Bütün dövrlərdə xalqda milli mənlik şüurunu oyatmaq əhəmiyyətli bir vəzifə olmuşdur.
Bu məqsədlə gənc nəslin tərbiyəsində keçmiş təcrübədən, soykökümüzün pedaqoji irsindən istifadə etmək, milli kökə, xalq ruhuna bağlı olan şəxsiyyətlər yetişdirmək aktuallıq kəsb etmiş, böyük əhəmiyyət daşımışdır. Bu baxımdan xalqımızın bir çox görkəmli ictimai xadim və ədəbi simalarının irsi və fəaliyyəti bu sahədə əhəmiyyətli nümunəyə çevrilmişdir. Görkəmli ədəbi simalarımız olan Firidunbəy Köçərlinin, Ömər Faiq Nemanzadənin, Hüseyn Cavidin, Salman Mümtazın,Yusif Vəzir Çəmənzəminlinin, Hənəfi Zeynallının, Seyid Hüseynin, Tağı Şahbazi Simurğun pedaqoji irslərinin öyrənilməsi də bu baxımdan yüksək əhəmiyyət kəsb edir.
Fikrimizcə, hər hansı bir tarixi şəxsiyyətin dünyagörüşünə düzgün qiymət vermək üçün tədqiqatda bir neçə şərtə riayət edilməlidir. Hər şeydən əvvəl, tarixi şəxsiyyətin – pedaqoqun, filosofun, siyasi xadimin, ədibin, şairin və ya başqalarının dünyagörüşü yaşadığı dövrün iqtisadi və sosial-siyasi şəraiti ilə qırılmaz əlaqədə götürülməlidir. Bunsuz şəxsiyyətin dünyagörüşünün elmi tədqiqindən bəhs etmək çətindir. Sonra şəxsiyyətin dünyagörüşü öz dövrünün bütün elmi-pedaqoji, fəlsəfi, ideoloji görüşləri sistemində öyrənilməli, dövrün bütün başlıca ideya-fəlsəfi cərəyanları fonunda tədqiq edilməli və bu yolla onların dünyagörüşünün tarixi yeri müəyyənləşdirilməlidir. Bu mənada Azərbaycan Respublikasının Əməkdar müəllimi, pedaqogika elmləri doktoru Kamal Camalovun “Repressiya qurbanlarının maarifçilik ideyaları” adlı monoqrafiyası olduqca əhəmiyyətli, qeyd edilən kriteriyalara uyğun ərsəyə gəlmiş, aktual mövzuya həsr edilən ciddi bir elmi əsərdir. Pedaqogika elmləri doktoru Kamal Camalovun monoqrafiyasında Azərbaycan məktəb və pedaqoji fikir və mədəniyyətinin görkəmli xadimləri olan Firidunbəy Köçərlinin, Ömər Faiq Nemanzadənin, Hüseyn Cavidin, Yusif Vəzir Çəmənzəminlinin və Tağı Şahbazi Simurğun pedaqoji görüşləri geniş təhlil obyektinə çevrilmişdir. Əsərdə bu görkəmli şəxsiyyətlərin əxlaqi fikirləri, elm, maarif və təhsil haqda fikirləri, ictimai ideyaları, ana dili haqqında qayğıları, müəllim və müəllim hazırlığı haqqında tələbləri tədqiq və təhlildən keçirilmiş, sərf-nəzər edilmişdir.
Azərbaycan məktəb və pedaqoji fikrinin inkişafı tarixində böyük rol oynamış repressiya qurbanları olan bəzi ziyalılarımızın, o cümlədən ədəbi şəxsiyyətlərimizin pedaqoji ideyalarını araşdırmaq olduqca əhəmiyyətli və aktual məsələdir. Adlarını qeyd etdiyimiz Firidunbəy Köçərli, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli, Salman Mümtaz, Tağı Şahbazi Simurğ, Hənəfi Zeynallı, Seyid Hüseyn və digər bu kimi milli ziyalılar xalqın gələcək taleyinin böyüyən nəslin məqsədəmüvafiq vətəndaşlıq tərbiyəsindən çox asılı olduğunu aydın dərk edirdilər. Bu baxımdan bu görkəmli şəxsiyyətlər həm fikirlərində alovlu maarifçilik ideyalarını səsləndirmiş və həm də xalqın maariflənməsi yolunda fədakarlıqla çalışmışlar. Fikrimizcə, bu böyük mütəfəkkirlərin: “Hər bir millət üçün nicat yolu balaca uşaqları məktəbə aparıb tərbiyə vermək ilə əmələ gəlir. Əgər belə olmasa heç bir şey fayda bağışlamayacaq”, – deyə irəli sürdükləri təkcə bir ideya, bir fikir onların Azərbaycan pedaqoji fikir tarixində nə dərəcədə mühüm bir yerə sahib olduqlarını göstərir və bu baxımdan da xalqımızın pedaqoji fikir nümayəndələri sırasına daxil etməyə tam əsas verir.
Belə hesab edirəm ki, Kamal Camalovun “Repressiya qurbanlarının maarifçilik ideyaları” adlı monoqrafiyası aktual olan bir mövzuya həsr olunduğundan əhəmiyyətlidir, xalqımızın inkişafı və oyanışında görkəmli xidmətləri olan repressiya qurbanlarının ruhuna ehtiramın bir ifadəsidir. Adıgedən monoqrafiyada repressiya qurbanlarının vətəndaşlıq ideyaları və fəaliyyəti elmi-pedaqoji aspektdən təhlil edilmiş, yaradıcılıqlarındakı vətəndaşlıq ideyalarının müasir dövr üçün əhəmiyyəti göstərilmiş və həmçinin, vətən fədailərinin yaradıcılığındakı milli düşüncə və vətəndaşlıq ideallarının təcəssümü müəllif tərəfindən uğurla səciyyələndirilmişdir.
Monoqrafiyada böyük maarifçilərin həyatı, yaradıcılığı və maarifçilik ideyalarının yeri və rolundan bəhs edilir. Tədqiqatçı vətənpərvərlik duyğuları ilə zəngin olan nakam maarifçilərin tarixin çarxını yeni yola salmasından, dünyanı çirkablardan təmizləməsindən, yer üzünə yeni baxış, yeni düşüncə, azadlıq və səadət gətirmək uğrunda yorulmaz fəaliyyətlərindən, dönməz mü-cadilələrindən danışır. Həmçinin Firidunbəy Köçərli, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli, Tağı Şahbazi Simurğ və digər nəhəng fikir adamlarının məsuliyyətli ömür yollarından, Vətənin istiqlalı naminə maarif və elm səngərində keçən mübarizə xidmətlərindən və s. bəhs edilmişdir. Bu görkəmli şəxsiyyətlərin ictimai həyatda həmişə azərbaycançılıq mövqeyində dayanan böyük müdafiəçisi olmalarından da tədqiqatçı tərəfindən aydın dillə danışılmış və bəhs edilmişdir.
Monoqrafiyada tədqiqatçı tərəfindən repressiya qurbanlarının fikriləri vətəndaş mövqeyi və şəxsi ləyaqət məsələsi, azərbaycanlılıq xarakteri, əsil insana məxsus mənəvi keyfiyyətlər və əqidə sahibi olmaq cəhətindən təsnif edilərək tədqiq edilmişdir. Ən başlıcası isə, bu görkəmli ziyalıların fikirlərindəki Azərbaycan torpağının hər qarışının belə dünyada hər şeydən qiymətli və əziz, müqəddəs olduğunu, vətən və xalq sevgisini inama, məfkurəyə, ideala, amala çevirmək yolunda maarifçilik xidmətlərini təhlildən keçirmək qarşıya qoyulan əsas məqsəd olmuşdur.
Fikrimizcə, pedaqogika elmləri doktoru, əməkdar müəllim Kamal Camalov repressiya qurbanlarının yaradıcılığında vətəndaşlıq tərbiyəsinin aşılanması ideyasının əsil ruhunu tuta bilmiş, bu ideyaların bu gün də istifadə üçün aktual olduğunu elmi dəlillərlə sübut etmiş, həmçinin onların yaradıcılığındakı ictimai-mədəni şəraiti səciyyələndirmiş, vətəndaşlıq tərbiyəsində nəzərə alınması məsələləri və eləcə də tərbiyə sistemində psixoloji-pedaqoji xüsusiyyətləri elmi-pedaqoji aspektdən təhlil obyektinə çevirmişdir.
Monoqrafiyada, həmçinin repressiya qurbanlarının ailə tərbiyəsi haqqında fikirləri də müvəffəqiyyətlə işlənmişdir. Xüsusilə, ailə tərbiyəsinin xüsusiyyətləri, ailədə ananın müstəsna rolu barədə Hüseyn Cavidin, Yusif Vəzir Çəmənzəminlinin ideya görüşlərinin düzgün ümumiləşdirilməsi Kamal müəllimin həm mövzuya yaxından bələd olduğuna, həm də müasir pedaqogika elmini lazımi səviyyədə bildiyinə dəlalət edir. Müəllif haqlı olaraq vurğulayır ki, bu görkəmli ziyalılar ailə tərbiyəsi, estetik tərbiyə, əmək tərbiyəsi və s. məsələlərə də geniş yer vermişlər. Hüseyn Cavidin və Yusif Vəzir Çəmənzəminlinin əsərlərindəki fikirlərinin təhlili də göstərir ki, milli mədəniyyətimizin bu görkəmli nümayəndələri tərbiyə və tərəqqi işində ailəyə çox böyük diqqət vermiş və onun möhkəmləndirilməsini cəmiyyətin mütərəqqi inkişafı üçün zəruri hesab etmişlər. Repressiya qurbanları haqlı güman etmişlər ki, ailə münasibətləri, eləcə də qadına qarşı münasibətlər qaydaya düşərsə, cəmiyyətdə baş verən bir sıra pozğunluqların qarşısını almaq mümkün olacaqdır. Düzdür, Cavid Çəmənzəminlidən fərqli olaraq yaradıcılığının ilk illərində qadınların çadraya örtünməsi, bürünməsi tərəfdarı olsa da (“Pənbə çarşaf” şeirində olduğu kimi), çox çəkmir ki, bu ideyanın qəti əleyhinə çıxmış və qadınların çadradan birdəfəlik uzaqlaşacağının çox yaxında olduğunu da hiss etmişdir. Həmçinin, “Maral” əsərində xanımların açıq gəzməsində “heç bir məhzur” görməyən Hüseyn Cavid bununla bərabər, “əcnəbilərdə olan mənasız sərbəstliyə də əsla tərəfdar” olmamışdır.
Monoqrafiyada ailə tərbiyəsində özülü qoyulan, cəmiyyətdə möhkəmlənən vətəndaşlıq kredosu, ailədə vətəndaşlıq tərbiyəsinə hazırlıq işinin imkan və yolları məsələləri də tədqiqatçı tərəfindən bacarıqla araşdırılmış, təhlil edilib ümumiləşdirilə bilmişdir. Tədqiqatçı Kamal Camalov mənəvi tərbiyənin əhəmiyyətini, təsvirini, təşəkkülü və inkişafını repressiya qurbanlarının görüşü baxımından təhlil etmiş, gənclərin milli ruhda tərbiyəsi məsələlərini, həmin tərbiyəvi örnəklərin rolunu elmi əsaslarla müəyyənləşdirmişdir. Burada da tədqiqatçı böyük mütəfəkkirlərin əxlaq tərbiyəsi, əmək tərbiyəsi, böyüyən nəslin vətənpərvərlik tərbiyəsi, dostluq-yoldaşlıq tərbiyəsi haqda fikirlərindən müasir pedaqoji mühitdə müvəffəqiyyətlə istifadə oluna biləcəyini inandırıcılıqla əsaslandıra bilmişdir. Tədqiqatçı haqlı olaraq əbədiyaşar sənətkarların tərbiyəyə dair fikirlərində vətənpərvərlik ideyasının aparıcı yer tutduğu qənaətinə gəlmişdir. Firidunbəy Köçərlinin, Ömər Faiq Nemanzadənin, Hüseyn Cavidin, Yusif Vəzir Çəmənzəminlinin və Tağı Şahbazi Simurğun satqınlığa, xəyanətkarlığa qarşı mübarizəsinin əsasında uşaqlara, yeniyetmələrə, gənclərə düzgün əqli və əxlaqi tərbiyə verilməsinin zəruriliyi ideyasının doğurduğunu söyləməkdə də tədqiqatçı haqlıdır. Müəllif Kamal Camalov yazır ki, repressiya qurbanlarına görə tərbiyənin məqsədi saf əxlaqa malik, əqlli, kamil, vətənpərvər insan tərbiyə etməkdir. İnsan adını yüksək tutan, ən ülvi hisslərlə ona ehtiram bəsləyən humanist nasir və şairlər insanlıq borcunu yerinə yetirmək üçün onun tərbiyə olunmasının zəruriliyini irəli sürmüşlər. Onlar ümumilikdə bu fikirdə idilər ki, “vəzi-cahanın dəyişdiyi” XX əsrdə mədəni tərəqqinin müasir mərhələsində “rindanə” əsərlər yazmaq, günün məsələlərinə biganə qalmaq cinayətdir. “Tərbiyeyi-millət”, “millətə xidmət” hər bir şairin, ziyalının borcudur. Onlar zülm zənciri altında işgəncə çəkən, fəlakətdə qalan millətin qurtuluş yolunu tərbiyədə görürdülər. Ona görə də dövrün bütün mütərəqqi ziyalılarını bu işə cəlb etməyə çalışırdılar. Firidunbəy Köçərli, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli, Tağı Şahbazi Simurğ, Hənəfi Zeynallı və digərləri xalqın dərdinə “qəmxar” olmayan, onun tərbiyəsi qeydinə qalmayan, “avamdan heç nə hasil olmaz”, – deyə xalq kütlələrindən ümidini üzərək, onlara qarşı laqeyd olan üzdəniraq ziyalıları məzəmmətləyir və xalqa inam bəsləməyi, böyük ümidlə yaşamağı tövsiyə edirdilər. Bu da onların bir pedaqoq, maarifçi kimi nikbinliyindən, öz canlarından artıq sevdiyi millətin gələcəyi haqqında narahatlığından irəli gəlirdi.
Ümumiyyətlə, əsər elmi üslubu ilə seçilən, aydın, səlis, oxunaqlı bir dillə yazılmış bitkin, mükəmməl monoqrafiyadır. Fikrimizcə, Kamal Camalov “Repressiya qurbanlarının maarifçilik ideyaları” adlı monoqrafiyasında qarşısına qoyduğu məqsəd və vəzifələri tam yerinə yetirmiş, Azərbaycan məktəb və pedaqoji fikir tarixində repressiya qurbanlarının özünəməxsus əhəmiyyətli yer tutduğunu müvəffəqiyyətlə sübut etmişdir.
ƏBÜLFƏZ AMAN oğlu QULİYEV
Filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü,
Azərbaycan Respublikasının Əməkdar müəllimi