Tarixən yurd, vətən sınağa çəkiləndə “düşmən çəpəri” olan oğul-igidlər çıxıb irəli, sinə gərib təhlükələrə, çiyin verib el dərdinə, belə məqamlarda real dünyəvi qanunlardan daha çox qeyrət, şərəf, qürur, təəssübkeşlik hissləri həlledici rol oynayır...

1988-ci ildə düşmən baş qaldırarkən, Qarabağın, o sıradan Mərzilinin təhlükəsizliyi sınağa çəkiləndə düşmənlə mübarizəyə ilk səsini ucaldan, əlinə silah alan vətən qeyrəti çəkən igid oğullar oldu. Həmin dövrdə erməni-rus hərbi birləşmələrinin işğalçılıq və etnik təmizləmə siyasətinə qarşı kəndimizdə mübarizəyə qoşulanlar sırasında Tahir Əliyevin, Zeynal Bayramovun, Qərib İsmayılovun, Baxşeyiş Əliyevin, Qələndər Xıdırovun , Vahid Hüseynovun və daha onlarca igidlərimizin adını çəkə bilərik ki, onlardan biri də Loğman Şirin oğlu Abbasov idi.

Loğman Abbasov 17 iyun 1954-cü ildə Ağdam rayonunun Mərzili kəndində anadan olub. Loğman orta təhsilini də Mərzilidə almışdır. Sovet ordusunda hərbi xidmət keçmiş, kəndimizdə əmək fəaliyyətinə başlamışdı. Ailə qurmuş, üç övlad atası olmaq xöşbəxtliyini yaşadığı bir vaxtda heyif ki, mənfur qonşularımız tərəfindən elan olunmamış müharibə problemlərini yaşamalı olmuşdu.

Beləliklə, 1988-ci ildən Loğman Abbasovun da sadə, sakit, firavan həyat ritmi pozulmuş oldu. Yerli özünümüdafiə dəstəsinin fəal üzvlərindən biri kimi Loğman Abbasov da müdafiə səngərlərinin qurulmasında, nəzarət postlarının təşkilində, bir sözlə, düşmən təhlükəsinə qarşı görülən tədbirlərdən, atılan addımlardan kənarda qala biməzdi.

img-20230530-wa0002

Loğman Abbasovu orta məktəbdə oxuduğu illərdən tanıyırdım. Ancaq 80-ci illərin hərbi-siyasi hadisələri onu mənə daha dərindən, mübaliğəsiz desəm, vətənsevər kimi, qəhrəman kimi tanıtdırdı. O illərdən onu hər gün hərbi geyimdə-əsgər mundirində, əlində silah könüllü özünümüdafiə dəstəsinin sırasında görmüşəm. Hadisələr başlayarkən Loğman iaşə xidməti sahəsində çalışırdı. Postlara gedib- gələnlərə, ehtiyacı olan bəzi insanlara pulsuz-parasız yemək, çay verdiyini görmüşəm. Şəxsi maşınını Tahir Əliyev kimi, Baxşeyiş Əliyev kimi könüllülərin istifadəsinə verdiyini görmüşəm.

Düşmən hadisələri tədricən fəal hərbi əməliyyatlara çevirərkən Loğman Abbasov əvvəlcə kəndimizdə təşkil olunan yerli özünümüdafiə batalyonunun üzvü kimi döyüşürdüsə, 1991-ci ildən sonra o, Milli Ordu sıralarında döyüşlərin iştirakçısı olmuşdu.

Məlumdur ki, düşmən baş qaldırarkən Qarabağın düşmənlə təmas nöqtələrində olan bütün kəndlərin, o cümlədən Mərzilinin vətənpərvərləri düşmən qarşısına olsa-olsa adi ov tüfəngləri ilə çıxmaq məcburiyyətində idilər. Yəni əliyalın əhalini düşmən önünə çıxanları milli təəssübkeşlik, düşmənə nifrət, fəal vətəndaşlıq hissi, milli qeyrət ayağa qaldırmışdı. Necə ki, İmam Hüseyn demişdir: “Allah-Təala öz bəndələrindən qeyrətlisini çox istəyir”.

Həyat, yaşadıqları insanı dəyişdirməyə bilməz. O zamanlar sanki hamı adi vaxtlardan fərqli olaraq dəyişmişdi. Hər kəs düşmənə qarşı əlindən gələni etməyə çalışırdı - kimlərsə silah əldə etməyə, bəzən də lap elə silah düzəltməyə cəhd edir, postlarda durur, şəhidi olan ailəyə maddi və mənəvi dayaq olmağa çalışır və əlindən gələn köməyini əsirgəmirdi. Dediklərimizin aid olduğu sırasında yenə Loğman Abbasovu, Tahir Əliyevi, Vəli Paşayevi, Fikrət Əliyevi, Hümbət Səmədovu, Firdovsi Qasımovu, Məşdi Məmmədovu, Soltan Cəfərovu, Zahid Əliyevi, Nizami Şükürovu və daha neçə-neçə eloğullarımızın adını çəkmək olar. O igidlərin ki, onların çoxu bu gün uğrunda döyüşdükləri torpağa özlərini qurban verdi, şəhid oldu.

T.Vilyamın sözüdür: “Müharibə qadın və kişilərə eyni dərəcədə təsir edir. Lakin bəzilərinin qanını, bəzilərinin isə göz yaşlarını alır...”.

img-20230530-wa0004

Bəli, müharibə ölümdür, dağıntıdır, fəlakətdir. Ölüm müharibədə gec və ya tez, qarşısıalınmaz gerçəklikdir. Vətən uğrunda ölüm, yəni şəhidlik həyatın davamıdır. Allah dərgahında olmaqdır. Nə zaman şəhidlərimiz haqqında xatirə yazılar üçün əlimə qələm götürmüşəmsə, bu deyimi xatırlamışam: “Bu dünyada əməl var, hesab yoxdur, o dünyada əməl yoxdur, hesab var”.

Bu da bir reallıqdır ki, həyat istədiklərimizdən çox, gözləmədiklərimizi verir. Milli Ordunun əsgəri Loğman Abbasov Mərzili kəndinin 2-ci dəfə işğala məruz qaldığı 12 iyun 1993-cü ildə Milli Ordunun qəhrəman əsgərlərindən biri kimi şəhid olub. Həmin gün Mərzilinin on nəfərdən çox hərbi və mülki əhalisi şəhid oldu, itkin düşdü.

Milli Orduya könüllü yazılmış Loğman Abbasov heç zaman torpaqlarımız uğrunda gedən qanlı döyüşdən geri çəkilmədi, düşmən üstünə getdi. Övladlarını - kiçik yaşda olan Anarı, Mürşüdü, Mülayimi ata qayğısına, ata nəvazişinə həsrət qalacağını bilə-bilə səngəri, döyüşü seçdi, necə deyərlər, ölümü seçdi, əbədi ölümsüzlüyü seçdi. 12 iyun 1993-cü ildə Mərzili uğrunda gedən döyüşdə şəhid oldu.

Şəhid qəhrəman Loğman Şirin oğlunun nəşi bir neçə saat döyüş bölgəsində, düşmən artilleriyasının hədəfində qaldı. Ancaq qorxmazlığı ilə Birinci Qarabağ müharibəsində ad-san qazanmış Füzuli həkimin, köməkçilərdən Dilafuruzun, sürücü Azərin, döyüşçü dostlarından Vəli Paşayevin, Baxşeyiş Əliyevin, Vaqif Qasımovun, eləcə də o zaman kolxoz sədri işləyən Fikrət Əliyevin riskli addımları, inadkar mövqeləri nəticəsində Loğman Abbasovun nəşi döyüş bölgəsindən çıxarıldı. Bir gün sonra, yəni 13 iyun 1993-cü ildə isə Ağdamdakı “Şəhidlər xiyabanı”nda dəfn edildi. Ancaq Ağdamın 23 iyul 1993-cü ildə işğalı olunması ilə Loğman Abbasovun nigaran ruhu 30 il məzarının ziyarətinə gələcək övladlarının, həyat yoldaşının yolunu gözlədi...

Mənfur düşməndən qisas qiyamətə qalmadı. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 10 noyabr 2020-ci ildə düşmən diz çökdü, məğlubiyyət aktını imzaladı. Torpaqlarımız azad olundu. O sıradan hər iki Qarabağ müharibəsində 16 nəfər mülki, 39 nəfər hərbi şəhid vermiş Mərzili kəndi. Şəhidlərimizin qisası alındı. İşğal altında qalan şəhid məzarları ziyarət olundu. O cümlədən də şəhid qəhrəmanımız Loğman Abbasovun məzarı. 30 il sonra, 10 iyun 2022-ci ildə Loğman Şirin oğlunun ailə üzvləri - oğlu Anar, həyat yoldaşı Həqiqət xanım, bacısı Mənsurə, qardaşı Nəsir, döyüş yoldaşı Nazim tərəfindən ziyarət olundu. 30 il bir şəhid məzarının ziyarəti üçün çəkilən həsrətə, nisgilə son qoyuldu. Allah ruhunu şad, məkanını cənnət eləsin!

img-20230530-wa0006

Loğman Abbasovu yada salarkən onu həmişə üzündə təbəssüm olan körkəmdə xatırlayıram. Yaddaşımda 1993-cü ildə, son dəfə gördüyüm görkəmdə qalıb. Sonralar psixologiya kitablarından oxudum ki, qəlbin gözəlliyinin üzdəki ifadəsi təbəssümdür.

Eyni zamanda, Loğman Abbasov səmimi, böyük-kiçik yerini bilən, təvazökar və sakit təbiətli insan idi. Xarakterindən irəli gələn utancaqlığı vardı. Bir maraqlı fikirdə deyilir ki, “Utanc qanunların qadağan etmədiyini qadağan edir”.

Loğman Abbasov və onun kimi canını torpaqlarımızın toxunulmazlığı və ərazi bütövlüyümüz uğrunda fəda edənlər yad edildikcə, anıldıqca bir daha düşünürsən ki, həqiqətən də “ölmək qorxulu deyil, yaddan çıxmaq qorxuludur” (A.Babyrus).

Bəli, hər bir şəhidimizin həyatı bir tarixdir, gənc nəslə örnək olan əbədi bir nümunədir. Ona görə də heç bir şəhid qəhrəmanımız unudulmamalı, onların keçdiyi şərəfli yol haqqında yazılmalı, çəkilməli və tarixləşməlidir.

Yusif Millətoğlu (Məmmədov),

şair-publisist, AYB-nin üzvü

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA