçün onu get-gələ salırlar. Bu camaat qəribə adamdır. Bəlkə həmən şəxsin ayağı uzandı... Adama niyə artıq pensiya verilsin? Heç dəxli var?! Kaş ki, bütün işlərimiz bu nazirlik kimi “operativ” və şəffaf olaydı.

Mən səmimi qəlbdən “arzu” edirəm ki, bütün nazirliklər, baş idarələr məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarından, onların tabeçiliyndə olan idarələrdən nümunə götürsünlər.

Yenə də deyim, bu yaxınlarda “operativ” İlham Hüseynovun yanına varid oldum. Siz elə düşünməyin ki, “operativ” kişinin qəbuluna düşmək asan məsələdir. Əxstəfürullah, onun “mübarək sifətini” görmək asanlıqla həll olunmur. Çünki mən binəva bu kişinin eni və uzunu görünməyən “kaburnetinə” təşrif gətirməkdən ötrü, mütləq ilk növbədə nazirliyin yuxarı çinli, “bığıburmalı” adamına ağız açmalıyam. O da həmin “operativ” İlhamla bir saat çənə döysün, sonra ondan icazə kağızını alıb və desin ki, “nu pryod” yolun “uje atkrita”. Sən də “Allah-allah” deyə-deyə ilk öncə “operativ” İlham qağanın katibəsinə müraciət edəsən. Bu hələ harasıdır, yazıq katibə nə ağız sahibidir ki, İlham qağanın bir addımlığında olan qapısını açıb kəlmə desin. Onun dərisini boğazından çıxarar. Gərək ki, qağanın kabinetinə varid olmaqdan ötrü ona telefon aça, ondan icazə istəyə.

Bu hələ harasıdır, müdir qağa on dəqiqə onu sual-cavaba tuta, nə üçün gəlib, niyə gəlib, adamı kimdir, əgər yuxarıdan xahiş ediblərsə, bir qədər də gözlətmək olar, sonra da əda ilə desin “burax gəlsin”.

Cənab nazir, incimə, bu zaman Ümummilli lider, (Allah ona rəhmət eləsin!) Heydər Əliyevin 70-ci illərdə çıxışlarının birində dediyi ifadəni xatırladım. Bilirsiniz nə demişdi? Haradan biləsiniz. O zaman bir çox nazirlər kimi, sizin də fundamentiniz hələ qoyulmamışdı... O zaman Heydər Əliyev xalqı incitdiklərini, onları get-gələ saldıqlarını eşidib, mənzil-istismar sahəsinin müdirlərini kəskin şəkildə tənqid edərək demişdi:   “Bu “JEK” müdirləri nə böyük şəxsdir ki, onun qəbuluna düşmək müşkül məsələ olub”.

Diqqət edirsiniz, Heydər Əliyevin əlli il bundan qabaq dediyi söz yerini alır. Bu sizin “JEK” müdiriniz də həmən adamlardandır.

Beləcə, bəxtim üzümə güldü, Qağa ilə görüşdüm, ona iyirmi gün bundan öncə məktubuma niyə cavab verilmədiyini sordum. O da tez katibəsini yanına çağırdı. Onu danlayandan sonra operativliyini “nümayiş etdirməkdən ötrü” katibəyə “Ərizəni yaz işdən azad olursan”-dedi. Rəisin bu hərəkəti mənə bir hadisəni xatırlatdı.   Yanılmıramsa, 8-ci mikrorayonda bir bina yanmışdı. Günahkarlar bir tərəfdə qalır, məzlum bir işçini həbs edirlər.

Nə isə, bir qədər gözlədikdən sonra idarənin iki əməkdaşı əllərində qovluq kabinetə daxil oldu.

Xanım əməkdaş amiranə şəkildə qarşımda əyləşib, əda ilə “Biz Aslan Qasımlının bütün müraciətlərinə baxıb cavab vermişik”- dedi...

Cənab nazir, sizin nazirliyə tabe olan idarə müdirinin əsabəsi düşünülməmiş, yazdıqları və dedikləri sözlərin fərqinə varmadan, “ağa”sının və mən binəvanın qarşısında məsuliyyətini dərk etməmişdi. Lakin ondan fərqli olaraq nəzərinizə çatdırım ki, mən 2021-ci ilin yanvar ayında, təqaüddə olduğum müddətdə işlədiyim altı (6) illik iş stajımın sənədlərini Nəsimi rayon Xidmət Nümayəndəliyinə təqdim etmişəm. Orada mənə dedilər ki, ilk növbədə Vətən müharibəsi iştirakçılarının sənədlərinə baxdığımıza görə pensiyaya əlavə olunacaq məbləği siz yalnız 2-3 aydan sonra alacaqsınız. Razılaşdım.

Üç aydan sonra- sənədlərimin aqibəti ilə maraqlanmaq üçün aprel ayında Nəsimi rayon Xidmət Nümayəndəliyinə gəldim. Orada dedilər ki, mən vaxtilə təqaüdə çıxanda sənədlərimi gec təqdim etdiyim üçün altı illik iş stajım 2021-ci ilin mart ayından hesablanacaq. Sənədlərinizi gətirin mart ayından hesablayaq.

Maraqlıdır, cənab Nazir, “sobesçilər” də əllərini əllərinin üstünə qoyub “əsas” işləri ilə məşğul olduğundan müraciətimi gedər-gəlməz yola göndəriblər. Əgər gəlməsəydim, belə çıxır ki, o zaman sizin “sobesçilər” mənə bu barədə məlumat verməyəcəkdilərmi? Axı onlar məni arxayın etdilər ki, pensiyanın əlavəsini 2-3 aydan sonra alacaqsan. Sual olunur: mən 3 aydan yox, 5 aydan sonra sizin əməkdaşların yanına təşrif buyursaydım, pulumun ödənilməsi daha beş ay geri atılacaqdımı?

Mən ikinci dəfə Nəsimi rayon Xidmət Nümayəndəliyinə müraciət etdim. Onlar məndən yenidən sənədlər tələb etdilər. Onlara sənədlərimi bir dəfə verdiyimi xatırlatdım, lakin həmin sənədlərin arxivə göndərildiyini bildirdilər.

Əcəb işə düşmüşük... Axı sənədləri ikinci dəfə hazırlayıb təqdim edəndə dedilər ki, sənin sənədlərin artıq mart ayından hesablanacaq. Mən onlardan dəfələrlə nə vaxtdan hesablanacağını sorduqda eyni cavabı aldım. Mən yazıq nə bilim ki, onlar dediklərinə naxələf adamdılar. Dediklərinin arxasından utanmadan qaçmaqda pərgardırlar. Əks təqdirdə onların görüşünə diktofonumla gedərdim.

Mənə SMS gəldi ki, pensiyam may ayından hesablanır. Etirazımı telefon vasitəsi ilə bildirdim. Heç bir nəticə vermədi. Nazirliklə əlaqə saxladım. Onlar sistemə baxıb mənim doğru olduğumu bildirdilər. Nazirlik əməkdaşlarının müdaxiləsinə baxmayaraq pensiyama əlavəni yalnız iyun ayı üçün ödədilər. Lakin mart, aprel aylarının əlavəsini indiyə qədər ala bilmirəm.

Cənab nazir, “neujeli” bunlar mənim pensiyamın əlavəsinə göz dikiblər?! İndi İmam Hüseynin şəhid günləridir... Müsəlman dünyası matəm içindədir. Məscidlərdə halva paylanılır, qapısında dilənçilər əlindən tərpənmək olmur. Onlar gün doğmamışdan oranı kəsdirirlər. Ürəyi geniş müsəlmanlar da onlara pul-para ilə köməkliklər göstərirlər. Mənim halal pulumun arxasına keçmək istəyənlərə məsləhətim budur, özlərinə bir az əziyyət versinlər, yuxularına haram qatsınlar, gedib məscidlərin qarşısında otursunlar. İnandırım sizi, bilirsiniz nə qədər yığarlar! O qədər “qazanarlar” ki, artıq mənim qəpik-quruşuma ehtiyac olmaz.

Əgər ar eliyirlərsə (belələrində ar olmaz), o zaman mənim qəpik-quruşumu onlara haram edirəm, qoy götürsünlər...

Mənim daha sözüm yoxdur. İndi söz sizindir, cənab nazir Sahil Babayev!

Hörmətlə:

Aslan Kənan

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA