Asif Mərzili: «Hörmətli Ramiz müəllim, bu gün Sizi cinayətkar adlandıran dünənin həmin o yaltaqlarından-bu günün isə nankorlarından inciməyin, onlar həm də bu günün ünvanlı yaltaqları, sabahın nankorlarıdır…»

«Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzili Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevə məktub yazıb. Jurnalist yazır:
Salam, çox hörmətli Ramiz müəllim!

Biz sağ və salamat varıq. Sizin də sağ və salamat olmağınızı göydə Allahdan, yerdə isə vaxtilə çörək və yüksək vəzifə, deputatlıq, «Şöhrət» ordeni, Əməkdar jurnalist, «Tərəqqi» medalı verdiklərinizin vicdanından arzu edirik.
Ramiz müəllim, igidin başı qalmaqalda olar, -fəlsəfəsinə söykənərək demək istəyirəm ki, əvvəla, nəvənizi və onun timsalında o gənc ailəni ürəkdən təbrik edirəm, onlara xoşbəxtlik arzu edirəm. Nəvə toyu görmək hər insana nəsib olmur, baba üçün bu böyük bir ilahi sevincdir, paydır! Onların toyu tarixə düşdü. Həqiqət budur. Anti-reklamın özü həm də ən yaxşı reklamdır, bunu bilirsiniz. Yəni, baş verənlərdən pis olmasınlar. Lakin pis olmalı və nəticə çıxarılmalı başqa mətləblər var.
Bəli, karantin rejimi dünyəvidir, Azərbaycan da bu dünyanın bir parçası olduğundan ÜST-ün tətbiq etdiyi rejimə riayət etməlidir. Şəxsən mən də ailəmizin subay oğlanının toyunu 5-ci dəfədir təxirə salıram, behimizi də vermişik. Amma və lakin… Karantin qaydalarını o qədər pozanlar var ki! Bəs niyə Sizin nəvə toyu bu qədər ictimailəşdirildi, tənqidin və təhqirin biri bir qəpik oldu, Sizə qarşı niyə bu qədər «zakaznoy» yazılar-pozular oldu, şəxsən məni düşündürən budur. Siz də bilirsiniz ki, Prezident İlham Əliyev ürəyi yumşaq insandır, hər bir hadisəni səbrlə qiymətləndirən, onun çəkisini gözəl bilən dünyəvi rəhbərdir. Onun qoyduğu qaydalara, örnəklərə hamı hörmətlə yanaşmalıdır.
Amma sosial şəbəkələrdə, saytlarda… Sizə qarşı bu qədər acığın, hikkənin sirrini tapa bilmirəm. Xudu Məmmədov bir dəfə xəstəliyi ilə bağlı dostlarından xəbərsiz «Kəndçilər xəstəxanası»nda yatmalı olur (4 saylı). Bəxtiyar Vahabzadə və Xudu müəllimin yaxın qohumu, neftçi-alim Yusif Səmədov onu çətinliklə həmin xəstəxanada tapırlar. Görürlər ki, yatdığı palatada ən azı 20 nəfər xəstə var. Əsl kolxoz bazarı! Ağız deyəni qulaq eşitmir, palata it günündə, divarda tarakan meydan oxuyur, aşağıda isə xəstəlik, toz. Bəxtiyar müəllim Baş həkimlə birlikdə palataya daxil olurlar. Bir də görürlər ki, Xudu Məmmədov küncdə oturub kitab oxuyur. Onları görüb dərhal hamı ayağa qalxır… Bəxtiyar müəllim əsəbi halda «Xudu, bu nə deməkdir, niyə bizə, heç olmasa baş həkimə demədən bu cür palataya gəlib yatmısan?», -deyəndə Xudu müəllim heç nə olmamış kimi gülümsəyib sevinc içində deyir:
-Bəxtiyar, əsəbləşmə, heç bilirsən mən burda nəyi kəşf etmişəm? Bu dünya elmi üçün yenilikdir…
Hamı onun bu kəşfini öz dilindən eşitmək istəyir. Xudu müəllim əlavə edir:
-Bəxtiyar, on gündür burdayam, görürəm ki, hər gün bu gördüyün çirkli-tozlu palatadan neçə-neçə adam sağalıb evə gedir…
Ramiz müəllim, bunu niyə misal çəkdim, yəqin bildiniz… Hər ziyanda bir xeyir də var. Mən Sizin bu toy qalmaqalında bir daha kəşf etdim ki, enerji heçdən yaranmadığı və itmədiyi, sadəcə, bir şəkildən başqa bir şəklə çevrildiyi kimi, cəmiyyətimizin yaltaqları və nankorları da heçdən yaranmır, itmir, sadəcə, onlar yerini bir ünvandan başqa bir ünvana dəyişirlər!
