Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında
“İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi müzakirə olunub.
İclasda iştirak edən Milli Məclisin deputatı Razi Nurullayev bildirib ki, o, iclasda məşvərətçi səs hüququ ilə iştirak edib, çünki komitələrin üzvü deyil.
Razi Nurullayev iclaslarda məsələnin vacibliyini nəzərə alaraq iştirak etdiyini açıqlayıb. Deputat köhnə avtomobillərin utilizasiya edilməsini dəstəklədiyini bildirib.
Onun sözlərinə görə, 40-50 yaşlı avtomobillər mütləq utilizasiya olunmalıdır.
“Söhbət köhnə avtomobillərin dövlət tərəfindən satın alınması və utilizasiyası (yəni avtomobili alıb ya peçə atıb əridirsən, ya da atırsan bir poliqona) edilməsidir.
Açığını deyək ki, çox mütərəqqi qanundur. Elə avtomobili var 40-50 yaşı var. İndi qanunu gərək elə edək ki, həm dövlət, həm də vətəndaş razı qalsın. Bu gün hörmətli millət vəkilləri də çoxlu faydalı təkliflər irəli sürdülər. İnşallah, hər kəsi razı salan bir qanun layihəsi ortaya çıxar”, - o, deyib.
Qeyd edək ki, ictimaiyyət arasında, sosial şəbəkələrdə yaşı çox olan avtomobillərin utilizasiya edilməsi məsələsi ilə razılaşmayanlar da var.
Bir çoxunn fikrincə, bütün yaşı çox olan avtomobillər utilizasiya edilməməlidir.
“Məsələn, bəzi retro avtomobillər var ki, 50-60 yaşı var və onlar sərvət kimi qorunur. Onları necə utilizasiya etmək olar?” - deyənlər də var.
Təklif olunur ki, avtomobillərin yaşına görə deyil, texniki vəziyyətinə görə dəyərləndirmə aparılsın.
JASMİN