Bu gün səhər saatlarında “Şimal axını 1” boru kəməri ilə Rusiyadan Almaniyaya qaz nəqli tamamilə dayandırılıb.
“Şimal axını” ilə Rusiya qazını qəbul edən Almaniyanın “Nel” və “Opal” qaz kəmərlərinin operatorlarının verdiyi məlumata görə, gecə saatlarında Almaniyanın şimalındakı Qreyfsvalddakı qəbul məntəqəsində qazın fiziki axını birinci halda tamamilə dayanıb, ikincidə bir neçə dəfə azalıb.
***
Qaz ötürmə operatorları olan OPAL Gastransport və NEL Gastransport-un məlumatına görə, dayandırma texniki xidmət işləri ilə əlaqədardır.
Texniki işlər avqustun 31-i Moskva vaxtı ilə saat 04:00-dan başlayıb və 3 sentyabr saat 04:00-a qədər davam edəcək.
“Qazprom” əvvəldən bildirib ki, Siemens-in texniki sənədlərinə uyğun olaraq, hər 1000 saatdan bir aqreqatın texniki xidmətini həyata keçirmək lazımdır.
Yaxın günlərdə yeganə işləyən “Trent 60” qaz kompressor aqreqatında cari təmir işləri aparılacaq və bundan sonra qazın nəqli sutkada 33 milyon kubmetr səviyyəsinə çatdırılacaq.
Xatırladaq ki, bir müddət əvvəl də “Qazprom” qazın nəqlini 3 gün müddətinə dayandırmışdı.
Portovaya kompressor stansiyasında aqreqatın texniki xidmətə verilməsi və Rusiya Federasiyasından Avropaya qaz nəqlinin üç gün müddətinə dayandırılması ilə qiymətlər dərhal 7% artaraq, min kubmetr üçün 2800 dollara yüksəldi. Və bu artım hər gün yüksəlməkdə davam etməkdə idi. Avqustun 26-da isə Avropada qaz fyuçerslərinin qiymətləri mart ayından bəri ilk dəfə olaraq min kubmetr üçün 3500 dolları ötmüşdü.
Lakin avqustun 29-da "mavi yanacağ”ın qiyməti yenidən ucuzlaşmağa başlamış, ötən gün isə Hollandiyadakı TTF qovşağında sentyabr fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 2539 dollara (MVt/saat üçün 245 avro) düşmüşdü.
Artıq “Qazprom”un “Şimal axını 1” qaz kəmərinin dayandırılması ilə bağlı xəbərdarlığından sonra Avropada qazın spot qiyməti min kubmetr üçün 3300 dollardan yuxarıya yüksəlib...
***
Qeyd edək ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen isə tvitter hesabında bildirib ki, Avropa İttifaqı səviyyəsində biz mənbələri şaxələndiririk, enerjiyə qənaət edirik - qaz anbarımız artıq 80% doludur.
Y.MƏMMƏDLİ