Düşünür və özüm üçün də nəticə çıxarıram, Sizin timsalınızda bütün yüksək vəzifədə olanların da düşünüb nəhayət, nəticə çıxarmalarını arzu edirəm. Baxırsınızmı, Sizi tənqid edən, aşağılayan, təhqir edənlər kimlərdir? Təbii ki, vaxtilə vəzifəyə ucaltdığınız, deputat etdikləriniz, «Şöhrət» ordeni verdikləriniz, Əməkdar jurnalist elədikləriniz, bir sözlə, adam etdikləriniz! Amma onlar kim olsalar da, hansı titula sahiblənsələr də, insan olmadılar! Çünki Siz onların belə olmaları üçün başa çəkmişdiniz.
Bəxtiyar Sadıqovu Ağdam kimi bir dəlisov rayona 25 illik deputat edən Siz olmadınız? Tamerlan Qarayev Çində səfir olarkən əleyhinə yazdığı yazılarda «barmaq yalayıb», sonra tanınmış yazıçı-naşir Əmir Mustafayevdən donos yazıb, xəbərçilik edəndən sonra baş redaktor, ardınca da deputat olan bu adamı Siz yuxarı başa çəkmədinizmi??? Niyə indi bircə cümlə də olsun yazmır, demir ki, ay camaat, ay jurnalistlər, ay FB-çilər, bu kişidən nə istəyirsiniz? Kürəkənini həbs etdilər, toya gələnləri cəzalandırdılar, yetər. Axı biz hüquqi dövlətik!
Bəxtiyar Sadıqov bunu etmədi! Etməyəcək də. Elə bilirsiniz bu gün onu susduran səbəblər sabah təkrarlansa, o, dinəcək? Bəlkə Sizin yerinizdə olan Samir nuriyev, Allah eləməmiş, işdən çıxarsa, onun barəsində bircə kəlmə xoş nəsə yazacaq?!
O biriləri də eləcə. Bu gün Sizi cinayətkar adlandıran həmin o dünənin yaltaqları olan bu günün nankorlarından inciməyin, onlar həm də bu günün ünvanlı yaltaqları və sabahın nankorlarıdır… Axı Siz bunu yaxşı bilirsiniz. Bəlkə Ağdama 25 ildir deputat etdiyiniz Bəxtiyar Əliyev və digərləri fərqlidir?!
Dünya şöhrətli alim Xudu Məmmədov dünyadan AMEA-nın müxbir üzvü kimi getdi…Həqiqi üzv olmağa qoyulmadı… Azərbaycan elminin dəyərlərindən olan Rafiq Əliyev də müxbir üzvdür… Amma Bəxtiyar Əliyevi və daha kimləri akademik etdiniz. Hansı elmi nailiyyətlərinə görə??? Çünki qızınız onunla bir kafedrada işləyirdi…
Rayonlara təyin etdiyiniz icra başçılarının niyə birinin səsi çıxmır? Demirəm barənizdə roman yazsınlar, amma ən azı odun üstünə bir stəkan su səpib Sizi təhqir edən sayt rəhbərlərinə, jurnalistlərə xəlvətcə deyə bilərlər ki, daha bəsdi, yıxılıb, balta çalmaq, çərlədib infarkt etməyə ehtiyac yoxdur!
Demirlər! Guya Əli Həsənovun mübarək siyahıları ilə Əməkdar jurnalist, «Şöhrət» ordenli, «Tərəqqi» medallı… etdiyiniz jurnalistlər deyil bu gün Sizi söyən, aşağılayanlar?! Bəxtiyar Sadıqovları, Vüqar Səfərliləri… jurnalistikamızın hegemonu edəndə bilmirdiniz ki, onlar kimdir? Bəxtiyar Sadıqovlar sabah eyni taktika ilə üzədirənib başqalarını da oxşar üslubla aşağılayanlar «batalyonu»nun əsgərləridir! Çünki onlar belə öyrədilib!
Bu gün Sizi söyən sabah kimləri söyməyəcək?! Əli Həsənovun təltif siyahılarında niyə bir neçə vicdanlı jurnalistlərin də adı olmurdu? Siz görmürdünüz, niyə demirdiniz ki, «Axı dünya fırlanır…», Əli müəllim, belə etmə! Jurnalistlərə mənzillər veriləndə bəlkə o siyahılardan xəbərsiz idiniz?! Hanı o jurnalistlər, niyə biri Sizin barənizdə bircə kəlmə danışıb dinmir? Dinməzlər! Onlar Sizin «roddomda» anadan olan gündən gözü kor, qulağı kar, dili lal olublar!
***
…Bəli, torpaq necə və nə ilə şumlanır, nə əkilirsə, məhsulu da elə olur! Sizin şumlatdığınız mətbuatımızın-cəmiyyətimizin… günü və güzəranı budur. Ona görə də inciməyə dəyməz. Bu gün Sizi söyənlər, dünən Sizi öyənlərdir, milli yaltaqlarımızdır!
Di salamat qalın. İnanıram ki, yazdıqlarım xətrinizə dəymədi. Axı Siz dünyagörmüş və həm də dünyanın, insanların hər sifətini görmüş bir insan-siyasətçisiniz.
Hörmətlə,
Asif Mərzili
Bakı şəhəri, 25 avqust 2020-ci il

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN