Hakim Aidə Hüseynin sədrliyi ilə keçən məhkəmə prosesində iqtisad elmləri doktoru, professor Mirələm Həsənlinin apellyasiya şikayəti təmin edildi…

…Ötən ilin avqusunda Bakı İnzibati Məhkəmədə (sədr Araz Hüseynov) hakim Aygün Əhədovanın sədrliyi ilə maliyyə üzrə professor, iqtisad elmləri doktoru, Azərbaycanın ali təhsilli hüquqşünası Mirələm Həsənlinin əmək pensiyasının yenidən hesablanması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna qarşı iddiasına baxılmışdır. Lakin Azərbaycanın maliyyə və bank, Vergi sistemində yüzlərlə elmi dərəcəli kadrların müəllimi olmuş, uzun illərdir iqtisadiyyat elminin tədrisində tanınmış alim olan Mirələm Həsənlinin indiyədək aldığı maaşından DSMF-nə 100 min manatdan çox pensiya kapitalı yaransa da, o, bu haqqına qanuni şəkildə sahib ola bilmirdi. Və işləyən pensiyaçılar kimi mövcud qanunvericiliyə uyğun olaraq pensiya artımının düzgün hesablanmaması professoru ciddi narahat etmişdi. O, nazirlikdə həllini tapmayan bu problemi məhkəmədə çözmək qərarına gəlmişdi... Həmin məhkəmə prosesində mən də iştirak edirdim.

 Xatırlayıram ki, M.Həsənli məhkəmə çıxışında hakimin diqqətinə çatdırmışdi ki, "Mən 191 gündür davam edən məhkəmə prosesində pensiya artımı davasını deyil, özümün də təklif verdiyim Qanunlarımızın tətbiqindəki əyriliyə etiraz etmək üçün iştirak edirəm və iddia qaldırmışam. Axı bu vəsait işləyən pensiyaçıların DSMF-də yatırmış olduğu şəxsi vəsaitidir, kapitalıdır, əmanəti kimidir. Niyə bu vəsait qanunun tətbiqi ilə düzgün hesablanılmasın? Axı biz hamıdan qanunlara əməl etməsini tələb edirik, özümüz isə..." və sair.

 Həmin məhkəmə iclasında professor Mirələm Həsənli, hətta Auditor Palatasının rəsmi auditinin rəyini, Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş müstəqil Ekspertizası Mərkəzinin ekspertlərinin hesablamalarını, bazadan rəsmi çıxarışları  və s. mötəbər sübutlar kimi məhkəməyə təqdim etmişdi, əsl alim izahatı ilə şərhlər vermişdi. Amma hakim Aygün Əhədova ədalətsiz və qanunsuz qərar qəbul etmişdi.

 Professor həmin məhkəmə qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət verməli olmuşdu. Artıq üçüncü məhkəmə iclası keçirilirdi. Ötən dəfəki və bu günkü sonuncu iclasda özüm də iştirak edirdim, müşahidə aparırdım. Etiraf edim ki, hakimlər kollegiyasının problemə münasibəti olduqca ədalətli və peşəkar formada idi.

Beləliklə, bu gün məhkəmə araşdırmaları başa çatdı və Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının hakimi Aidə Hüseynin sədrliyi ilə keçirilən məhkəmə iclasında qərar elan olundu: «1.Mirələm Xası oğlu Həsənlinin apellyasiya şikayəti təmin edilsin!

2.Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5433 nömrəli 29.07.2022-ci il tarixli Qərarı ləğv olunsun…».

***

Professor Mirələm Həsənli məhkəmənin ədalətli qərarını belə şərh etdi:

-İlyarımdan çoxdur ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin DSMF-nin rəhbərliyinə, onları məhkəmədə təmsil edən nümayəndə-mütəxəssislərə izah edə bilmirik ki, onların tətbiqi qanuna ziddir… Çox şadam ki, bu gün Bakı Apellyasiya Məhkəməsinin hakimi xanım Aidə Hüseynin sədrliyi ilə keçirilən iclasda iddiam təmin olundu. Həm Bakı Apellyasiya Məhkəməsinin hakiminə bu ədalətli qərarına görə, həmçinin Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərova, eləcə də Kommersiya Kollegiyasının sədri Raqub Qurbanova minnətdarlığımı çatdırıram. Bir daha təkrar edirəm, mən pensiya qanunvericiliyini yazan, təkliflər verən professoram. Mən məhkəmələrdə pensiya davasına deyil, qanunlarımızın doğru tətbiq olunmasının davasına qalxmışdım. Şükürlər ki, mübarizəmiz hakimin ədalətli qərarı ilə öz bəhrəsini verdi…».

Bəli, hakim bu günkü qərarı ilə həm məhkəmə sisteminə, həm də qanunlarımızın tətbiqində ədalətliliyə hörmət gətirmiş oldu.

Asif MƏRZİLİ,

Türk Dünyası Jurnalistlər Birliyinin üzvü, Türkiyənin Anadoluyakasihaber.com saytının köşə yazarı

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN