Bu gün Bakı Biznes Mərkəzində “Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda konfrans düzənləndi...

Konfransın işində iştirak edən "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili bildirdi ki, təxminən iki saata yaxın davam edən konfransda Mətbuat Şurası İdarə Heyətinin üzvləri, Medianın İnkişafı Agentliyinin rəhbərliyi, media subyektlərinin baş redaktorları iştirak edirdilər:

-Qeyd edim ki, Konfrans vacib mövzuya həsr edilmişdi və Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilirdi. Mətbuat Şurasının sədri Rəşad Məcid, Prezident Administrasiyasının sektor müdiri Elmir Vəlizadə və Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov mövzu ilə bağlı çıxış etdilər. Natiqlərin çıxışlarında Prezident İlham Əliyevin bir sıra beynəlxalq dairələrin ölkəmizə qarşı informasiya və ideoloji müharibə apardıqlarına dair fikirlərini xatırladaraq qeyd etdilər ki, jurnalistlər bu kimi çağırışlara, ölkəmizdəki sabitliyi və əmin-amanlığı pozmağa hesablanmış informasiya diversiyalarına adekvat yanaşmalı, hər zaman peşəkarlığı və həssaslığı əsas tutaraq çevik fəaliyyət göstərməlidirlər...

1-b

Xatırladırıq ki, Konfransın proqramına uyğun olaraq MŞ sədrinin müavini, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu Azərbaycana qarşı aparılan informasiya müharibəsi və cəmiyyətin informasiya təhlükəsizliyinin təmin edilməsində medianın rolu mövzusunda, MŞ İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli dezinformasiya ilə mübarizədə tətbiq edilən mexanizmlər, inzibati və hüquqi modellər barədə, MŞ İdarə Heyətinin üzvləri Fərid Pərdəşünas Azərbaycan mediasının rəqəmsal transformasiyası şəraitindəki üstünlüklər və çatışmazlıqlar, Hacıbəy Heydərli isə sosial media ilə rəqabətdə mediadan gözləntilər mövzusu ətrafında çıxış ediblər. Konfransın işində, eləcə də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin doktorantları Nurşərəf Tağıyevanın və Sünbül Zalovanın Azərbaycan mediasında beynəlxalq jurnalistika trendlərinin tətbiqi və s. barədə müəllif təqdimatları diqqətə çatdırılıb. Sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb. Yekunda Azərbaycan Mətbuat Şurasının media subyektlərinə tövsiyələri açıqlanıb.

 Tövsiyələrdə “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na riayət olunmasının, yeni medianın operativlik, sərhədsizlik, interaktivlik və sair kimi üstünlükləri nəzərə alınaraq, informasiya istehsalının daha da gücləndirilməsinin, dünyada gedən müasir texnoloji inkişafa uyğunlaşmağın və beynəlxalq jurnalistikadakı, xüsusilə Qərb jurnalistikasındakı yeni trend və tendensiyaların mənimsənilməsinin, dövlətin və cəmiyyətin maraq və mənafelərindən irəli gələn, onların uzlaşdırılmasına xidmət edən materialların sayının çoxaldılmasının və keyfiyyətinin yüksəldilməsinin, Azərbaycan dövlət dilinin normalarına əməl edilməsinin, əsasən proqramlar vasitəsilə hazırlanan tərcümə materiallarının keyfiyyətinə diqqətin artırılmasının vacibliyi bildirilib.

  Tövsiyələrdə, həmçinin sosial şəbəkələrdə yayımlanan materialların həqiqətə uyğunluğunun, səhihliyinin ciddi yoxlanılmasının, jurnalistlərin mövcud sahədəki manipulyasiyalara həssas yanaşmalarının, xüsusən yeni texnologiyaların, süni intellekt sistemlərinin dezinformasiya yayımında vasitə olduğunun nəzərə alınmasının zəruriliyi vurğulanıb. Bildirilib ki, media təmsilçiləri məzmun yaradıcılığında yeni texnologiyalardan, o cümlədən süni intellekt proqramlarından asılı duruma düşməməli, milli maraqların qorunması üçün ölkədə vahid və güclü ictimai rəy formalaşdırmalı, beynəlxalq media ilə əməkdaşlığa can atmalı, Azərbaycanın mövqelərini müdafiə edən məqalələrin və reportajların hazırlanmasına səy göstərməli, dünyada gedən aşkar informasiya müharibəsi şəraitində təcrübə mübadiləsinə üstünlük verməlidirlər.

Konfrans iştirakçıları konfransın işini yüksək qiymətləndiriblər. Qalır tövsiyyələrin real işdə tətbiqi...

Elçin Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN