Rusiya prezidenti Vladimir Putin Rusiyada qismən səfərbərlik haqqında fərman imzalayıb. Səfərbərlik fəaliyyətləri bu gündən - sentyabrın 21-dən başlayacaq. Fərmanda dövlət müdafiə sifarişinin yerinə yetirilməsi ilə bağlı əlavə tədbirlər nəzərdə tutulub. Çağırılanlar hərbi təlim keçməlidirlər.
Tezadlar.az iz.ru-ya istinadən xəbər verir ki, Prezidentin sərəncamına əsasən, hərbi xidmətə yalnız ehtiyatda olan və ilk növbədə, silahlı qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar cəlb olunacaqlar.
Putinin vətəndaşlara müraciətində qeyd edib ki, qismən səfərbərlik tədbiri Rusiyanı, onun suverenliyini, ərazi bütövlüyünü qorumaq və rus xalqının təhlükəsizliyini təmin etmək üçün qəbul edilib.
“Müdafiə müəssisələrinin maddi, resurs və maliyyə təminatı ilə bağlı bütün məsələlər hökumət tərəfindən dərhal həll edilməlidir”, - Putin bildirib.
Dövlət başçısı Qərbin açıq anti-Rusiya siyasətini, Vaşinqton və Brüsselin ölkəni məhv etmək istəyini xatırladıb. O, qeyd edib ki, Rusiya özünü qorumaq üçün bütün mümkün vasitələrdən istifadə edir.
Dövlət Duması ərəfəsində Rusiya ordusunda hərbi xidmət üçün müqavilə bağlamış əcnəbilərin vətəndaşlıq almasını asanlaşdıran düzəlişlər qəbul edib.
Bundan əlavə, Dövlət Duması Cinayət Məcəlləsinə "səfərbərlik", "hərbi vəziyyət", "müharibə vaxtı", "silahlı münaqişə" anlayışlarının daxil edilməsinə dair düzəlişi təsdiqləyib. Həmçinin parlamentin aşağı palatası fərarilik və könüllü təslim olmanın cəzalandırılması ilə bağlı düzəlişləri təsdiqləyib.
Bundan əlavə, deputatlar müharibə zamanı talanlara görə 15 ilədək azadlıqdan məhrumetmə cəzasını təsdiqləyiblər.
E.ŞİRİNOV