...Şəhidlər başımızın tacıdır. Bizlər heç vaxt onları unutmayacağıq.
Necə ki, bu gün doğum günü olan şəhid Ətraf Oqtay oğlu Qənimətovu xatırlamağı özümüzün müqəddəs borcumuz hesab edirik. Əslən Laçın rayonunun Vəlibəyli kəndindən olan, 20 mart 1997-ci il də Şəki şəhər Dəmiryol köçkünlər qəsəbəsində anadan olmuş Ətraf Qənimətov doğma yurddan uzaqlarda böyüsə də, ata yurdunu heç zaman unutmamışdır. 2003-cü ildə Şəki şəhəri "Çələbixan" qəsəbə köçkünlər tam orta məktəbinə daxil olan, hələ uşaqlıqdan hərbiyə maraq göstərən Ətraf Qənimətov, 2011-ci ildə hələ 8-ci sinifdə oxuyarkən C.Naxçıvaniski adına Hərbi litseyə qəbul olmaq üçün müraciət etmiş, lakin əlinin üzərindəki yanıq izləri səbəbli arzusunu reallaşdıra bilməmişdi.
2012-ci ildə köçkünlərin məskunlaşması ilə əlaqədar Şəki şəhəri Yeni Çələbixan qəsəbəsində şəhid Nüşrəvan Süleymanov adına Kaha kənd tam orta məktəbində təhsilini davam etdirir. 2013-2014-cü tədris ilində təlim və tərbiyədə fərqlənməyə görə "Fəxri Fərmanla" təltif edilir. 2014-cü ildə həmin məktəbi bitirib, Sumqayıt Dövlət Univeristetinin "Tarix və Coğrafiya" fakultəsinin "Tarix müəllimliyi" ixtisasına qəbul olur.
2015-ci ildə "Bakı 2015" Avropa Oyunlarında iştirakına görə "Təşəkkürnamə" ilə, mart-iyun 2015-ci il tarixlərində Bakıda keçirilmiş "I Avropa Oyunları"nda fəal iştirakına, 17-19 iyun 2016-ci ildə "Formula-1Grand Prix of Europa”da könüllü olduğuna görə sertifikatlarla təltif olunmuşdur. 2017-ci il may ayının 12-dən 22-dək keçirilən "Bakı 2017" İslam Həmrəliyi Oyunlarında da könüllü olaraq iştirak etmişdir.
2018-ci ildə Univeristeti bitirdikdən sonra Hərbi xidmətə getmək istəsə də, əlinin üstündəki yanıq izləri ona yenə maneə olurdu. Bir çox yerlərə ərizə ilə müraciət edərək inadla hərbi xidmətə getmək istəyini bildirmiş və 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidməti Laçın rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2020-ci ildə hərbi xidmətdən tərxis olunmuş və həmin ilin mart ayının 1-də Təlim-Tədris Mərkəzində Ehtiyat Zabit kursuna qəbul olmuş, üç aylıq kursu bitirdikdən sonra leytenant rütbəsi ilə Qazax rayonundakı N saylı hərbi hissədə tağım komandiri kimi hərbi xidmətə başlamışdır.
İkinci Qarabağ müharibəsi zamanı şəxsi heyətlə birlikdə Ağstafaya, oktyabr ayının 11-də isə döyüş bölgəsi olan Füzuli rayonuna göndərilmişdir. Fizuli rayonunun azadlığı uğrunda gedən şiddətli döyüşlər zamanı hər iki ayağından ağır yaralanmasına baxmayaraq erməni gülləsindən yaralanmış döyüş yoldaşlarının təxliyyə edilməsi və ilkin tibbi yardım almaları üçün fədakarlıq göstərmiş, onları təhlükəsiz yerə qoyaraq yenidən döyüşə qatılmışdır. Lakin erməni snayperçilərinin gülləsi onun Vətən üçün döyünən ürəyini əbədi susdurmuşdur. 17 gün döyüş meydanında qalan nəşi oktyabrın 29-da çıxarılaraq, oktyabrın 30-da Şəkidəki "Şəhidlər Xiyabanı"nda dəfn edilmişdir.
Prezident, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə şəhid Ətraf Oqtay oğlu Qənimətov ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
Şəhidlər şərəf, qeyrət, ucalıq zirvəsidir,
Şəhidlər azadlığın od-şimşək zərrəsidir.
Şəhidlər tarixləşən - istiqlal türbəsidir,
Şəhidlər şimşək kimi buludlar saxlamazlar,
Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!
Tural Məmmədov,
Şəki şəhər İH-nin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri