...Bizim aslanlar 44 günə 30 illik erməni işğalına son qoydu...- Qəhrəmanların anım yeri abidələr, ünvanı ürəklərdir...
…Mərkəzi İsveçrədə- dünyanın ən qədim dağlıq relyefində turistləri, ziyarətçiləri zaman səyahətinə çıxaran, qayaları tarix haqqında maraqlı məlumatlar verən heyrətamiz bir park var. İsveçrənin alman dilli bölgəsinə aid, 80 min əhalisi olan qədim Lütsern şəhərində yerləşən bu parkın adı “Lütsern Buzlaq Bağı”dır. Burada fosilləşmiş buzlaq qabları, müxtəlif daşlar dünyası, nəfəs kəsən güzgü labirint, maraqlı muzey, ecazkar alp parkı və sadalamaqla bitməyən çox şey görmək olar. Ancaq bu yazımda mən sizinlə sözügedən parkda ən çox diqqətimi çəkən bir abidə haqda təəssüratlarımı bölüşəcəm.
İlk olaraq deyim ki, 200 il əvvəl – abidə yaradılarkən Lütsern kiçik şəhər idi və Buzlaq Bağı onun kənarında yerləşirdi. Aradan keçən 2 əsr ərzində Lütsern xeyli böyüyüb deyə, indi park da, abidə də şəhərin tam mərkəzinə düşür. Nə isə...
***
Ötən həftə istirahət imkanımdan faydalanıb, Lütsernə səyahət etdim. Şəhər haqqında deyildiyi kimi çox qədim və gözəldir, əlbəttə ki, bu gözəlliyin müxtəlif səbəbləri var, ancaq ən nəzərəçarpacaq şərtlərdən biri, məhz şəhərdə köhnəliklə yeniliyin səliqəli vəhdətidir. Və bu harmoniyanın yaradan şəhərdə və ətrafında İsveçrə tarixinin müxtəlif dövrlərinə aid obyektlərin – qalaların, abidələrin, heykəllərin, parkların xüsusi qayğı ilə əhatələnməsi, qorunub saxlanmasıdır. Heç şübhəsiz ki, bu da bölgəni turizm üçün daha cazibədar edir. Şəhəri gəzərkən xeyli xarici turist müşahidə etdim. Aralarında asiyalılar (çinli, yaponiyalı və.s) çoxluq təşkil edirdi.
Səyahətim zamanı mümkün qədər çox tarixi məkan, abidə ziyarət etməyə çalışdım və alındı. Ancaq söhbətimin əvvəlində dediyim kimi, Buzlaq Bağındakı abidədən və onun tarixcəsindən danışacam:
(GLETSCHERGARTEN LÖWENDENKMAL)
Buzlaq Bağı Aslan Abidəsi
Abidə 10 avqust 1792 - ci ildə baş vermiş Böyük Fransa İnqilabına – daha doğrusu bu İnqilabın önəmli anlarından birinə həsr edilib. İnqilabın ilk günlərindən Parisdəki ordu artıq kral XVI Lyudovikin nəzarətindən çıxıb üsyançılara qoşulmuşdu. Krala yalnız sayı 1000-dən bir az artıq olan İsveçrəli saray keşikçiləri – Mühafizə Alayı sadiq qalmışdı. Mühafizəçiıər üsyançılara ciddi müqavimət göstərirlər, ancaq kral hücuma keçən kütləyə atəş açmağı qadağan edir. Üsyançıların sayı çox olduğundan, onlar qalanı ələ keçirib, kralı həbs edirlər. Qeyri-bərabər döyüş zamanı 600-ə yaxın İsveçrəli əsgər həlak olur, 60 nəzarətçi edam edilir, daha 200 nəfər İsveçrəli mühafizəçi həbs edilir. İsveçrəli alayın komandiri – zabit Karl İosif Baxman da ağır yaralı halda ələ keçirilir, gilyotində başı kəsilir. Sağ qalanların çoxu yaralı olduğundan, sonradan həbsxanalarda ölürlər. 1110 isveçrəli mühafizəçidən, yalnız 350 əsgər və çavuş ölümdən qurtulmağı bacarır.
Mühafizə Alayının sağ qalan zabiti Karl Prüfer fon Altişofen 1818-ci ildə İsveçrəyə qayıdandan sonra, həlak olmuş döyüşçü yoldaşlarının xatirəsini əbədiləşdirmək haqqında düşünür və o vaxt Romada çalışan dövrün məşhur danimarkalı heykəltəraşı Torvaldsenə "ölmüş aslan heykəli" sifariş verir. Heykəltəraş isə, ölmüş aslan deyil, can verməkdə olan aslan təsvir etməyi qərara alır. Tezliklə İsveçrəli heykəltəraş Luka Ahorm Torvaldsenin eskizləri əsasında işə başlayır və 7 avqust 1821-ci ildə mağarada can verən aslan heykəli hazır olur. Üç gün sonra – Tuileries (kral sarayı – İ.R.) hadisələrinin 29-cu ildönümündə savaşdan sağ qalanların da iştirakı ilə abidənin böyük açılış mərasimi keçirilir.
Maraqlı faktlardan biri də odur ki, Danimarkalı müəllif Torvaldsen abidəni yalnız 20 il sonra (1841) görür, çox məmnun qalır və isveçrəli heykəltəraş Luka Ahormun şəninə təriflər deyir. Bu kompozisiya, Avropada yalnız tək heyvan rəsmini sərgiləyən ilk abidə olur. Abidənin eynisi, daha sonralar Yunanıstanda və ABŞ- da da yaradılır.
Qayada, abidənin altında latınca : "HELVETIORUM FIDEL AC VIRTVTI" ("İsveçrəlilərin sədaqətinə və cəsarətinə") sözləri yazılıb. Altında, hadisə zamanı ölən və sağ qalan əsgərlərin sayına görə, latınca 760 və 350 rəqəmləri yer alır. Abidənin altında məqsədi uğrunda canından keçən əsgər və zabitlərin adları oyma üsulla qayaya yazılıb. Doqquz metrlik aslan heykəli, eni 13, hündürlüyü 6 metr olan qayanın içindədir.
TƏƏSSÜRATIM İSƏ BELƏDİR…
200 il əvvəl inşa edilmiş bu qəhrəmanlıq abidəsi məni çox mütəəssir etdi. Göründüyü kimi iki əsr keçməsinə baxmayaraq, qəhrəmanlar unudulmur, xalq onları qürur hissi ilə xatırlayır. Hər bir xalqın - millətin tarixində şərəfli, qürurlu günlər var, məhz belə günlərdə millət özünü, milli kimliyini daha dərindən düşünür, anır, kütləvi ehtiram sərgiləyir. Belə tarixi günlərin yaradıcısı əlbəttə ki, məhz həmin xalqın övladlarıdır. Azərbaycan xalqını n da öz tarixi ilə fəxr eləməsi üçün yetərincə əsasları var. Yadelli işğalçılara qarşı əzmlə mübarizə aparmış Babəkdən tutmuş, dünyanı fəth edən Şah İsmayıla, Şərqdə ilk respublikanın qurucuları olan Rəsulzadə, Xoyski, Topçubaşova, onların məsləkdaşlarına qədər çox böyük tarixi şəxsiyyətlərimizin əməlləri yaradıb bu əsasları. Onlar və digər babalarımız da bizim qürur yerimizdir.
İkinci respublika dövrü də (sovetlər dönəmində) tariximizə daha bir nəsil qəhrəman oğullarımızın adını yazdı. Faşizmə qarşı mübarizədə 100 minlərlə həmvətənimiz canını, sağlamlığını fəda etdi. Mehdi Hüseynzadə, Həzi Aslanov və başqa minlərlə soydaşımız bu gün də tariximizin fəxrləridir. Oğullar doğulur, böyüyür, dar gündə elin - obanın dayağı olur, vətənin azadlığı üçün gərək olanda canından keçir, qəhrəmana çevrilirlər. 34 il əvvəlin – 1990-cı ilin yanvarını xatırlayaq, igid Azərbaycan oğulları sovet imperiya tanklarının qarşısına yalın əllə çıxdılar, məhz bu hadisə ölkəmizin az sonra müstəqillik qazanmasında önəmli rol oynadı, vətən müstəqil oldu, ölkədə (əvvəlkinin bərpası olan) sayca 3-cü respublika quruldu. Qəhrəmanlıq tarixi heç vaxt bitməz, əgər vətən dardadırsa, torpaq işğal altındadırsa, oğullar bununla heç vəchlə barışmazlar, canları bahasına torpağı azad edər, milli kimliyi, şərəfi qoruyarlar. Son 35 ildəki rus dəstəyi ilə olan erməni işğalına qarşı mübarizədə biz bir daha bunun şahidi olduq. Xalqımızın övladları Allahverdi Bağırov, Əlif Hacıyev, Ramiz Qəmbərov, Orxan Əkbərov, Raquf Orucov, Mübariz İbrahimov, Polad Həşimov və daha minlərlə həmvətənlərimiz silaha sarılıb, torpaqlarımızın azadlığı üçün candan keçdi. Bu qəhrəmanlar qələbəni görmədilər, ancaq, həyatları bahasına onun təməlini qoydular, gənc nəsildə mütləq qələbəyə inam aşıladılar.
Nəticədə dörd il əvvəl, 2020-ci ildə baş vermiş 44 Günlük Vətən Müharibəsi aslanlarımız ölkə tarixinə qızıl hərflərlə yazıldı. Ali baş komandanın əmri və rəhbərliyi ilə gerçəkləşən bu şərəfli 44 günün yekunu – Şuşa qalasının işğaldan azad edilməsi isə, tək ölkə hərb tarixinə deyil, həm də, ümumilikdə hərb tarixinə nümunə kimi daxil oldu. Bu gün xalqımızın, dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri əlbəttə ki, şəhid ailələrinə, qazilərə qayğı göstərməkdirsə, digəri canlarını, sağlamlığını millət üçün, torpağın azadlığı üçün qurban verən qəhrəman oğullarımızın xatirəsini layiqincə əbədiləşdirməkdir. Əlbəttə ki, dövlətimiz, onun rəhbərliyi tərəfindfən əvvəllər alman faşizminə qarşı mübarizədə fərqlənənlərlə bağlı olduğu kimi indi də erməni işğalına qarşı savaşda şücaət göstərmiş qəhrəmanlarımızın adının əbədiləşdirilmsə yöndə az iş görməyib və görülməkdə də davam edir. Və bütün bu işlər təkcə bugünümüzün reallığı, tələbi kimi deyil, həm də gələcəyə mesaj kimi qəbul olunmalıdır.
***
İllər, əsrlər ötəcək, gələcək nəsillər igidlərimizə həsr edilmiş heykəlləri ziyarət edəcək, onların qəhrəmanlığını xatırlayacaq. Və bu heykəllərin hərəsi həm də ayrıca bir aslan abidəsi sayılacaq. Azərbaycandakı aslan abidələri...
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
İlham Rəsul,
«Təzadlar»ın xüsusi müxbiri
(Lütsern, İsveçrə)