...Hörmətli Şahbaz Xuduoğlu 13 dekabr tarixli bir statusunda məni “korrupsioner” Misir Mərdanovu müdafiə etməkdə, onu təmizə çıxarmağa çalışmaqda, səmimi olmamaqda, bu hərəkətimin ictimai qınağın təsir gücünə zərbə vurmaqda və s. suçlayıb. Onun yazdıqlarından yalnız bu gün xəbər tutdum və ona aşağıdakı cavabı yazdım.
“Axşamınız xeyir, hörmətli Şahbaz bəy. Sizin belə statusunuzun olduğunu mən yalnız bu gün bir yoldaşımdan eşitdim, ona görə də cavabı 10 gün sonra yazıram. Doğrudur, təxminən bu məzmunda bir qeydi mənim paylaşımıma da göndərmişdiniz, ancaq mən aramızda mübahisə yaranmasın, məsələ böyüməsin deyə silmişdim. Ancaq artıq burada xeyli adam da məsələyə qarışıb, ona görə hökmən cavab vermək məcburiyyətində qaldım. Fikirlərimi Sizə və statusunuza şərh yazanlara ardıcıllıqla bildirəcəyəm.
1) Yazırsınız: "Ədalət Tahirzadə Misir Mərdanovun yeni kitabını ağızdolusu tərif edib yazır...". Mən dostum Misir müəllimin gerçəkdən tərifə layiq olan çox dəyərli kitabı haqqında layiq olduğu sözləri yazmışam. Kaş ki, hər bir ziyalı özünün doğulduğu, böyüdüyü torpağın, yurdun tarixini belə sevgi və yüksək peşəkarlıqla yazaydı, onu elmi və poliqrafik baxımdan belə yüksək səviyyədə nəşr etdirəydi!
2) Yazırsınız: "Sizinlə yaxşı münasibətim var, ancaq bu məqamda sizin səmimiyyətinizə əsla inana bilmirəm". Mənim də Sizə münasibətim yaxşıdır; neçə kitabımı nəşr etmisiniz. Əlbəttə, mənim səmimiyyətimə inanmağa məcbur deyilsiniz, əslində mən də Sizin bu tənqidinizin, Misir müəllimə barışmaz münasibətinizin səmimi olduğuna inanmıram, çünki Sizin tənqidinizin əsasında başlıca olaraq KİTAB durur və Siz də KİTAB adamısınız...
3) Yazırsınız: "Misir müəllim təhsil sistemimizi çökdürən adamdır" və s. və i.a. Nazirlik dönəmi ilə bağlı bütün tənqidlərinizə və aşağıdakı şərhlərdə yazılan tənqidlərə Misir müəllimin özü cavab verməlidir və mən onun vəkili deyiləm. O dönəmin bütün savabı da, günahı da yalnız onun özünə aiddir və mən buna cavabdeh deyiləm, necə ki, o da mənim heç bir hərəkətimə görə məsuliyyət daşımır. Ancaq bu tənqidinizə bir cavabım var: təhsil sistemini Misir müəllim deyil, SİSTEM özü çökdürdü. O, məsələn, Elçibəy dönəmində, yaxud Avropada nazir olsaydı indi kimsə bu tənqidləri yazmazdı, çünki o, təhsil sisteminin içində yetişmişdi və onun incəliklərini əla bilir.
4) Yazırsınız: "Siz "Meydan 4 il 4 ay" kitabını da yazırsız, korrupsioner, minlərlə gəncimizi kor edən rüşvətxor bir nazirlə həmmüəllif də olursunuz? ... Bu necə baş verir? Bir qələm necə həm Elçibəy haqqında, həm də Misir Mərdanov haqqında kitab yazar?!”. Bəli, mən Elçibəy haqqında 7 kitabın müəllifiyəm və bununla fəxr edirəm. Ancaq mənim Misir müəllim haqqında kitabım yoxdur; yalnız məqaləm var və oradakı düşüncələrim dəyişməz əqidəmin məhsuludur. Misir müəllimlə həmmüəllifliyimə gəldikdə, təvazökarlığı qırağa ataraq cəsarətlə bildirirəm ki, bu, bizim ikimizin Azərbaycan ziyalılığı tarixinə verdiyimiz bahabiçilməz, dəyəri heç bir maddi qarşılıqla ölçülməyəcək töhfəmizdir. Məhz Misir müəllimin təşəbbüsü və qeyrəti sayəsində mən şəxsən özüm 3 dəfə Sankt-Peterburq, 3 dəfə Kiyev, 2 dəfə Tiflis, hərəsi bir dəfə Moskva, Xarkov, Odessa, Qazan arxivlərində çalışaraq, Estoniya və Latviya arxivlərindən sənədləri gətirdərək 1920-Cİ İLƏDƏK, yəni Azərbaycanda sovet hakimiyyəti qurulanadək Rusiya imperiyası və Avropanın ali məktəblərində oxumuz 800-DƏN ARTIQ TƏLƏBƏMİZİN şəxsi işlərini toplamışıq, halbuki Dadaş Bünyadzadə onların 62 nəfər olduğunu 1921-ci ildə qurultayda bəyan etmişdi. Bu sənədlər əsasında biz təxminən 10 cildlik, hərəsi ən azı 500 səhifə olan kitab hazırlamaqdayıq. Onlardan 7 cildi nəşr olunaraq oxuculara təqdim edilib. Onlarda 588 tələbə soydaşımızın hər biri haqqında ayrıca məqalələr vermişik. İndi 8-ci cildin üzərində işləyirik və hazırda 627-ci tələbəni yazmaqdayıq. “Tələbə” deyib yan keçməyin. Azərbaycan Cümhuriyyətinin (1918-1920) BÜTÜN ali təhsilli dövlət xadimləri, sonrakı onlarca ən məşhur alim, mühəndis, siyasətçi... soydaşımız onlardan oluşub. Bu adamların həlledici qisminin adını nəinki mütəxəssis araşdırıcılar, hətta həmin tələbələrin ən yaxın qohumları belə ilk dəfə eşidir. Bu ümummilli önəmli işin dəyərini yerə vurmağa çalışmaq ən yumşaq ifadə ilə insafsızlıq, qərəzlilik, haqsızlıqdır. Bunu qoydum qırağa. Misir müəllim Azərbaycan xalqının gerçək düşməni olan, “Daş yuxular” kitabında türk millətimizi, Türkiyədən xalqımızı erməni təcavüzündən xilas etməyə gəlmiş şərəfli zabitləri, mehmetciyi söyüb təhqir edən, ermənilərə sevgisini isə aramsız gözümüzə soxan ƏKRƏM ƏYLİSLİDƏN də pis adam oldumu ki, Siz Misir müəllimə belə nifrət bəsləyib Əkrəm Əylislinin imza gününü təşkil edirsiniz?! Bəs Sizin səmimiyyətiniz, millət sevginiz harada qaldı? Bunu necə anlayaq?!
Yadınızdamı, mən Sizə dedim ki, qonorar verin, “Azərbaycan Cümhuriyyəti Parlamenti” kitabını yazıb nəşriyyatınıza verim, nəşr edin. Dediniz ki, maddi imkanım yoxdur. Mən Milli Məclis rəhbərliyinə, o zaman bir deputatımız vasitəsilə Ramiz Mehdiyevə də, başqalarına da “Azərbaycan Cümhuriyyəti Parlamenti” kitabının yazılması və nəşrinə kömək istədim. Onların heç birindən səs çıxmadı və o əsər vəsaitsizlik üzündən indiyədək yazılmayıb. Yüzdə yüz əminəm ki, bizim bu tələbə layihəmizə də heç biriniz və heç bir rəsmi dairə dəstək verməyəcəkdi və bu iş görülməmiş qalacaqdı. Ancaq Sizin nifrət bəslədiyiniz və şərhlərdə söydürdüyünüz Misir Mərdanov əsla çəkinmədən çiynini bu olduqca ağır yükün altına qoydu və bu layihənin gerçəkləşməsi üçün əlindən gələni etdi və etməkdədir. Aşıq gördüyünü çağırar – Siz onda yalnız mənfi cəhətləri, mən isə müsbət cəhətləri görürəm. Mənim 72 yaşım var. Adamları nəyə görəsə tərifləyəcək vaxtım keçib. Misir müəllimi isə 2012-ci ildən üzübəri bütün əməkdaşlığımız müddətində sözünün ağası olan nadir adamlardan biri kimi tanıyıram.
5) Yazırsınız: “Belə korrupsionerləri təmizə çıxarmaqla ictimai qınaq çirklənir. İctimai qınağa, ziyalıya kimsədə inam qalmır”. Bu fikrinizlə dördəlli razıyam və bu, məni də rahatsız edən ciddi sosial bir problemdir. Dünən” sarsılmaz müxalifətçi” olub bu gün qatı YAP-çı kimi iqtidarın boşqabının dibini yalayan, onun orden-medallarını fəxrlə döşündə gəzdirən, Milli Məclisdə yayxanıb oturan, yaxud dünən iqtidarın bütün nemətlərindən yararlanıb harınlayan, vəzifədən çıxarılan anda isə “mətin müxalifətçi”yə çevrilən insanlar xalqda ziyalılara böyük inamsızlıq yaradır. Özümə gəlincə, mən əsla korrupsioneri müdafiə etmir, Azərbaycan ziyalılığının indiyədək tam gizlədilmiş tarixini üzə çıxarmaq üçün var gücünü sərf edən bir ziyalı ilə çiyin-çiyinə əməkdaşlıq edirəm. Əlbəttə, bu gün məni onlarca, hətta bəlkə yüzlərcə insan səmimi olmamaqda suçlaya, qınaya bilər, ancaq tam əminəm ki, 50 il, 100 il sonra Misir müəllimlə mənim “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar” adlı ortaq 10 cildliyimizi oxuyanlar hər ikimizin ruhuna Fatihə deyəcək.
P.S. Ən sonda statusunuza yazılmış üç şərhə də münasibət bildirmək istəyirəm.
1) Keçmiş qələm yoldaşım Xaliq Bahadır məni nəzərdə tutaraq yazır: “...mən indiyədək özünü “elçibəyçi” adlandıranların hamısını belə görmüşəm: elçibəyçi-heydərçi”. Xaliq Bahadır, sənin gözün elə o vaxtdan zəif görür. Lütfən gözlüyünü dəyiş, çünki sənə gerçəkliyi yanlış göstərir.
2) Pərvin Mahmudov adlı qardaşımız iddia edir ki, Misir müəllimin bütün kitablarını Ədalət Tahirzadə yazıb. Doğrudur, hələ aspirant vaxtımda maddi ehtiyac üzündən kurs işi, diplom işi, hətta dissertasiya yazmışam, ancaq indiyədək kimsəyə pulla kitab yazdığım olmayıb, kimsəyə haqqımı yedirtməmişəm. Misir müəllimlə ortaq kitabımız isə hər ikimizin halal haqqıdır, kimsə bu haqqı dana bilməz.
3) Firidun Ağazadə adlı qardaşımız yazır: “Ehtiyacın üzü qarƏ olsun”. Belə çıxır ki, mən ehtiyac üzündən Misir Mərdanovun tərəfini saxlayıram. Yanılırsan, qardaşım. Mən təhsil nazirinin müavini olarkən bir qəpik rüşvət almamışam və bunu aləm bilir. Nazirlikdə işdən çıxdıqdan sonra neçə ay uşaqlarıma ayaqqabı, dəftər-kitab almağa pulum olmayıb, başqasından borc almışam. İndiyədək puldan, yaxud hər hansı bir imtiyazdan ötrü heç bir dayının qapısını döyməmişəm, kimsənin də qarşısında gözükölgəli deyiləm. Maşınım, villam, yatırda pulum yoxdur. Ancaq özümü padşah kimi hiss edirəm, çünki şorçörək yeyəndə Allaha min dəfə şükr edən adamlardanam. Burası da var ki, Allaha həmd olsun, bütün maddi ehtiyaclarımı ödəyəcək gücdəyəm, dosta-düşmənə möhtac deyiləm. Bəzi kitablarım üçün qonorar alıram və bu, məni yetərincə təmin edir.
P.P.S. Bu statusların bir xasiyyəti var – birisini tənqid edəndə hamı sənə qoşulub onu söyür, birisini tərifləyəndə isə hamı səninlə birgə onu göyə qaldırır. Hörmətli Şahbaz bəyin statusu da bu baxımdan istisna deyil. Məni təəccübləndirən budur ki, Misir müəllimə hörmət bəsləyənlərin səsini buradan, demək olar ki, eşitmədim. Onların rəyini Şahbz bəyin sildiyinə isə inanmaq istəmirəm.
Vəssalam!
Ədalət Tahirzadə
Bu da tarix: 23 dekabr 2022”.
Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN