Yaxşı bir söz var, deyirlər ki, əgər peşəkarı iş başındadırsa, bütün peşələr gözəldir. O sıradan cəmiyyətin görən gözü, eşidən qulağı olmaqla yaradıcı fəaliyyət olan jurnalistika peşəsi. Və əslində  həqiqətə xidmət olduğundan xalqa xidmətdir jurnalistika. Sözün qüdrəti hər kəsə bəllidir. Söz müharibədə də, diplomatiyada da, adi ünsiyyətdə də “silahdır”. Bəli, jurnalist “sözlə yola çıxır”, xəbər axtarır, “fikir gəzir” ki, oxucuya və ya tamaşaçıya çatdırsın. Söz də ki, söz qədri bilən, sözə dəyər verən peşəkar “əlinə düşəndə” daha dəyərli olur. Bəli, bu məqamda gəncliyindən jurnalistika peşəsinə könül vermiş, ömrünün 35 ilini jurnalistikaya həsr etmiş, xeyirxahlığı, yaxşılıqları ilə yaddaşlarda yaşayan filologiya elmləri üzrə fəlsəfə doktoru mərhum Rüstəm Duman oğlu Əzizovu yada salmaq, xatırlamaq üçün əlimizə qələm götürməyi qərarlaşdıq.

Hələ orta məktəbdə oxuduğumuz 70-ci illərin ən şirin xatirələri təbii ki, bizə dərs deyən müəllimlərlə, təhsil aldığımız Mərzili kənd orta məktəbi ilə bağlıdır. Məktəbin dəhlizinə daxil olduğumuz hər gün gözümüzün sataşdığı iki böyük lövhə olardı. Onların birində kəndimizin yetirmələri olan alim və aspirantların şəkilləri idi - dünya şöhrətli alim Xudu Məmmədov, professor Yusif Səmədov, professor Misir Rəhimov, filoloq Rüstəm Əzizov, geoloq-mineroloq Şahlar Əzizov və çoxsaylı aspirantlar. İkinci lövhə isə məktəbin yüzlərcə əlaçılarının şəkilləri olardı. O şagirdlərin ki, bu gün onların sırasından neçə-neçə professorların, mədəniyyət və incəsənət nümayəndələrinin, dövlət idarəçiliyində çalışanların adlarını sadalamaq olar...

Yaxşı xatırlayırıq alimlərimizdən baxışları qayğılı, üz-gözündən həyatsevərlik yağan Rüstəm Əzizovu. O insan ki, sadə, zəhmətkeş kəndli ailəsində dünyaya gəlib - 20 fevral 1937-ci ildə. Ailədə 5 övlad olublar - Rüstəm, Misir, İsmixan, Tamam və Ufay. Rüstəm orta məktəbdə yaxşı oxumağı, elmə, təhsilə marağı ilə yaşıdlarından fərqlənirb. O, 7 illik təhsili Mərzilidə, orta təhsili isə qonşu Novruzlu kəndində bitirmişdir. 1957-ci ildə S.M.Kirov adına Bakı Dövlət Univerisitetinin (Bakı Dövlət Universiteti) jurnalistika fakultəsinə daxil olmuş və 1962-ci ildə uğurla ali təhsilini başa vurmuşdur. Həmin ildən də jurnalist fəaliyyətinə başlamışdır. Sevdiyi, seçdiyi peşəsi ilə bağlı olan əsas iş yerinin ünvanı - 16 iyul 1963-cü ildən Azərbaycan Dövlət Televiziyası olub. Rüstəm Duman oğlu ömrünün sonunadək Az.Tv-də “Sağlamlıq”, “İnsan və zaman”, “Səadət”, “Ev üçün, ailə üçün”, “Ədəbiyyatşünaslıq və zaman” və s. proqramların yaradıcısı və aparıcısı olmuşdur. Rüstəm Əzizovun TV-dəki səmimi çıxışları ilk günlərdən geniş tamaşaçı kütləsi tərəfindən sevilmiş, rəğbətlə qarşılanmasına səbəb olmuşdur. Bunu isə o zaman üçün olduqca maraqlı ünsiyyət və əlaqə vasitəsi olan tamaşaçı məktubları sübut edir.

rustem-azizov-2

Rüstəm Əzizovun adına demək olar ki, hər gün, hər həftə müsbət rəy və təkliflərlə dolu tamaşaçı məktubları gələrdi. 1972-ci ildə yazılan məktubların biri Bakının zavod fəhlələrinin adından olub. Fəhlələr yazırdılar ki, hörmətli Rüstəm müəllim, biz hər həftə sizin “Sağlamlıq” verilişinizi diqqətlə izləyirik, maarifləndirici çıxışlarınız bizi həyata daha həvəslə bağlanmağa, yaşamağa, qurub yaratmağa həvəsləndirir...

Rüstəm müəllimi sadə insanlara sevdirən onun səmimiyyəti idi. Yaxşı deyiblər ki, qəlbin olmalıdır ki, qəlbə girəsən.

Rüstəm Əzizov ali təhsillə bağlı ayrılmalı olduğu el-obasını heç zaman unutmazdı. Tez-tez, imkan düşən kimi kəndə gələr, camaatın xeyrinin-şərinin iştirakçılarından birinə çevirilərdi. Deyirlər ki, qəlbi açıq olanın əli də açıq olar. Bu fikri tərəddüd etmədən Rüstəm Əzizova da aid edə bilərik. Kəndə gələndə qohumlarına, ehtiyacı olan insanlara əl tutardı həmişə. Yaxşı xatırlanır: Rüstəm müəllim bir dəfə kəndə gələrkən “təzəbinə” olan qardaşı oğlu Sabirin evinə baş çəkir. Hələ evə daxil olmamış soruşur ki, evin nəyi çatışmır? Rəhmətlik Sabir də döşəmədə kəsir var deyir. Elə o an Rüstəm müəllim də növbəti kitabının bütün qonararını ona verərək deyir ki, bu da mənim hədiyyəm...

Kəndimizdən bəlkə də yüzlərcə insanın sağlamlıqları ilə bağlı Bakı şəhərinin tibb müəsisələrinə işi düşüb. Həmin insanlar Rüstəm Əzizovun hərtərəfli qayğısı və dəstəyi ilə sağlamlıqlarına qovuşub. Rüstəm müəllim Bakı şəhərindəki dost və tanışlarına üz tutanda da, minnətli qalmaması üçün apardığı xəstənin xəbəri olmadan xərcini çəkərdi. Halbuki xəstə qohumları, elliləri elə bilirdilər ki, Rüstəm müəllimin dost-tanışları çoxdur və yəqin ki, heç bir xərcə ehtiyac olmadı. Hələ də unutmamışıq Salman Hacıyevin başından olan cərrahi əməliyyat nəticəsində sağ-salamat evinə dönməsini və camaatımızın bu xoş xəbəri möcüzə kimi qarşılamasını. Yaxud, Şöhlət oğlu Musanın sağalıb gəlməsini... Bütün bunlar Rüstəm Əzizovun hörməti, nüfuzu, maddi və mənəvi dəstəyinin nəticəsi idi. Rüstəm müəllimin xəstə insanlarla olan ünsiyyəti zamanı ən böyük uğuru o idi ki, xəstəyə xəstə olmadığını inandırırdı. Onun bu bacarığı, xəstə insanlara bu cür yanaşması “söz loğman üçün ən qiymətli məlhəmdir” kəlamını yada salmaya bilməz.

Bu məqamda, dinimizdən gələn bir kəlamda deyilir ki, əsl yaxşılıq odur ki, gizlində də aşkarda gördüyün işi görəsən.  Və əbəs yerə o da deyilmir ki, insanın dəyəri onun əməlləri ilə ölçülür. Xeyirxah əməl, iş sahibi kimi xatirələrdə yaşayan Rüstəm Duman oğlu bu baxımdan bir nümunədir, bir örnəkdir. 

Bir dahi deyib ki, yalnız yaxşılıq etmək yetməz, yaxşılığı incəliklə də etmək lazımdır. Bu fikri də Rüstəm Əzizova aid edərək bir xatırlama da yerinə düşər. Belə ki, 1978-ci ildə Rüstəm müəllim Ağdamda olduğu vaxt rayonda kənd təsərrüfatı mütəxəssislərinin yetişdirilməsində mühüm rolu olan kənd təsərrüfatı texnikumuna baş çəkəsi olur. Bu səfərin sonunda texnikum rəhbərliyindən soruşur ki, mənim kəndimdən də burada təhsil alanlar varmı? 6-7 nəfər tələbənin adlarını sadalayırlar. Deyirlər ki, hamısı da yaxşı oxuyur. Məsələn, Baxşeyiş Əliyev texnikumda tələbə həmkarlar komitəsinin sədridir, Əjdər Kazımov güləşdə, İnşallah Xıdırov voleybolda texnikumun idman şərəfini layiqincə qorumaqdadırlar. Rüstəm müəllim eşitdiklərindən olduqca məmnun olur və deyir ki, mən istəyirdim onları sizə tapşırım. Əksinə, siz məni təəccübləndirdiniz, mən dediklərinizlə fəxr edirəm...

Rüstəm müəllimlə bağlı olan çoxsaylı maraqlı həyat epizodlarından biri də budur ki, bəzən ərk edən mərzililərdən kimsə hansısa bir iş üçün Xudu müəllimə müraciət edərdisə, Xudu müəllim də yarı zarafatla deyərdi ki, o iş üçün Rüstəm müəllimə müraciət etsəniz yaxşı olar. Xudu müəllim bilirdi ki, Rüstəm Əzizov heç kəsin sözünü yerə salmaz və arzuolunan səviyyədə də o işi görməyə qadirdir.

Kimliyindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq xalqın, el-obanın sevimlisinə çevirilmək hər adamın işi deyil. Keçmişdə xalqımızın gözəl bir adəti olub, gələcək nəsllərə örnək olsun deyə qəhrəmanının, sevilən aliminin, sayılıb-seçilən ağsaqqalının adını hansısa formada əbədiləşdirərək yaşadıb. Ən sadəsi, həmin adı övladına qoymaqla. İndi isə belə insanların rəsmi şəkildə adları məktəb, küçə, səhiyyə və digər sahələrə verilməklə yaşadılır. Biz də ümid edirik ki, kəndimizin bərpasından sonra Rüstəm Duman oğlu Əzizovun da adı hansısa  bir ünvanda  əbədiləşdiriləcək və biz buna əminik. Çünki Rüstəm Əzizov buna layiqdir.

***

Rüstəm Əzizov elmi fəaliyyətinin yekunu olaraq 1978-ci ildə dissertasiya işini uğurla başa çatdırmış və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanmışdır. Eyni zamanda, o, çoxsaylı elmi, bədii-publisistik məqalələrin və monoqrafiyaların müəllifi kimi yaddaşlarda yaşamaqdadır. Mərzili camaatı dahi Xudu Məmmədov başda olmaqla, bu gün mərzililərdən olan 44 nəfər alimin (6 nəfəri xanım olmaqla) sırasında ən xoş xatirələrlə yad etdikləri alimlərdən biri də Rüstəm Əzizovdur. Onu da xatırlatmağımız yerinə düşər ki, bu gün Rüstəm müəllimin qohum-əqrabası sırasından yüzlərcə ali təhsillinin, eləcə də geologiya-minerologiya sahəsinin tanınmış alimlərindən mərhum Şahlar Əzizovun, BDU-nun müəllimi, tarix elmləri doktoru, dosent Boran Əzizlinin və daha neçə-neçə adlı-sanlı təhsil, səhiyyə və digər sahələrdə çalışan mütəxəssislərin adlarını çəkmək olar.

35 illik fəaliyyəti dövründə Rüstəm müəllim SSRİ-nin və Azərbaycan SSR-nin çoxsaylı mükafatlarına layiq görülüb. Rüstəm Əzizovdan bəhs edən mənbələrin birində oxuyuruq ki, o, 1972-ci ildə SSRİ Teleradio Komitəsininfəxri fərmanına, 1977-ci ildə “Azərbaycan SSR-nin maarif əlaçısı”adına, 1979-cu ildə “Qızıl qələm” mükafatına, 1987-ci ildə “SSRİ Radio və Televiziya əlaçısı” döş nişanına, 1989-cu ildə “Əməkdar jurnalist” fəxri adına və s. layiq görülmüşdür.

Təəssüflər olsun ki, el-oba həsrəti, Qarabağ nisgili ilə bu dünyaya vida deyənlərin biri də Rüstəm Əzizov olmuşdur. Özü də 60 illik yubleyindən 3 gün sonar - 23 fevral 1997-ci ildə. Olduqca səmimi, xeyirxahlığı ilə tanınan,  sevilən, hər an xatırlanan, yad edilən və yaxşılıqlarının qarşılığında da olduqca təvazökar insan olan Rüstəm Əzizova Allahdan rəhmət diləyirik.

Yusif Millətoğlu,

şair-publisist, AYB-nin üzvü,

Fikrət Əliyev,

Birinci Qarabağ müharibəsi qazisi

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN