...8 aprel - xalqımızın görkəmli sənətkarı Yaqub Zurufçunun dünyaya gəldiyi gündür

...Ayrılıqlar da, qovuşmalar da taleyin  və zamanın qismətidir. Tale Yaqub Zurufçunun qismətinə illərlə həsrətində olduğu  doğma Azərbaycana  “Ayrılıq”  mahnısı  ilə qovuşmaq  qismət  eləmişdi. Həyatda hər kəsin, hətta torpağın, daşın, quşun, yarpağın, dənizin, bulağın da  öz nəğməsi var,  deyirlər. Hərə  öz dilində  oxuyur nəğməsini. Yaqub Zurufçu  da  hələ qürbətdə ikən özünün təkrarsız və bənzərsiz nəğməsi ilə milyonlarla  azərbaycanlının qəlbində  əbədi yuva qurdu.

Sonra  Yaqub Zurufçunun “Ayrılıq”ından  xalqımızn  bir araya yığışdığı məkana  - Azadlıq  meydanına   intizar, həsrət,  göz yaşları yağdı. İnsanlar  bu  nəğmə yağışının  altında  keçmişdən  gələcəyə,  bu taydan  o taya  ümidlə boylandı.

Daha sonra “Ayrılıq” Azərbaycanın milli-mənəvi dirçəlişinə təkan verdi,  “el arası çəpər olmaz”  məntiqi ilə bütün ayrılıqlara son qoymağa, müqəddəs torpaqlarımıza  göz dikən  yağı düşmənlə  savaşa ruhlandırdı.

Əbəs  yerə Yaqub bəy demirdi ki,  “Ayrılıq”ı oxumaq üçün, ya gərək aşiq olasan, ya da ki, vətənpərvər. “Mən onu vətənpərvər kimi oxumuşam.” Müğənninin   tale və sənət yollarına  silsilə  məqalələr həsr  etmiş Əməkdar jurnalist  Rəhman Orxanın təbirincə  desək, “Yaqub Zurufçu Vətən həsrətli-eşqli qəlbini "Ayrılıq"dan qopardıb, bütün dünyanı dolaşaraq, onu yalnız Azərbaycanda tapındıra, ovundurub-sevindirə bilib”. Qeyd edək ki, görkəmli sənətkar 65 illik ömründə dünyanın  çox  olkələrinə səfər etmişdi.

...7 yaşında Təbriz şəhərinin Fərvərdin Mədrəsəsində təhsilə başlayan Yaqub  Zurufçu elə həmin  illərdə Təbriz radiosunun uşaq proqramında iştirak edərək, şövqlə oxuduğu "Cücələrim" mahnısı ilə  bütün İranda tanınmış, dillər əzbəri olmuşdu. 15 yaşında isə  Təbriz Milli Televiziyasında ilk dəfə çıxış edərək "Evləri var xana-xana", "De, gülüm gəlsin, ay nənə", "Dilbər" mahnısını ifa edən müğənni bu istedadını və oxumaq istəyini atası Qulu kişinın uzun müddət Bakıda yaşaması və doğma xalqının  musiqisinə olan sonsuz sevgısi ilə əlaqələndirdi.  

....Gənc yaşlarında Tehran opera teatrının xorunda öz musiqi fəaliyyətini davam etdirən sənətkar 1979-cu ildə İranda xalq inqilabından 1 il sonra Almaniyaya   köçdü.  Lakin  Təbrizdən başlayan sənət uğurunu sonralar  qürbətdə davam etdirərək bütün dünyada, xüsusilə müsəlman aləmində, Şərq dünyasında böyük şöhrət qazandı. Onun Almaniya, ABŞ,  Latın Amerikası və Avropa ölkələrində təşkil olunan ənənəvi konsertləri millətindən və dinindən asılı olmayaraq, bütün dinləyicilər tərəfindən həmişə sevilərək, rəğbətlə qarşılandı.

Hansı  ölkədə  yaşamasından  asılı olmayaraq Yaqub Zurufçunun ürəyi həmişə  Azərbaycan eşqi ilə döyünürdü... İki il öncə müsahibələrinin birində deyirdi ki, bu il Can Azərbaycana gəlişimin 30 ili tamam olur. “Çox xoşbəxtəm ki, Gülağa Məmmədovun dəvəti ilə 1989-cu ilin əvvəllərində Azərbaycana gəldim və illərlə həsrətində olduğum Vətən mənə doğma anam kimi qucaq açdı, bağrına basdı. Bu, həmin illər idi ki, Azərbaycan xalqı böyük bir imperiyaya qarşı azadlıq, müstəqillik uğrunda mübarizəyə qalxmışdı. Xoşbəxtəm ki, “Ayrılıq” mahnısı xalqımız tərəfindən sevildi... Və xoşbəxtəm ki, Vətənimin müstəqillik tarixində mənim də adım, mənim də payım var".

Yeri gəlmişkən qeyd edək ki, dünya şöhrətli məşhur  Azərbaycan  və Türkiyə müğənnilərinin ifa etdikləri “Ayrılıq”   Yaqub bəyə qədər bəzən xalq mahnısı hesab olunurdu. Sonralar məlum odu ki, “Ayrılıq”  və eləcə də “Sizə salam gətirmişəm” mahnılarının  musiqisi Bakıda doğulan, lakin  Stalin repressiyası zamanı İran təbəələri kimi ailəsi ilə  birgə ora sürgün edilən mərhum bəstəkar Əli Səlimiyə məxsusdur. Hər iki  mahnı kövrək  və  həsrətlə ifa olunsa da,  sanki Azərbaycanın cənubunu və şimalını mənən və ruhən qovuşdurur...

...İctimai Televiziyada  işləyəndə  Yaqub  Zurufçu  Təbrizə getdi və “Təbriz həsrəti” adında klip çəkdirdi.  “Təbriz üçün çox darıxmışdım. 26 ildən sonra Təbrizə getdim və doğma şəhərimi tanımadım, əgər bura - Azərbaycan olmasaydı, mən çox tez dünyadan gedərdim. Azərbaycan xalqı və Azərbaycan dövlətçiliyi həmişə mənə dəstək olub.” İranda Azərbaycan dilində təhsilin olmadığını  dilə gətirən müğənni  ürək yanğısıyla deyirdi  ki, orada mənim özümün gül kimi dilim var, amma onu nə yaza, nə də oxuya bilirəm. “Niyə axı? Niyə belə olmalıdır?”

Təqribən 22-23  il qabaq Yaqub Zurufçunun  bizim doğma Masallıya gəlişini xatırlayıram. Məni  onun  ifasından da çox heyrətləndirən,  rayonda  uşaqdan  böyüyə  hamının tanıyıb sevdiyi,  cəddinin möcüzələri  barədə sağlığında əfsanəvi  söz-söhbətlər gəzən Seyid Sadıq ağanı  ziyarət etməsi oldu.  Viləşçay dəryaçasının sahilində  Seyid Sadıq ağa  ilə yadigar  şəkil çəkdirən müğənni ondan  xeyir-dua istədi...

...2009-cu ildə  Yaqub Zürufçu  həm Azərbaycan vətəndaşlığı aldı,  həm də "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri  adına layiq görüldü.  

...Sentyabrın  15-də  qəlbi  hər zaman Azərbaycanla döyünən Yaqub Zurufçu azərbaycanlı  sənətsevərlərin çiynində “Qurd qapısı” qəbiristanlığında son mənzilə yola salındı. Sənətkarın dəfn mərasimində ailə üzvləri, yaxınları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak etdilər. Həmin gün Yaqub Zurufçunun canlı  ifasını dinləyənlər üçün  olduqca kədərli gün idi.

Ancaq  onun ifasında təkrarsız gözəlliyi, ürəyəyatımlılığı ilə seçilən, qəlb oxşayan melodik Azərbaycan mahnılarını dinləmək  bizə - qaIib ölkənin musiqisevərlərinə həmişə böyük sevinc bəxş edəcək. Allah Yaqub bəyə rəhmət eləsin!

Nurəddin Muğanlı

(Xüsusi olaraq "Təzadlar" üçün)

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN