Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə vida mərasimi başlayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Məlumata görə, tədbir çərçivəsində İran parlamentinin sədri Məhəmməd-Bağer Qalibaf çıxış edib, ölkənin ali dini lideri Əli Xamenei Haniyənin cənazəsi üzərində cənazə namazı oxuyub. Bundan əlavə, Siyasi Büro rəhbərinin nəşi olan tabut şəhərin küçələri ilə aparılacaq ki, sakinlər də onunla vidalaşa bilsinlər.
Yürüş Tehran Universitetinin ərazisindən Azadi meydanına doğru baş tutacaq. İştirak edənlərin çoxu İran, Fələstin, HƏMAS və İraq bayraqları ilə gəliblər. İştirakçılar əllərində Haniyə və bir sıra həlak olmuş İran siyasi və hərbi xadimlərinin portretlərini daşıyaraq “İsrailə ölüm!” şüarını səsləndirirlər.
Haniyənin ölümü iyulun 31-də məlum olub. KİV-in məlumatına görə, raket xarici ölkədən buraxılıb - bina yerli vaxtla saat 02:00-da (Bakı vaxtı ilə 02:30) havadan vurulub.
Onun ölümü zamanı HƏMAS Siyasi Bürosunun rəhbəri Tehranın şimalında döyüş veteranları üçün nəzərdə tutulmuş xüsusi iqamətgahda idi. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına görə, onun mühafizəçisi Haniyə ilə birlikdə öldürülüb.
HƏMAS siyasətçisinin qətlinə görə məsuliyyət ABŞ və İsrailin üzərinə qoyulub. Bununla belə, ABŞ dövlət katibi Antoni Blinken ölkənin cinayətdə əli olmadığını və onun hazırlanmasından xəbərsiz olduğunu bildirib.
E.ŞİRİNOV