Bakı Metropoliteni koronavirus pandemiyası dövründə sərnişindaşıma və tibbi maskalardan istifadə ilə bağlı məlumat yayıb.
Bakı Metropoliteni QSC-dən bildirilib ki, koronavirus pandemiyası elan edildiyi dövrdən metropolitenin fəaliyyətində bu və digər tənzimləmələr tətbiq edilib.
2020-ci il martın 29-31-də sərnişinlərinə gün ərzində cəmi 5 saat xidmət göstərən Bakı metropoliteni tarixində ilk dəfə həmin il aprel ayının 1-dən may ayının 9-una qədər 38 gün sərnişin daşımayıb.
Xüsusi karantin rejimi müddətində sərnişndaşıma fəaliyyəti may ayının 9-u səhər saat 06:00-da bərpa edilən metropolitendə pandemiya dövründə ən mühüm və zəruri qaydalardan biri tətbiq edilib. Bu, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbinin məcburi olması idi. Bu qayda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il may ayının 1-dən qüvvəyə minən qərarı ilə 728 gündən sonra metropolitendə ləğv edilib:
“Onu da əlavə edək ki, ötən dövr ərzində metropolitenin sərnişindaşıma fəaliyyəti daha iki dəfə tam məhdudlaşdırılıb. Yuxarıda qeyd edilən müddətdən savayı, Nazirlər Kabinetinin qərarları ilə metropoliten 2020-ci il iyul ayının 4-dən sentyabr ayının 14-dək 72 gün, 2020-ci il oktyabrın 19-dan 2021-ci il may ayının 31-dək 226 gün sərnişin daşımayıb. İstirahət və bir sıra bayram günləri də daxil olmaqla, Bakı metropoliteni ötən müddət ərzində 377 gün sərnişindaşıma xidməti göstərməyib”, - qurumdan bildirilib.
Beləliklə, pandemiya dövründə sərnişinlər Bakı metropolitenindən istifadə etdikləri 389 gün ərzində tibbi maska, yaxud tənəffüs yollarını qoruyan digər fərdi vasitələrdən istifadə etməli olublar.
May ayının 1-dən metropoliten ərazisində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilməsi sərbəstdir.
TEZADLAR.AZ