Maraqlıdır ki, Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixail Rot Rustaveli prospektində parlamentin qarşısındakı mitinqə qatılıb.
Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, almaniyalı siyasətçi mitinqdə nümayişçilər qarşısında çıxış edib. Çıxışı zamanı o bildirib ki, demokratik ölkədə hakimiyyətin tənqidi normaldır, lakin Gürcüstan hökuməti yaxşıya doğru getmək istəmir, ölkənin gələcəyini məhv etmək istəyir: “İnsanlar öz hüquqları, demokratiya, azadlıq və məhkəmə müstəqilliyi uğrunda dinc şəkildə etiraz etdikdə, hökumətin və ya təhlükəsizlik xidmətinin onları həbs etmək hüququ yoxdur. Demokratik ölkədə hakimiyyətin tənqidi olduqca normaldır. Ölkəmdə vətəndaşlarım məni demək olar ki, hər gün bir deputat kimi tənqid edirlər və bu, yaxşıdır, çünki bu, mənim daha yaxşı çalışmağıma bir səbəb olur. Amma Gürcüstan iqtidarı yaxşıya doğru getmək istəmir, sadəcə ölkənin gələcəyini məhv etmək istəyir, amma xalq rus həyat tərzini bəyənmir, avropalı həyat tərzini bəyənir və ona görə buradadırlar. Ona görə də müstəqil jurnalistlər, müstəqil siyasətçilər, vətəndaş cəmiyyəti fəalları küçədəki insanlarla birlikdə azadlıq və demokratiya uğrunda mübarizə aparırlar. Mən Gürcüstanın bu rejimlə Avropa yoluna qayıtmaq şansını görmürəm”, - deyə Mixail Rot bildirib. O həmçinin qeyd edib ki, Gürcüstanda baş verənlərdən dolayı, Donald Trampın Bidzina İvanişvilini dəstəkləyəcəyi gözləntiləri əsassızdır.
Xatırladaq ki, Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixail Rot Gürcüstanda səfərdədir. O, müxalifət nümayəndələri ilə görüş keçirib və ölkədəki vəziyyətlə bağlı müzakirələr aparıb.