İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS 213:2023 (ДСТУ 4135-2021) “Konfetlər. Ümumi texniki şərtlər”, AZS 439:2023 (ДСТУ 3893-2016) “Karamel. Ümumi texniki şərtlər” və AZS 460:2023 (ДСТУ 4228-2021) “Draje. Ümumi texniki şərtlər” dövlət standartları qəbul edilib.
İnstitutdan verilən məlumata görə, AZS 213:2023 (ДСТУ 4135-2021) “Konfetlər. Ümumi texniki şərtlər” forma və dad baxımından fərqlənən bir və ya bir neçə konfet kütləsindən şəkər və ya şəkər əvəzediciləri əsasında hazırlanmış qənnadı məmulatlarına şamil edilir.
AZS 439:2023 (ДСТУ 3893-2016) “Karamel. Ümumi texniki şərtlər” pərakəndə satış şəbəkəsində satış üçün nəzərdə tutulmuş, müxtəlif forma və dadlı, şəkər siropunun nişasta və ya maltoz şərbəti və ya invert siropu və digər analoji xammal ilə qaynadılması yolu ilə hazırlanmış şəkərli qənnadı məmulatına - karamelə aid edilir.
AZS 460:2023 (ДСТУ 4228-2021) “Draje. Ümumi texniki şərtlər” draje - yuvarlaq və ya digər formalı, kiçik ölçülü, yuvarlanmış örtüklü şəkərli qənnadı məmulatına şamil edilir.
Standartlar “Qida məhsullarının keyfiyyəti və texnologiyası”nın standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 33) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Yeni dövlət standartları qüvvəyə mindiyi tarixdən (23.05.2023) AZS 213-2006 “Konfetlər. Ümumi texniki şərtlər”, AZS 439-2010 “Karamel. Ümumi texniki şərtlər”, AZS 460-2010 “Draje”. Ümumi texniki şərtlər” dövlət standartları qüvvədən düşmüş hesab edilir.
TEZADLAR.AZ