Soydaşlarımızın, istər adi və ya iş adamları olsun, istərsə də diaspora rəhbərləri olsun,  Azərbaycandan kənarda fəaliyyətləri həmişə maraq doğurub. Çünki bu insanlar yaşadıqları ölkədə vətənimizi təmsil edirlər və haqq səsimizin dünyaya yayılmasında mühüm rol oynamalıdırlar. Amma təəssüf ki, soydaşlarımızın hamısı vətənpərvər ola bilmirlər. Bunun da nəticəsində ermənilər informasiya müharibəsində bizdən öndə olurlar.

Bunula belə, yaşadığı ölkələrdə Azərbaycan adına nüfuz gətirən, vətənin maraqlarını öz şəxsi maraqlarından üstün tutan soydaşlarımaız da yetərincədir. Məsələn, Rusiyanın Yaroslavl vilayətində Azərbaycan Milli Mədəni Muxtariyyatının rəhbəri hüquqşünas Asiman Hüseynov,  Qırğızıstanda  "Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu"nun Prezidenti Nüsrət Məmmədov ölkəmizdən kənarda Azərbaycanı yüksək səviyyədə təmsil edən, yaşadıqları ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən soydaşlarımızdır. Elə bu səbəbdən də Nüsrət Məmmədov iki ölkə arasında əlaqələrin möhkəmlənməsində və türk dilli xalqların birliyi yolunda önəmli fəaliyyətinə görə, ötən ay Qırğızıstan Prezidenti tərəfindən “Dostluq ordeni” ilə təltif edilib. Soydaşımızın Qırğızıstan prezidenti tərəfindən belə yüksək bir mükafata layiq görülməsi təbii ki qürurverici haldır. Bu səbəbdən də “Təzadlar”ın yaxın dostu olan, tez-tez informasiya mübadiləsi apardığımız Nüsrət Məmmədovu oxucularımız üçün bir az da yaxından tanıtmaq istəyirik.

1727336222474

Nüsrət Musa oğlu Məmmədov 1957-ci il mayın 9-da Şəkinin Cuma kəndində anadan olub. 1980-ci ildən bu günə kimi, yəni düz 44 ildir Qığızıstanın paytaxtı Bişkekdə (keçmiş adı Frunze) yaşayır. 1990-96- illərdə Qırğızıstan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Ali təhsilli hüquqşünasdır. Ailəlidir. Həyat yoldaşı da azərbaycanlıdır. Iki oğlu, bir qızı var. Böyük oğlu Moskvada Serqo Orcanakidze adına Universitetdə magistir təhsili alır. Ikinci oğlu Qırğızıstan Beynəlxalq Univrsitetinin sonuncu kurs tələbəsidir. Qızı isə, Qırğızıstan Diplomatik Akademiyasının 2-ci kurs tələbəsidir. Onu da qeyd edək ki, Nüsrət bəyin qızı, bu Akademiyada təhsil alan ilk azərbaycanlıdır…

Məlum olduğu kimi, Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov  2024 cü il avqust ayının 31-də Qara-Qırğız Muxtar Vilayətinin yaranmasının 100 illiyi və Qırğızıstan Respublikasının Müstəqillik Günü ilə əlaqədar, ölkə və xalq qarşısında yüksək fəaliyyətlərinə görə bəzi şəxsləri ali dövlət fərqlənmə nişanları ilə təltif etmişdir.

Mükafat alanların arasında, uzun müddətdir "Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu"nun Prezidenti olan, Azərbaycan həqiqətlərini Qırğızıstanda yayan, tarixi həqiqətləri əks etdirən kitabların qırğız və bir çox dillərə tərcümə edib, yayılmasında xüsusi fədakarlıq göstərən, buna görə də Qırğızıstan xalqı və hökuməti yanında böyük nüfuz qazanan  Nüsrət Musa oğlu Məmmədovun da olması, hər bir azərbaycanlının ürəyincə olub. Türkdilli ölkələr arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi məqsədi ilə, bu dövlətlərin görkəmli yazıçılarının əsərlərinin tərcüməsi və nəşrinə xüsusi diqqət yetirdiyinə, həmçinin  xalqlarımız arasında təmənnasız yaydığına görə,  Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun sərəncamı ilə "Dostuk" ordeninə layiq görülüb. Hesab edirik ki, bu mükafat N.Məmmədovun şəxsində, Qırğızıstanda yaşayan bütün Azərbaycanlıların əməyinə verilən qiymətdir.

1727336222506

Bu orden, həqiqətən də Qırğızıstanda yaşayan azərbaycanlıların birliyinə səbəb oldu. Belə ki, "Dostuk" ordeni ilə təltif olunduğuna görə, sentyabrın 14-də Bişkekdə yerləşən “Bereket- Anadolu” restoranında, orada yaşayan azərbaycanlılar  böyük ziyafət təşkil ediblər. N.Məmmədov  ona göstərilən bu qayğı və diqqətə görə, ziyafətin əsas təşkilatçıları olan, Azərbaycanın adını həmişə uca tutan, dəyərli soydaşlarımız, Qiyas Xəlilova, Əşrəf Xəlilova və Mehdi Əliyevə xüsusi minnətdarlığını bildirir. Ziyafətdə iştirak edərək, haqqında xoş sözlər söyləyən Azərbaycanın əsl vətənpərvər ovladları, İqbal Babayevə, Fərid Talışlıya, Şahin Həsənova, Adelya xanıma və başqalarına Nüsrət bəy sonsuz təşəkkürlərini çatdırır.Biz də öz növbəmizdə “Təzadlar”ın bütün kollektivi adından qəzetimizin yaxın dostu, dəyərli, vətənpərvər ziyalımız Nüsrət Məmmədovu, Qırğızıstan Respublikasının ali mükafatına layiq görülməsi münasibəti ilə ürəkdən təbrik edirik. Dəyərli soydaşımız,  "Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu"nun Prezidenti, Nüsrət Məmmədova Azərbaycan həqiqətlərinin Qırğızıstanda yayılması və türk xalqlarının birliyi yolunda  daha böyük uğurlar arzu edirik.

Hazırladı və təqdim etdi: Elçin MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA