Şikayətçi Ələsgər Kərimov: “Evləri tələsik şəkildə sökməkdə məqsədləri var: tutaq ki, mənim evim 100 kvadratdır, gedib notariusda 120-150 kvadrat yazdırırlar. Gəlib tez həmin evi sökürlər ki, izi itirsinlər...”

"Təzadlar" qəzeti redaksiyasına Bakı şəhəri Yasamal rayonunun İsmayıl bəy Qutqaşınlı, Yunus Dağlı, Qədirli, Sultanov, Əjdər Xanbabayev və Mərdanov qardaşları küçələrinin bir qrup sakini tərəfindən şikayət məktubu daxil olub.

Şikayətçilər məskunlaşma dövrü yüz ildən çox tarixə dayanan, onlara babalarından miras qalan evlərinin sökülməsi ilə bağlı əllərində heç bir hüquqi sənəd olmadan 64 saylı Mənzil İstismar Sahəsinin əməkdaşları və “Kristal Abşeron” MTK-nın nümayəndələri tərəfindən ərazidə yaşayış evlərinin satın alınması və dağıdılaraq xarabazara çevrilməsi səbəbindən uzun müddətdir həyatlarının cəhənnəmə çevrildiyini bildirirlər. Onların üz tutmadığı qurum, idarə, döymədikləri qapı qalmayıb: məsələ artıq dalana dirənib və 2 ildir əksəriyyətinin yaşlı insanlar olduğu sakinlər çarəsiz durumdadırlar. Əlləri hər yerdən üzülən sakinlər dərdlərini mətbuat vasitəsilə əlaqədar qurumlara, aidiyyəti şəxslərə və ölkə rəhbərliyinə çatdırmaq istəyirlər.

Elə biz də şikayətçilərin səsini lazımi ünvanlara  çatdırmaqdan və baş verənləri gözlərimizlə görməkdən ötrü sözügedən ərazidə olduq: şikayətçi sakinlərin bir qrupu ilə görüşdük, onları dinlədik, eyni zamanda videoçəkiliş apardıq (https://www.youtube.com/watch?v=Xwr8n0o8BIA&t=923s ).

kris-mus2


...Əraziyə daxil olduqda doğrudan da dəhşətə gəlirsən. İnanmaq olmur ki, şəhərin tərtəmiz və möhtəşəm mənzərəsinin bir addımlığında belə xarabazara çevrilmiş küçələr, məhəllələr mövcuddur... Foto və videogörüntülərdən də bəllidir ki, qeyd edilən ərazi, sanki müharibə meydançasını xatırladır: uzaqdan atılmış raket zərbələri nəticəsində yarısı yıxılmış, yarısı uçmaq üzrə olan və bu hücumdan sağ çıxmış yaşayış evləri...  İlk baxışdan təəssürat bu şəkildədir.


***

...Şikayətçi sakinlər bildirdilər ki, burada yaşayan bir çox evin sahibi 64 saylı Mənzil İstismar Sahəsinin və “Kristal Abşeron” tikinti şirkətinin nümayəndələri tərəfindən olan təzyiq və təsir əsasında məcburən təklif edilən məbləğlə razılaşmalı olublar və evlərini satıblar. Bir çoxu isə dağıntıya - bu şəraitə dözməyərək məcburiyyətdən ev-eşiyini satıb köçəsi olub (Hətta köçüb gedən sakinlərdən Əli adlı şəxs evinin hər tərəfi söküldüyü və dağıntının ortasında qaldığı üçün məcburiyyətdən evini satdığını etiraf etdi - RED.). 

Beləliklə, sakinlərin adlarını çəkdikləri şirkət və mənzil istismar idarəsi satın aldıqları evləri uçuraraq dağıdıb, ərazini siçan-siçovul yuvasına çeviriblər. Yəni, ərazidə yaşamağa davam edən sakinlərin xahişlərinə baxmayaraq, uçurub dağıtdıqları evlərin daş-kəsəyini, zir-zibili daşıyıb aparmayıblar. Söküntünü həyata keçirənlər yaşayış olan evlərin bir çoxunun divarlarını da çatladıblar, zədə yetiriblər. Köçüb gedən insanların köhnə məişət əşyalarını atıb getmələri isə əraziyə daha da “rəng” qatıb və uçurulmuş daşa, torpağa qarışaraq təpəciklər yaradıb...

kris-mus

Sakinlər vəziyyətin bu həddə çatdırılmasını, onlara əzab-əziyyət verilməsinin səbəbini evlərini ucuz qiymətə satmağa razılaşmamaqda görürlər. Onlar bu şəraiti, yaxud şəraitsizliyi bezdirilərək evlərini satmağa məcbur edilmək üçün şirkət və mənzil istismar sahəsinin əməkdaşları tərəfindən planlaşdırıldığını iddia edirlər.

 kristal-yeni

Əslində, bu böyüklükdə ərazidə hansısa tikinti işi apamaq üçün bütün ev sahibləri ilə eyni zamanda razılığa gəlinməli idi. Çünki ərazidə sökülən evlərlə sökülməyən evlərin qonşuluqda, hətta divar-divara yerləşməsi hər hansı bir tikinti aparmağa imkan vermir. Şikayətçilər isə yaşadıqları əraziyə uyğun kompensasiya verilməyənədək evlərini tərk etməyəcəklərini bildirirlər.

vekil

"...Zülfəli İsmayılovun dünyagörüşünə görə, bu mənzərə abadlaşdırma deməkdir?!"

 

Şikayətçilərin səlahiyyətli nümayəndəsi, vəkil Fuad Kərimov: “2022-ci ilin sentyabr ayından etibarən bu ərazidə yaşayan sakinləri bir-bir 64 saylı Mənzil İstismar Sahəsinə dəvət etməyə başladılar. Və şifahi formada bildirildi ki, guya bizim evlərin yerləşdiyi ərazidə hansısa park salınacaq. Təklif olundu ki, mənzilin hər kvadratmetrinə 2200 manat pulunuzu alın, köçüb gedin! Mən özüm vəkil-hüquqşünas olduğuma görə, həm də buranın bir sakini kimi onların komissiya üzvlərindən olan Bakı şəhəri İcra Hakimiyyətinin nəzarət-təftiş şöbəsinin müdiri Zülfəli İsmayılovdan xahiş etdim ki, əgər belə bir qərar, sərəncam varsa, surətini mənə təqdim etsin, yəni şifahi verdikləri məlumatın sənədi ilə tanış olaq. Həm də bilək ki, biz kiminlə müqavilə bağlayırıq... Ondan sonra digər məsələləri danışarıq. Zülfəli müəllim bildirdi ki, narahat olmayın, nə sənəd istəsəniz bu yaxınlarda verəcəyik. Dedim, nə vaxt verərsiniz, onda da danışarıq... O vaxtdan 2 il keçib, amma bizə heç bir sənəd verilməyib. Sərəncamsız evləri alıb dağıtmağa başladılar. Hazırda bu ərazidə təxminən 50-60 ailə yaşayır. Lakin buna baxmayaraq, ətrafı söküb-dağıdıb belə bir xarabazara çeviriblər. Mən bunu terror adlandırardım. İstəyirlər ki, camaatı bezdirib evlərindən çıxaralar. Ən dəhşətlisi budur ki, bu yaxınlarda Bakıda beynəlxalq tədbir - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29)  keçiriləcək və  paytaxtın mərkəzində isə belə bir söküntü-dağıntı həyata keçirilir. İnsanlar incidilir.

Deyilənə görə, bu tədbirə dünyanın bir çox liderləri, deputatlar, parlament sədrləri, QHT rəhbərləri, bir sözlə, 70 mindən çox xarici qonaq gələcək. Kim zəmanət verə bilər ki, onlardan kimsə bu mənzərəni görməyəcək? Bura düz şəhərin mərkəzidir. Buradan 40 pilləkənlə düşəndə Bakı şəhər İH-ə, İçərişəhər metrostansiyasına 10 dəqiqəyə piyada getmək olur. Burada iki yol vardı: ya sakinlər hamısı köçməli idi, sonra söküntü aparılmalıydı, ya da sökmüsənsə, zir-zibili də  daşıyıb apar: abadlaşdır, ağac ək, yaşıllıq sal! Mən şəxsən bu ərazidə yerləşən evlərin torpaq sahələrinin dövlət və ya ictimai ehtiyaclar üçün satın alınması, ayrılması barədə icra hakimiyyəti orqanının qərarını, sərəncamını - əgər varsa, təqdim etməsi ilə bağlı Bakı şəhər İH-nə vəkil sorğusu verdim. Zülfəli İsmayılovdan cavab gəldi ki, “...Bakı şəhərinin ayrı-ayrı hissələrində qanunvericiliyin tələbləri gözlənilməklə sağlam yaşayış, iş və istirahət şəraitinin yaradılması, həmin ərazidə yaşayan və ya işləyən insanların təhlükəsizliyinin təmin edilməsi, müvafiq ərazinin və həmin ərazidə yerləşən tikinti obyektlərinin və onların ayrı-ayrı hissələrinin fasadlarının zahiri görkəminin yaxşılaşdırılması, habelə bununla bağlı mövcud şəraitin daha da yaxşılaşdırılması məqsədi daşıyan abadlaşdırma tədbirləri həyata keçirilməkdədir”.

Belə çıxır ki, Zülfəli İsmayılovun dünyagörüşünə görə, bu mənzərə abadlaşdırma deməkdir?! Həmçinin ərazi Yasamal rayonunda yerləşdiyi üçün Yasamal RİH-ə də sorğu göndərmişəm. Başçının müavini Hüseyn Əfəndiyev cavab məktubunda yazır ki, “....Bakı şəhərinin Baş planına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi altında qeyd edilən ərazidə abadlıq və yenidənqurma işlərinin aparılması məqsədilə mövcud tikililərin ölçülməsi, qiymətləndirilməsi və sakinlərin köçürülməsi işləri aparılır”. Bunlar qiymətləndirmədən danışır: Hazırda bu ərazidə yaşayanlara təklif etdikəri qiymət, yəni 2200 manat sakinləri ələ salmaqdır. Niyə? Çünki qonşuluqda yeni tikilən hündürmərtəbəli binalarda əvvəllər təmirsiz mənzili kvadratmetri 3000 manata tapa bilərdiniz, amma indi 3500 manata belə tapa bilməzsiniz. Camaatın təmirli mənzilini 2200 manatdan alıb, deyirlər ki, gedin özünüzə mənzil alın! Düşünürlər ki, dedikləri pul ilə ev almaq olar. Elə isə bu ərazinin 400-500 metr radiusunda normal təmirli mənzillər təklif etsinlər. Bunu da etmirlər. Deyirlər ki, nə veririk, almalısan və burdan köçüb getməlisən. Beləliklə, insanların mülkiyyət, onların öz əmlaklarından istifadə və sahiblik etmək, təhlükəsiz şəraitdə yaşamaq hüquqları pozulur. Və onlara belə qanunsuz vasitələrlə təsir göstərirlər”.

sened-kristal

 

“Şəxsən mən ölsəm də,evimdən çıxan deyiləm!!!”

elesger-kristal

 Şikayətçi Ələsgər Kərimov: “Mən İsmayıl bəy Qutqaşınlı küçəsindəki 14 nömrəli həyətdə yaşayıram. Özüm müəlliməm. Bu məhəllədə anadan olmuşam - 62 ildir ki, burada yaşayıram. Atam, babam da vaxtilə burada yaşayıb, burada dünyalarını dəyişiblər. Kupçam var və şəxsi həyətimdir. Məhəlləmizdən baxdıqda şəhərin bütün mənzərəsi görünür. Bura paytaxtın ən yaxşı ərazilərindən biridir. İndi evlərimizin hər kvadratına 2200 manat ödəməklə bizi buradan köçürmək istəyirlər. Ərazinin “JEK”-i araçılıq edir: camaatı aldadır, güclə ev-eşiklərindən çıxmağa təhrik edirlər. Sökəndə isə digər qonşunun evinə ziyan vururlar. Mənim də qonşumun evinə ziyan dəyib. Bir neçə gün öncə qonşumun evini sökürdülər, gördüm ki, evimin arxasını dağıdıb tökəcəklər, tez 102-yə zəng vurdum. Polis gələnə qədər söküntü aparanlar qaçıb getdilər. Yəni, polis çağırmasaydım, yəqin ki, evimə ziyan dəyəcəkdi. Şəxsən mənə pul lazım deyil: ailəli iki oğlum var və bir də öz ailəm. 3 ev düşür mənə, hətta 2 dənə üçotaqlı mənzil versələr, razılaşaram.

Evlərimizin yerində bina tiksələr burada, tikməsələr qonşuluqda tikilən binalarda boş mənzillər var, versinlər. Şəxsən mən ölsəm də, evimdən çıxan deyiləm! Tələb edirəm ki, bu ərazidə mənə ev versinlər. Bunu “JEK”-in rəisinə də demişəm. Bunlar ortaya düşüb dəllallıq edirlər. “Kristal Abşeron” tikinti şirkəti isə bunların arxasında gizlənir. Məhəlləyə nəzarətçi də qoyublar ki, birdən kimsə daş-qum gətirər, nəsə tikər, zədə almış evini təmir edər... Hətta nəzarət üçün kamera da quraşdırılıb. Həmin nəzarətçidən soruşanda ki, hansı şirkətdən gəlmisən, bildirir ki, mən “Kristal Abşeron”dan gəlmişəm. Əgər bura nəzarəti “Kristal Abşeron” tikinti şirkəti edirsə, özləri də gəlsinlər camaatla razılaşsınlar, halallaşsınlar. Özlərinə də bildirmişəm ki, burada park salınacaqsa, mənə sənəd göstərin. Bəzən də “JEK” rəhbəri və digərləri yüksək səviyyəli insanların adlarını çəkirlər ki, buranı onlar götürüb... Deyirəm ki, adını çəkdiyiniz şəxslər buranı alıbsa, mənim canım da onlara qurbandı. Pul da istəmirəm. Amma bilirəm ki, həmin şəxslərin bu məsələdən heç xəbərləri də yoxdur. Sadəcə olaraq bu şəxslər onların adın verərək sakinləri susdurub, öz maraqlarını asanlıqla həyata keçirmək istəyirlər. Onlar, hətta vergidən də yayınırlar. Evini satın aldıqları vətəndaşları aparırlar notariusa və alqı-satqını təsdiqlədirlər. Sonra gəlirlər MİS-də pulu nağd şəkildə verirlər həmin şəxsə. Bu isə qanunaziddir, cinayətdir... Dövlət bunu alırsa, ödəniş də bank vasitəsilə həyata keçirilməlidir (Qeyd edək ki, Azərbaycanda çıxarışlı mənzillərin alqı-satqısı notarial qaydada rəsmilləşdirilir. Bu növ alqı-satqı zamanı daşınmaz əmlakı alan şəxs notarial qaydada sənədlər yoxlanıldıqdan sonra ödənişi ona verilən hesab nömrəsinə edir və əmlakı satan da həmin hesab nömrəsi üzərindən öz vəsaitini nağdlaşdırır - RED.). Evləri tələsik şəkildə sökməkdə məqsədləri var: tutaq ki, mənim evim 100 kvadratdır, gedib notariusda 120-150 kvadrat yazdırırlar. Gəlib tez həmin evi sökürlər ki, izi itirsinlər. Burdan da özlərinə pul mənimsəyirlər”.

shikayetcier

"Ayaqyolularını söküblər, üfunətdən evimizə keçə bilmirik."

 

Şikayətçi Ələkbər Abdullayev: “Ailəmlə Yunus Dağlı küçəsi 15-də yaşayıram. Bizdə də vəziyyət çox pisdi. Evimin hər tərəfində söküntü aparılıb, ev bünövrədən tərpədilib. Ayaqyolularını söküblər, üfunətdən evimizə keçə bilmirik. Acıqca belə şəraitsizlik yaradırlar, dağıtdıqlarını da daşımırlar ki, bezək, qarşıdurma yaratmağa çalışırlar, amma mən köçən deyiləm. Kubinkada hər kvadrata 4 min, başqa yerdə 5-6 min pul verilir, bizdə 2200 manat.  Bura Sabunçudur məgər? Şəhərin ən gözəl yeri: Sabunçuda da 2000 manat, burda da?!”.

 

"Bizi iki ildir ki, sanki Eldar Əzizovun bu şəxsləri girovluqda saxlayırlar: nə məbləği artırırlar, nə ev verirlər...” 

Şikayətçi Firdovsi Həsənzadə: “Konstitusiyamızın 29-cu maddəsində göstərilib ki, vətəndaşın şəxsi əmlakını almaq üçün ilk növbədə rəsmi şəkildə bildiriş, varsa - qərar təqdim edilməlidir. Daha sonra mülk sahibinə orada görüləcək işlərin təyinatı, sonda isə məbləği bildirilməlidir. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 4-cü bəndində qeyd edilib ki, vətəndaşla öncədən qiyməti razılaşdırmaq lazımdır. Hətta yazılır ki, dövlət ehtiyacları üçün satın alınsa belə, ev sahibi ilə razılaşdırılmalıdır. Razılaşma olduqdan sonra mülk sahibi evindən çıxa bilər. Nazirlər Kabinetinin mövcud qərarında da qeyd edilir ki, vətəndaşlar ya 500 metr radiusda hazır mənzillə təmin edilməlidir, ya da yaşadığı ərazinin qiymətinə uyğun kompensasiya ödənilməlidir. Alqı-satqı müqaviləsini isə yaxınlıqdakı 19 saylı Notarial Kontoru vasitəsilə həyata keçirirlər. Həmin notarial kontoru bunlarla əlbir olaraq normalda arxivə göndərilməli olan alqı-satqı müqaviləsini yenidən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri 1 saylı Ərazi İdarəsinə göndərirlər. Bakı şəhəri 1 saylı Ərazi İdarəsi isə həmin sökülmüş mənzilə yeni çıxarış verir. Yeni çıxarışda öz ad və soyadları ilə - “Kristal Abşeron”un nümayəndələrinin və bizə məlum olmayan şəxslərin adları qeyd edilir. Ola bilsin ki, həmin şəxslər də onların ya ailə üzvləridir, ya da digər iş yoldaşlarıdır. Bu, o niyyətlə edilir ki, sabah buranın əsl sahibi kimdir -  maliyyəçisi kimdirsə, həmin şəxsdən öz adlarına pul alsınlar. Bu yolla həm vergidən yayınırlar, həm evlər ikinci dəfə satılır, həm də çirkli pulların yuyulmasını həyata keçirirlər. Əlimizdə həmin sənədlər də var. ASAN Xidmətin işçisi bildirir ki, çıxarışda yeni ünvan qeyd edilib. Baxırıq ki, Yunus Dağlı küçəsi artıq giriş 31 kimi qeyd edilib.... Bu ərazini sökməyə başlayanda camaata deyirdilər ki, guya Çəmbərəkənd parkının davamı salınacaq. Amma bu ağlabatan deyil deyə, inanmadıq. Məsələn, bir neçə il öncə  keçmiş “Sovetski”də gəldilər camaata Nazirlər Kabinetinin qərarını göstərdilər, hətta divarlara vurdular həmin qərarı. Camaat da əmin oldu ki, doğrudan da burada park salınacaq. Bizi iki ildir ki, sanki bu şəxslər girovluqda saxlayırlar: nə məbləği artırırlar, nə ev verirlər. Ətraf da ki, göz önündə - bizi belə bir şəraitdə yaşamağa məcbur edirlər. Bunların bir metodu var: sökəndə elə edirlər ki, hardasa su kranını zədələsinlər - su axaraq ərazidə şəraitsizlik yaratsın, yaxud qaz boruları zədə alsın...

Bilirsiniz ki, bu evlərin əksəriyyəti çoxdan tikilib, köhnə tikinti materiallarıdı, həm də bir-birinə bitişikdi. Ehtiyatsızlıqdan bir kibrit çəkilsə, hamısı alışıb yana bilər. Ona görə də FHN-ə müraciət etdim. Onlar da sağ olsunlar, gəlib baxdılar və icra hakimiyyətinə məktub yazdılar.

Onu da deyim ki, evləri sökəndə damdan-dama ölçməlidir. Bunlar isə otaqların içərisindən ölçürlər. Axı onlar bizim mənzilimizi almırlar, evimizin altındakı torpağı da, həyətimizi də alırlar. İnsanları bu duruma salanların əməlləri Prezident İlham Əliyevə çatdırılsa, mən bilirəm ki, onlar cəzalandırılacaqlar, həm də ciddi şəkildə. Şəxsən uzun illər bundan əvvəl özümlə bağlı bir problemi Prezidentimiz öz nəzarətinə götürdü və həmin məsələ öz müsbət həllini tapdı”.

“Hələ bizə “qaramaskalılar”la hədə-qorxu gəlirlər... Nədən qorxacam mən?! Bir canım var, onu da Allah alacaq.”

 anaxanm

Şikayətçi Anaxanım Quliyeva: “Mənim hazırda evimin divarına bitişik olan qonşunun evi sökülüb dağıdılıb. Biz də bu daş-torpağın yanında yaşamaq məcburiyyətində qalmışıq. Qonşunun evi söküləndə mənim də evimin divarı zədələnib. Payız gəlir. Yağış, qar yağanda bütün sular evimə axıb gələcək. Vəziyyətimiz çox ağırdır. Uşaqlar bu zibillikdə çıxıb oynaya da bilmirlər. Hər tərəf daş, qum, məftil, mismar...”.

shikayetci-qadinlar

"Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "

 Şikayətçi Fəridə Məmmədova: “Biz uzun illərdir bu məhəllədə yaşayırıq. Mənim də evimin sağı-solu sökülüb. İki-üç adam qalıb orada. Hər tərəf siçan-siçovulla doludu, antisanitariya baş alıb gedir. Yayın istisində toz qalxır, nəfəs almaq olmur. Tez-tez suyumuzu kəsirlər, işığı zəif verirlər... Mənə deyirlər ki, gedənlər gedib, gəl, danışaq. Deyirəm, necə razılaşım 2200 manat məbləğlə?! Buranın yaxınlığında camaata 4000-4500 manatdan pulunu verib köçürdülər. Binanı da tikiblər. Xeyirli olsun! “Xozeyin” kimdirsə gəlib özü çıxsın ortaya. Göstərsin sərəncamı, qərarı! Məhkəməyə də vermişik. İştirak da etmişəm. Əllərində heç bir sənəd yoxdur: göstərə bilmirlər. O gün “Baksovet”dən gələn vardı. Deyir ki, abadlıq işləri aparılır. Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? Mənim 35 kvadratlıq evim var. Köklü bakılıyam. Özüm də 74 yaşındayam. Sağlamlıq problemim var - yeriyə bilmirəm. Bu yaşımda harada gedib yaşamalıyam? Bildiyimə görə, bizə təklif edilən məbləğdən artıq pul alıb köçənlər də var. Axırıncı dəfə “pasportistkamız” var, mənə dedi ki, Fəridə xanım, köçmək fikrin yoxdu? Dedim, var! Dedi, gəl ora, danışaq. Deyirəm, ev alan sənsən, sən gəl danışaq: Yasamalda 1 otaqlı ev 130 mindir. Heç olmasa 100 min verin, mən gedim ev alıb yaşayım.  Evlər bahalaşıb. Lazım olan məbləği verin ki, camaat da yaxınlıqda evini alıb yaşaya bilsin. Bəs evi verib, gedib küçədə qalaq? Vətəndaşları bilərəkdən hökumətdən narazı salmağa çalışanlar var”.

Şikayətçi Safura Eyvazova: “Bizim evimizin də hər tərəfi sökülüb. Evdə siçanlar gəzişir. Hara gedim? Bir övladım var. Hamımız eyni dərddəyik. Yaşadığım ərazidəki qiymətlərə uyğun kompensasiyam verilməyənə kimi evimdən çıxan deyiləm”.

***

Qeyd edək ki, şikayətçilər arasında Qədirli küçəsi 11 ünvanında qeydiyyatda olan Avdalimova (Məhərrəmova) Nailə Fərrux qızı Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun - “Fred Asif”in qardaşı, birinci Qarabağ müharibəsinin qazisi Ədalət Məhərrəmovun həyat yoldaşıdır. Onların bildirdiyinə görə, 28 kv.metr ərazisi olan mənzillərinə cəmi 34 min manat pul təklif ediblər, hansı ki, bu məbləğə həmin ərazidə 1 otaqlı ev almaq belə qeyri-mümkündür.  

***

...Artıq qarşıdan soyuq aylar gəlir. Payız qapını döyüb. Bir müddət sonra dağıdılaraq yerlə-yeksan edilmiş evlərin qonşuluğunda yaşayan bu sakinlər səkiyə, qapı-bacaya, yola axacaq palçıqlı qar, yağış suyu ilə üz-üzə qalacaqlar. Onların bəziləri evlərinin divarı çatlamış, uçmuş yerlərindən qar və yağış sularının evə dolacağından, damlarının başlarına uçacağından narahatdırlar. 

Yasəmən MƏMMƏDLİ

P.S. Qeyd edək ki, “Təzadlar”ın rəhbərliyi sakinlərin problemləri ilə bağlı Prezident Administrasiyasına, Baş Prokurorluğa, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Bakı şəhər İH-ə rəsmi şəkildə məktublar göndərdi. Eyni zamanda, əməkdaşlarımız şikayətçi sakinlərin bir qrupu ilə Bakı Şəhər İH-də oldular. Qəbul şöbəsində İH nümayəndəsi Hüseyn Dadaşov sakinləri dinləyib, onların şəxsiyyət vəsiqələrini kompüterdə qeydə alıb. Hüseyn Dadaşov şikayətçilərin yanında Bakı Şəhər İH-i tərəfindən həmin əraziyə cavabdeh şəxs kimi təyin edilmiş Zülfəli İsmayılovla telefon əlaqəsi saxlayıb. Zülfəli İsmayılov da öz növbəsində söz verib ki, ekspert qiymətləndirmə şöbəsinin müdiri İlham Bağırovla birlikdə sakinləri qəbul edəcək. Lakin səhəri gün şikayətçilər və qəzetimizin əməkdaşı deyilən ünvana – İlham Bağırovun ofisinə gəlsələr də adı çəkilən səlahiyyətli şəxslər qəbula gəlmədilər… Lakin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri müraciətimizdən sonra həmin ərazidə olublar və şikayətçilərdən Firdovsi Həsənzadə ilə görüşüblər. Ərazidəki dağıntıların fotoçəkilişini, şikayətçinin audioçəkilişini ediblər. Və nəticəsi barədə məlumat verəcəklərini bildiriblər.

 

sokuntu3

sokuntu4

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN