Prezident İlham Əliyevin bu siyasətini bəyənməyənlərə bir neçə söz…

...1992-93-cü illərdə işğal olunmuş Qarabağ torpaqları 2020-ci il sentyabrın 27-də başlayan və böyük Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olundu. Bu qələbədə ayrı -ayrı insanları fərqləndirmədən demək olar ki, Azərbaycan dövləti ilə xalqın birliyi böyük rol oynadı. İqtidarlı, müxalifətli bütün insanlar Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, nəinki torpaqlarımızı işğaldan azad etdilər, hətta Ermənistana və onun havadarlarına elə bir zərbə vuruldu ki, hələ də özlərinə gələ bilmirlər. Müdafiə Nazirliyinin, Sərhəd Qoşunlarının, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və digər güc strukturlarının əsgərləri, MAXE-ləri, gizirləri, zabitləri və generalları Prezident İlham Əliyevin komandanlığı altında tarixi bir Zəfərə imza atdılar. Bu yolda canlarından keçən şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə şəfa qismət olsun, veteranlarımıza da Allah uzun ömür versin.

44 günlük müharibənin sonunda, yəni 2020-ci il noyabrın 10-da Rusiyanın da iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyan kapituliyasiya aktını imzalamağa məcbur oldu. Prezident İlham Əliyev 44 günlük döyüş zamanı müharibədə nəinki sərkərdəlik bacarığını ortaya qoydu, hətta dünyanın 40-dan çox ölkəsinin jurnalistlərinə sanballı müsahibələr verməklə informasiya müharibəsinin də qalibi oldu. Bunu gərək heç kəs unutmasın. İnformasiya müharibəsi döyüş meydanındakı müharibə qədər önəmli idi. Bunu da Prezident İlham Əliyev geniş tarixi, siyasi və fəlsəfi biliyi ilə sübut etdi.

 Bu gün dünya dövlətləri artıq Azərbaycana qalib dövlət kimi hörmətlə yanaşır, İlham Əliyevə isə qalib Prezident kimi böyük diqqət və qayğı göstərirlər.

 Bunları nəyə görə yada salıram? Təkrar da olsa, deməyə məcburam. Son 200 ildə Azərbaycanın itirilən torpaqlarından bir qarış da geri qaytarılmayıb. Səmimi etiraf edək ki, 30 il işğalda olan Qarabağ torpaqlarından «O torpaqlar getdi, bir də qayıdan deyil”, -deyərək, əlimizi üzmüşdük. Yalnız yuxularımızda, bir də xəyallarımızda o yurda qayıda bilirdik. Belə bir məqamda, Prezident İlham Əliyev qardaş Türkiyə, İsrail və Pakistanla apardığı uğurlu siyasəti nəticəsində, uzun illərdən bəri planlaşdırdığı ideyanı, Qarabağın işğaldan azad edilməsini həyata keçirə bildi. Kim nə deyir desin, tarixə torpaqları işğaldan azad edən qəhrəman kimi İlham Əliyevin adı qızıl hərflərlə yazılacaq. Kimin istəyib-istəməməsindən asılı olmayaraq bu, belədir.

 Maraqlıdır ki, bu gün bəzi fürsətcillər, kimlərinsə marağına xidmət edərək və eyni zamanda düşmən dəyirmanına su tökən bəziləri İlham Əliyevi tənqid edirlər. Bəhanə də odur ki, ölkədə iqtisadi vəziyyət ağırdır, xalqın dolanışıq səviyyəsi çox aşağıdır, ayrı-ayrı məmurların korrupsiyaya qurşanması faktı mövcuddur və s. Əlbəttə, bu problemlər var. Belə götürəndə, bu kimi problemlər bir çox ölkələrdə də özünü göstərir. Amma nəzərə almaq lazımdır ki, işğaldan azad olunan ərazilərdə gedən quruculuq-abadlıq işləri  ağır dəyirman daşı kimi büdcəmizin ayağından sallanıb. “Dədə Qorqud” filmindən bir deyimi yada salaq: “Əgər torpağı əkib-becərmirsənsə, onu qorumağa dəyməz, yox əgər qorumursansa, əkib-becərməyə dəyməz”.

 Bu gün torpaqlarımızı ona görə işğaldan azad etməmişik ki, sərgiyə qoyub üzünə baxaq. Bu torpaqlardan qovulan bir milyon insan məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdu. Onların öz dədə-baba yurdlarına qayıtması üçün torpaqlar minalardan təmizlənib, təhlükəsiz hala gətirilməli, insanların normal yaşaması üçün bütün infrastrukturlar yaradılmalıdır. Bildiyimiz kimi, dünya dövlətləri bizim bu işlərimizə bir qəpik də olsun, yardım eləmir. Milyonlarla manat pul bu məqsədlə öz büdcəmizdən xərclənir. Baxmayaraq ki, Ermənistan məğlub olub, bununla belə, öz havadarları olan Rusiya, İran, Fransa və s. dövlətlərin sayəsində yenə bizə meydan oxumağa çalışır. Bunların da qarşısına çıxan, hamısının yetərincə, özü də çox sanbalı şəkildə cavabını verən Prezident cənab İlham Əliyevin bu sahəyə də xeyli enerjisi və dövlətin vəsaiti gedir.  Unutmayın, qələbəmizi həzm etməyən, Azərbaycanı didib-parçalamağa hər an hazır olan dövlətlər çox uzaqda deyil. Bu yerdə “Axırıncı aşırım” filmində Abbasqulu bəyin Qəmlonun “Kimi istəyirsiniz” sualına verdiyi cavab yada düşür: “Evin kişisini soruşarlar!”

 Bu gün də evin kişisi, dövlətin sahibi kimi beynəlxalq təzyiqlərə, sağdan, soldan gələn zərbələrə sinə gərən və öz əqidəsindən bir addım da olsun geri çəkilməyən məhz İlham Əliyevdir.

 Bunları yazmaqda məqsədim var. Son vaxtlar Qubad İbadoğlunun həbsi ilə bağlı Prezidenti xaricdən və daxildən tənqid edirlər. Əlbəttə, arzu edirik hər bir həbsdə olanın qapısını Allah açsın. Mən bu həbsi müzakirə etmək fikrində deyiləm. Görünür Qubad İbadoğlu savadlı və sanballı iqtisadçı olsa da, siyasəti o qədər də bilməyib. Bilsəydi, bu gün həbsdə olmazdı.

 Bu gün xaricdən və daxildən Qubad bəyin həbsinə və  ölkədaxilindəki mövcud iqtisadi problemlərə görə Prezident İlham Əliyevin üstünə getmək, heç bir siyasi məntiqə sığmır. 30 illik işğal zamanı alnımıza vurulmuş ləkəni təmizləyən və bu gün də o torpaqlarda ölkənin daxili imkanları hesabına fundamental layihələr həyata keçirən Prezidentə qarşı bu hücumların heç yeri yoxdur. Nəyə görə? İndi izah edərəm. Sual edirəm, torpaqlarımızın işğalda qalması yaxşı idi, yoxsa azad olunması? Əlbəttə, deyəcəksiniz azad olunması yaxşıdır.

 Daha bir sual: Bu torpaqların azad olunacağına inamınız var idimi? Mən inanıram ki, hər biriniz “yox” cavabını verəcəksiniz. Artıq bu gün torpaqlarımızın azadlığı reallıqdır. Yenə də İlham Əliyevin qardaş Türkiyə, İsrail və Pakistanla yaratdığı siyasi, iqtisadi və hərbi əlaqələri  sayəsində torpaqlarımız işğaldan azad olundu.

Gəlin Ulu Öndər Heydər Əliyevin vaxtıilə Qarabağla bağlı dediyi bir sözü yada salaq: “Bizə hər tərəfdən təzyiq edirlər ki, biz o torpaqları ermənilərə verək. Biz isə buna heç vaxt getməyəcəyik. Əvəzində isə deyirik ki, Qarabağdakı ermənilərə ən yüksək səviyyədə status verməyə hazırıq. Ancaq onlar daha çox güzəşt istəyirlər”.

 Göründüyü kimi, torparlarımızı Rusiyanın köməkliyi ilə işğal edən ermənilərin iştahı necə də böyük idi. Buna görə hər bir tərəfdən Heydər Əliyevə təzyiq edirdilər. Amma bu təzyiqlərə və bütün çətinliklərə baxmayaraq, Heydər Əliyev dözdü və ermənilərə nəinki ən yüksək status verdi, hətta bir metr torpağı da güzəştə getmədi.    Ən yüksək status az qala müstəqil dövlətin statusuna bərabər bir şey idi. Amma ermənilər buna da razılaşmadı, Qarabağın müstəqilliyini tələb edirdilər. Yəqin ki, bunlar hamının yadındadır.

 Bəs bu gün Qarabağ erməniləri nə istəyir? Laçın sərhəd keçid məntəqəsindən rahat keçməyi. Heç bilirsiniz bu, nə deməkdir? O boyda «Ən yüksək status»dan görün ermənilər hara eniblər? Bu gün Azərbaycanın suveren ərazisi olan Laçında keçid məntəqəsi qurduğumuza görə, Qarabağdakı etmənilər “acından ölürük” deyərək, dünyada yalançı bir bir hay-küy yaradıblar. Amma erməniləri ən yüksək status istəyindən adi dəhlizdən keçmək istəyinə gətirən, statusu gorbagor edib cəhənnəmə göndərən, bu gün əsassız ittihamlarla bəzi qüvvələrin də üstünə gedən İlham Əliyevdir.

 SONDA: inanıram ki, çox qısa bir zamanda İlham Əliyevin apardığı belə qətiyyətli və uğurlu siyasət nəticəsində Rusiyanın sülhməramlıları da, ermənilər də Qarabağda, Xankəndidə, Xocalıda, Əsgəranda və digər yerlərdə qalmayacaq. Bəs onda bəziləri nə danışacaq? Bəlkə onda deyəcəklər ki, İlham Əliyev erməniləri Qarabağdan niyə qovdu? İlham Əliyev bu gün qalib Prezident kimi Avropada və dünyada sayılır, seçilir və söz sahibidir. Qalibləri isə mühakimə etmirlər, müdafiə edirlər!!!

Elçin Məmmədli

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN