... Sosial şəbəkə dələduzların sayı durmadan artır... Xüsusən də bəzi xanımlar saxta fb profili açıb gözəgəlimli fotolarını yerləşdirərək əvvəlcə "Salam" yazır, sonra isə "Ad günümdür, mənə 60 manat göndər, sabah görüşək, qaytaracam" kimi şirnikləndirici əməllərə əl atırlar... Bu da bəs deyil. Bu günlərdə məlum olur ki, kimsə şəhid polkovnik Babək Səmidlinin adına saxta səhifə açaraq insanları guya onun ailəsinə yardım ediləcək adı ilə pul tələb etməyə başlayıb. Amma həmin dələduz bu fırıldaqla çox da uzağa gedə bilmədi... Bu gün ələ keçdi. Bu barədə Daxili İşlər Nazirliyinindən məlumat verilib. Bildirilib ki, Vətən müharibəsi şəhidi polkovnik Babək Səmidlinin adından “İnstagram” sosial şəbəkəsində saxta səhifə açıb insanların etibarından sui-istifadə edərək pul yığılması ilə bağlı Daxili İşlər Nazirliyinə edilən çoxsaylı müraciətlər əsasında araşdırmalara başlanılıb. Bununla əlaqədar həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən edilib ki, həmin səhifə Bərdə rayon sakini, yetkinlik yaşına çatmadığına görə şərti adı Amal Şirinzadə olan şəxs tərəfindən yaradılıb. Saxlanılaraq baş idarəyə gətirilən həmin şəxs “İnstagram” sosial şəbəkəsində “sehid_polkovnik_babek_semidli” adlı səhifə yaratdığını etiraf edib. Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs səhifədə şəhidlərin adına ehsan veriləcəyi ilə bağlı elan yerləşdirərək izləyicilərdən pul toplayıb. Amal Şirinzadə yardım məqsədi ilə ona müraciət edən sosial şəbəkə istifadəçilərinə bank kartı göndərərək pulun ora köçürülməsini tələb edib. Daha sonra o, pulları kartdan çıxararaq nağdlaşdırıb və şəxsi istifadəsi üçün xərcləyib. Amal Şirinzadənin yaşadığı mənzilə baxış keçirilən zamanı iş üzrə əhəmiyyət kəsb edən elektron məlumatlar, istifadəsində olan mobil telefon, həmçinin digər məlumat daşıyıcıları aşkar olunaraq götürülüb. Qeyd olunan faktın tam, hərtərəfli araşdırılması istiqamətində araşdırmalar davam etdirilir.
***
Bəli, dələduzun vətəni olmadığı kimi, dələduzluğun da sərhədsizliyi yoxdur, gec-tez ələ keçəcək...
A.Məmmədli