Aİ tərəfindən TRACECA-ya artıq texniki dəstək göstərilmir.

Bunu TRACECA-nın Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov bildirib.

 O, qeyd edib ki, TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” proqramı çərçivəsində texniki dəstək proqramlarına uyğun olaraq 20 il ərzində - 2016-cı ilə qədər Avropa İttifaqının (Aİ) və üzv ölkələrin iştirakı ilə nəqliyyat infrastrukturunun qurulmasına 4 milyard avro həcmində investisiya yatırılıb.

Onun sözlərinə görə, stansiyaların, dəmir yolları seqmentinin tikilməsi, limanlarda bərpa işlərinin aparılması və s. üzrə ümumilikdə 148 layihə icra edilib.

“ 2016-cı ildən bu layihələrin icrası dayandırılıb. Aİ tərəfindən TRACECA-ya artıq texniki dəstək göstərilmir. Aİ diqqəti ölkələrlə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində ikitərəfli əməkdaşlıq üzərində cəmləşdirib. TRACECA-nın 2026-cı ilədək müəyyənləşdirilmiş strategiyasında önəm daha çox infrastuktura deyil, qanunvericiliyin uyğunlaşdırılmasına, proseslərin çevikləşdirilməsinə yönəldilib. Hazırda TRACECA çərçivəsində müəyyən prosedurlar, ələlxüsus konteyner daşımaları üzrə ümumiləşdirilmiş sənədlər, tranzit sistemi üzərində çalışırıq. Azərbaycan və Qazaxıstan TRACECA dəhlizi üzrə "Qlobal tranzit sənədi" layihəsinə qoşulmaq niyyətini nümayiş etdirib. Hazırda Türkiyə və Gürcüstandakı həmkarlarımızdan reaksiya gözləyirik”, -deyə Rüfət Bayramov bildirib.

Xatırladaq ki, Avropa İttifaqının TRACECA - “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” proqramı 1993-cü ilin may ayında Qafqaz və Mərkəzi Asiya ölkələrinin ticarət və nəqliyyat nazirlərinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan) iştirakı ilə Brüsseldə keçirilmiş konfransda irəli sürülüb. Konfrans iştirakçıları tərəfindən TRACECA texniki yardım proqramının icrasını nəzərdə tutan Brüssel Bəyannaməsi qəbul edilib.

TRACECA Proqramı Cənubi Qafqaz və Mərkəzi Asiyanın yeni müstəqillik qazanmış dövlətlərinin nəqliyyat infrastrukturunun bərpasına yardım göstərilməsi, Avropa və Asiyanı birləşdirən ən qısa nəqliyyat dəhlizinin yaradılması və bununla regionun Qərbə inteqrasiyası, həmçinin bu dövlətlərin iqtisadiyyatlarının dirçəldilməsinə və inkişafına yönəldilmiş Avropa İttifaqı  proqramlarının reallaşdırılmasına xidmət edən etibarlı nəqliyyat sisteminin qurulması məqsədini daşıyır.

TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyi Bakıda 2001-ci ildə açılıb.

 

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN